Bizə qələbə sevinci yaşadan idmançılarla görüş
Sosial həyat

Bizə qələbə sevinci yaşadan idmançılarla görüş

Bu günlərdə Budapeştdə keçirilən Avropa çempionatında güləşçilərimiz böyük   qələbə qazanaraq bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırıblar. Bildiyimiz kimi, güləş üzrə milli komandalarımız son bir ayda iki Avropa çempionatında ölkəmizi uğurla təmsil ediblər. Bolqarıstanda keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatının ardınca Macarıstanda keçirilmiş böyüklərin Avropa çempionatında da idmançılarımız yüksək nəticələr əldə ediblər. Bu yarışda komandamız ümumilikdə 3 qızıl, 6 gümüş və 7 bürünc medal qazanıb. Həm sərbəst, həm də yunan-Roma güləşi üzrə milli komandalarımız komanda hesabında Avropa çempionu olub. Hər iki komandanın eyni vaxtda Avropa çempionu olması güləş tariximizdə yeni rekorddur.

Prezident İlham Əliyevin aprelin 8-də Macarıstanda keçirilmiş Avropa çempionatında yüksək nəticələr göstərən Azərbaycan millisinin üzvlərini qəbul etməsi güləşçilərimiz üçün böyük stimul oldu. Bu isə öz növbəsində ölkəmizin idman sahəsində tarixi nailiyyətlərinə verilən yüksək dəyərin təzahürüdür.

Avropa çempionatında yüksək nəticələr göstərən Azərbaycan millisinin üzvləri üçqat Dünya və Avropa çempionu Hacı Əliyev, Dünya və ikiqat Avropa çempionu Eldəniz Əzizli redaksiyamızın qonağı oldular.

Tədbiri giriş sözü ilə açan "Respublika" qəzetinin baş redaktoru Hümbət Musayev güləşçilərimizi salamlayaraq güləş komandamızın bütün üzvlərini qazandıqları böyük qələbə münasibətilə təbrik etdi. Bildirdi ki, 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərindən ötən dövr ərzində ölkəmizdə bir çox sahələrdə böyük inkişaf və tarixi zəfər dövrü yaşadıq. Bu gün hamımız bu fəxarətli anlardan böyük qürur hissi ilə danışırıq. Artıq ölkəmizdə digər sahələrdə olduğu kimi, idmanda da böyük nailiyyətlər əldə edilib. Bu isə idmana ölkəmizdə göstərilən diqqət və qayğının nəticəsidir. Bu ilin sonunda Milli Olimpiya Komitəsinin 30 illiyini qeyd edəcəyik. Bu sahədəki nailiyyətlər həm də sübut edir ki, Azərbaycanda idmanın prioritet istiqamət kimi infrastrukturu çox mükəmməl qurulub. Bölgələrdə də  Olimpiya İdman komplekslərinin müasir tələblərə uyğun şəkildə yaradılması, istifadəyə verilməsi sağlam, fiziki və mənəvi cəhətdən yetişmiş böyük bir idmançı ordusu yaratmışdır.

Baş redaktor sözü hamının sevimlisi,  üçqat Dünya və Avropa çempionu Hacı Əliyevə verdi. Özünün və ölkəmizin idman uğurlarından danışan Hacı Əliyev qeyd etdi ki, 2017-ci ildə mən 3-cü dəfə dünya çempionu olduğum zaman cənab Prezidentlə görüşümüzdə ölkə başçımız qeyd etdi ki, 3 dəfə dünya çempionu olmaq Olimpiya çempionu olmağa bərabərdir. Amma budəfəki görüşdə cənab Prezident mənə: "sən artıq Olimpiya çempionusan", - dedi. Mən çalışacam ki, Parisdə keçiriləcək Olimpiya oyunlarında Olimpiya çempionu olum, həm öz arzumu, həm cənab Prezidentin istəyini yerinə yetirim. Sözsüz ki, Olimpiya çempionu olmaq, dövlət başçısı tərəfindən belə sayılıb-seçilmək hər bir idmançı üçün qürurdur. Onu da qeyd edim ki, dövlət başçısının yarışların ən xırda və diqqətçəkən anlarına qədər məlumatlı olması bir daha göstərdi ki, idmanımızla daha çox maraqlanır. Bizim qazandığımız nəticələrin əsasında isə idmançılara dövlət tərəfindən göstərilən diqqət və qayğı dayanır. Arzu edirəm ki, Parisdə keçiriləcək Olimpiya oyunlarında idmançılarımız gözəl nəticələr əldə etsinlər, həm ölkəmizi, həm də ölkə başçımızı sevindirsinlər.

Sonra möhtəşəm qələbənin sevincini bizimlə bölüşən ikiqat Avropa çempionu Eldəniz Əzizli dedi ki, Macarıstanda, bildiyiniz kimi, tək mən yox, bütün komanda yoldaşlarım yaxşı güləşdi. Toplamda 165 xal qazandıq, güləş tarixində ilk dəfə idi ki, Avropa çempionu olduq. Mənim Avropa çempionatında çıxışlarıma gəldikdə isə, deyə bilərəm ki, hər şey yaxşı keçdi, Avropa çempionu oldum. Cənab Prezident ölkəyə qayıdan kimi bizi qəbul edib, uğurlarımızı yüksək qiymətləndirdi. Buna görə dövlət başçısına öz minnətdarlığımızı bildirirəm. Həqiqətən cənab Prezidentin diqqəti, öz tövsiyələrini verməsi bizi gələcək yarışlara daha da həvəsləndirir. Bundan əlavə, noyabrın 5-6-da Bakıda ilk dəfə olaraq yunan-Roma güləşi üzrə Dünya kuboku keçiriləcək. Biz növbəti mərhələyə ora hazırlaşırıq, çalışacağıq ki, o yarışda da çempion olaq.

Səmimi və açıq polemika şəraitində maraqla keçən görüşdə idmançılar qəzetin əməkdaşlarının suallarını cavablandırdılar. İdman yarışlarında keçirdikləri hiss və həyəcanlar və qələbə təəssüratlarını bölüşdülər. Güləşçilərimiz idmanda qazandıqları uğurlardan ətraflı danışaraq dövlət başçısının ölkədə idmanın inkişafına göstərdiyi böyük dəstək, diqqət və qayğıya görə məmnunluqlarını ifadə edib, redaksiya heyətinə səmimi görüşə görə təşəkkürlərini bildirdilər.

Sonda Azərbaycanın fəxri olan güləşçilərə redaksiyanın xüsusi  xatirə hədiyyələri təqdim edildi və birgə foto çəkildi.

Nurəngiz ADİLQIZI,

"Respublika".