ALMANİYA
Maraqlı

ALMANİYA

Böyük yazıçı və şairlərin, filosofların, mütəfəkkirlərin, musiqiçilərin və bəstəkarların vətəni olan Almaniya Mərkəzi və Qərbi Avropada yerləşir. Avropa Birliyinin ən böyük və zəngin ölkələrindən biri olan Almaniya Federativ Respublikasının (AFR) sərhədlərini Şimal və Baltik dənizlərinin suları yuyur. Şimalda Danimarka, şərqdə Çexiya və Polşa, cənubda Avstriya, İsveçrə, cənub-qərbdə Fransa, qərbdə Belçika, Niderland və Lüksemburq ilə həmsərhəddir. 16 federal əyalətdən ibarət və parlament idarəetmə formasına malik dövlətin paytaxtı Berlin şəhəridir. Əhalisinin ümumi sayı təxminən 83 milyon nəfər olan ölkədə rəsmi dil alman dilidir.

Ümumi daxili məhsulun istehsal göstəricilərinə görə AFR Avropada birinci, dünyada isə ABŞ və Yaponiyadan sonra üçüncü yerdədir. Güclü hərbi potensiala malik, dünya sənaye məhsulları ixrac edən ən böyük dövlətlərdən biri olan Almaniya, Avropa İttifaqı və NATO çərçivəsində Avropa siyasətinin formalaşdırılmasında xüsusi çəkiyə malikdir.

Almaniyada iqtisadiyyat, heyvandarlıq və kənd təsərrüfatı yüksək səviyyədə inkişaf edib. Burada buğda, şəkər, ət, süd istehsalı ölkə tələbatının 90-100 faizini ödəyir. Şimali Almaniya düzənlik olsa da, ölkənin mərkəzi hissəsi əsasən meşəlik təpə və dağətəyi ərazilərdən ibarətdir. Almaniyanın cənub hissəsi dağlıqdır. Burada Alp dağlarının ən yüksək nöqtəsi - Zuqspitze dağı (2962 metr) yerləşir. Ölkənin ən böyük çayı Reyn, Dunay, Elba, Oderdir. Ən böyük göl sahəsi isə 500 kvadratmetrdən çox olan Konstans gölüdür.

Mülayim iqlimin hökm sürdüyü Almaniyada ilin fəsilləri aydın şəkildə fərqlənir. Burada bəzi ekstremal təbiət hadisələri isə (istilik, şiddətli şaxtalar və qasırğalar) çox nadir hallarda baş verir. Ərazinin böyük hissəsi (32 faiz) yarpaqlı və qarışıq meşələrlə örtülü olduğu üçün burada ladin, şam, palıd və fıstıq ağacları üstünlük təşkil edir. Ərazinin quraqlıq hissəsi bataqlıqlarla örtülüdür, dağlarda alp və subalp çəmənliklərinə rast gəlmək olar. Ölkənin yarısı tarlalar və otlaqlardan ibarətdir ki, bu da kənd təsərrüfatı üçün əlverişli şərait yaradır. Almaniyada, əsasən də Reyn vadisinin çox hissəsini üzüm bağları təşkil edir.

Almanlar səliqəli, ciddi, mehriban və nizam-intizamlı xalqdır. Qaydalara sadiq qalmağa çalışan və hər şeyə ciddi yanaşan almanlar bəzən həddindən artıq xırdaçıl olurlar. Bu ölkənin bayram ənənələri bir çox ölkələr tərəfindən qəbul edilib və XX əsrin əvvəllərində alman fəlsəfi ideyaları müxtəlif ölkələrin siyasi təfəkkürünə təsir göstərib. Əsasən orta əsrlərə aid memarlıq abidələri ilə zəngin ölkədə müxtəlif dövrlərdə tanınmış memar və rəssamlar çalışıb. Almaniyanın ən məşhur memarlıq abidələri Nürnberqdəki Kayzerburq, Noyşvanşteyn, Hohenzollern, Haydelberq, Vartburq, Hohenşvanqau qalalarıdır.

Şərqi və Qərbi Avropa yeməklərinin sintezindən ibarət alman mətbəxi regional, qastronomik ənənələri özündə birləşdirir. Almanlar daha çox donuz ətinə, turşu kələm və kartofa üstünlük verirlər. Tipik alman desertləri isə marsipan, alman pryanikləri və s. göstərmək olar. Tərəvəzlərə gəlincə alman mətbəxində tərəvəz quru şorba - püre ilə və ya qaynadılmış formada qarnir kimi təqdim olunur. Ən geniş yayılan tərəvəz kök, ispanaq, noxud, lobya, müxtəlif növ kələm və s. göstərmək olar.

Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biri olan Almaniya 1991-ci il dekabrın 12-də Azərbaycanın müstəqilliyini tanıyan ilk qərb dövləti olmuşdur. 1992-ci il 20 fevralda ölkəmizlə diplomatik münasibət quran Almaniya ilə əlaqələr 1993-cü ilin ikinci yarısında daha da intensiv inkişaf etməyə başladı.

22 dekabr 1995-ci ildə ölkəmizdə səfərdə olan Almaniyanın keçmiş xarici işlər naziri ilə görüşən ulu öndər Heydər Əliyev Almaniyanın Avropa İttifaqı daxilində Azərbaycana köməyini yüksək qiymətləndirmişdir.

1-4 iyul 1996-cı ildə Almaniyanın sabiq prezidenti Roman Hersoqun dəvəti ilə Berlinə səfər edən Ümummilli Lider iki ölkə arasındakı əməkdaşlığın xüsusiyyətlərini geniş şəkildə müzakirə etmişdir. Səfər zamanı Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı və münaqişənin sülh yolu ilə həlli məsələləri əsas müzakirə mövzusu olmuşdur. Həmçinin siyasi, iqtisadi və elmi-texniki sahədə beş müqavilə imzalanmışdır.

Dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan Almaniya Federativ Respublikası Azərbaycanla bütün sahələrdə sıx əməkdaşlıq edir. Hələ 1996-cü ilin iyul ayında AFR-ə səfər edən ulu öndər Heydər Əliyev Azərbaycanla Almaniya arasında iqtisadi münasibətlərin inkişafında mühüm rol oynamışdır. Belə ki, Almaniyanın ən böyük iqtisadi mərkəzi olan Köln şəhərində AFR-in işgüzar dairələrinin nümayəndələri, iri şirkət rəhbərləri və iş adamları ilə görüşən Ümummilli Lider Azərbaycan iqtisadiyyatının potensial imkanlarından bəhs etmiş və alman iş adamlarını Azərbaycana sərmayə qoymağa dəvət etmişdir. Həmin səfər ölkəmizə investisiya qoyuluşlarının və beynəlxalq kreditlərin cəlb edilməsində mühüm rol oynamışdır.

Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü ildə Almaniyaya ilk rəsmi səfəri iki ölkənin əməkdaşlığı üçün böyük potensialın olduğunu bir daha təsdiqləmişdi. Həmin səfər zamanı imzalanan bir sıra sazişlər bu baxımdan ölkələrimiz üçün geniş imkanlar açmışdır.

2007-ci ilin fevralında İlham Əliyevin Almaniyaya növbəti səfəri də ikitərəfli münasibətlərimizi yeni mərhələyə qaldırmış və bir sıra mühüm nəticələrlə yadda qalmışdı. Cənubi Qafqazın lider dövlətinə çevrilmiş ölkəmizlə əməkdaşlığın dərinləşməsinə böyük önəm verən rəsmi Berlin, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərini reallaşdıran Azərbaycanın bütövlükdə Avropanın enerji təhlükəsizliyindəki mühüm rolunu yüksək qiymətləndirmişdi.

4-6 fevral 2010-cu il tarixində Almaniyada növbəti səfərdə olan cənab İlham Əliyev keçmiş Kansler Angela Merkellə görüşmüşdür. Səfər çərçivəsində Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, eləcə də enerji təhlükəsizliyi məsələləri əsas müzakirə mövzularından biri olmuşdur. Xanım Kansler ölkəmizin Avropanın enerji təminatının şaxələndirilməsində, TAP, TANAP kimi nəhəng enerji layihələrinin həyata keçirilməsində, eləcə də "Şərq tərəfdaşlığı" Proqramında mühüm rol oynadığını bildirmişdir.

Prezident İlham Əliyev 6-7 iyun 2016-cı il tarixində Almaniya Federativ Respublikasına işgüzar səfəri zamanı Berlində keçirilən Azərbaycan-Almaniya İqtisadi Forumunda iştirak etmişdir. Ölkə başçımız Forumda çıxışı zamanı iki ölkənin yaxşı tərəfdaş olduqlarını və ölkələrimiz arasında fəal siyasi dialoqun aparıldığını bildirmişdir. Səfər çərçivəsində cənab İlham Əliyevin Angela Merkel ilə görüşü də baş tutmuşdur. Görüşdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki rolu, "Cənub Qaz Dəhlizi"nin bu baxımdan regional əməkdaşlığa, eyni zamanda, Azərbaycan-Avropa İttifaqı iqtisadi əməkdaşlığının genişləndirilməsinə töhfə verdiyi bildirilmişdir. Daha sonra 2018-ci il avqustun 25-də ölkəmizə səfər edən Angela Merkel bəyan etmişdir ki, "Azərbaycan bu regionda Almaniyanın ən böyük ticarət tərəfdaşıdır". Xanım Kansler həmçinin Azərbaycanla həm iqtisadi həm də mədəni sahədə əlaqələrin genişləndirilməsində böyük potensial olduğunu da bəyan etmişdir.

Ölkələrimiz arasında mədəniyyət sahəsində olan əlaqələrimiz XIX əsrin əvvəllərinə təsadüf edir. 2017-ci ildən Bakıda Goethe Mərkəzi, Almaniyada "Berlin-Bakı" Qalereyası fəaliyyət göstərir. Azərbaycan Respublikası xaricdə ilk mədəniyyət ilini 2008-ci ildə məhz Almaniyada keçirib. İki ölkə arasında mədəni əməkdaşlıq haqqında Saziş isə 1995-ci il 22 dekabrında imzalanıb. Həmin Sazişə uyğun olaraq Azərbaycan-Alman qarışıq komissiyası yaradılıb. Paytaxt Berlində və Almaniyanın bir çox şəhərlərində daim Azərbaycan mədəniyyəti təbliğ olunub. Məşhur Drezden Qalereyasında "Azərbaycan müasir incəsənət sərgisi" keçirildiyi zaman tanınmış Azərbaycan rəssamlarının əsərləri nümayiş etdirilib.

İki ölkənin universitetləri və tədqiqat institutları arasında da əməkdaşlıq mövcuddur. Almaniyada təhsil almaq istəyən azərbaycanlı tələbələrə təqaüdlər ayıran və alimlərin mübadiləsini təşviq edən DAAD ölkəmizdə 1997-ci ildən etibarən fəaliyyət göstərir. Almaniya və Azərbaycan universitetləri və tədqiqat institutları arasında elmi-akademik əməkdaşlıq haqqında indiyədək 23 sənəd imzalanmışdır. Həmçinin Berlin Humbolt Universitetində "Azərbaycan tarixi" kafedrası da mövcuddur.

2023-cü il martın 13-14-də Almaniyaya işgüzar səfər edən ölkə başçımızın Kansler Olav Şolts ilə təkbətək və geniş tərkibdə görüşü baş tutmuşdur. Martın 14-ü cənab İlham Əliyevin Berlində Almaniyanın prezidenti Frank Valter Ştaynmayer ilə təkbətək, sonra isə geniş tərkibdə görüşü keçirilmişdir. F.V.Ştaynmayer və İlham Əliyev regional və qlobal gündəmdə duran məsələlər ətrafında fikir mübadiləsi aparmışdır. Səfər zamanı ölkə başçımızın Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü baş tutmuşdur. Həmin görüşdə iqtisadi sahədə, o cümlədən sənaye, nəqliyyat, enerji, kənd təsərrüfatı, təhsil, texnologiyalar sahəsində əməkdaşlığa dair məsələlər müzakirə olunmuşdur.

Ümumilikdə Azərbaycan Prezidenti İlham Əliyev 2015, 2016, 2017, 2020 və 2023-cü ildə Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyada səfərdə olmuşdur. 2024-cü il 16 fevral tarixində isə ölkə başçımız 60-cı Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya yola düşmüşdür. Fevralın 18-də cənab İlham Əliyev konfransın sədri Kriştof Xoysqenlə görüşmüşdür. K.Xosqeyn ölkə başçımıza Münhen Təhlükəsizlik Konfransında iştirakına görə öz təşəkkürünü bildirmiş və COP-29-un Azərbaycanda keçirilməsi münasibətilə təbrik etmişdir. O həmçinin Münxen Təhlükəsizlik Konfransının Katibliyi olaraq Azərbaycanla COP29 çərçivəsində əməkdaşlığa və həmin sessiya zamanı ölkəmizdə birgə tədbirin keçirilməsinə hazır olduğunu vurğulamışdır. Təklif cənab İlham Əliyev tərəfindən məmnunluqla qəbul edilmişdir. Həmin görüşdə həmçinin regional məsələlər, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması da müzakirə olunmuşdur.

Dərin dostluğa əsaslanan Almaniya-Azərbaycan əməkdaşlığı bütün sahələrdə yüksək səviyyədə inkişaf etməkdədir. Əminliklə deyə bilərik ki, həyata keçirilən qarşılıqlı səfərlər və görülən işlər iki ölkə arasında siyasi münasibətləri yüksək səviyyəyə qaldıracaqdır.

Arzu ASİFQIZI,

"Respublika".