Bulaq kimi çağladınız...
Region

Bulaq kimi çağladınız...

İki ildir ki, hər bir azərbaycanlının nəbzi Vətən müharibəsində əldə edilən parlaq qələbənin bəxş etdiyi sevinclə,  qürur və iftixarla döyünür,  şəhidlərin adının əbədiləşdirilməsi, qazilərə və şəhid əmanətlərinə diqqət və qayğının göstərilməsi xalqımızın ən yüksək və ən qiymətli dəyərlərindən birinə çevrilib.  Torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası uğrunda keçirilən döyüş əməliyyatları Azərbaycan əsgərinin, zabitinin Vətən məhəbbətini, savaş əzmini,  sarsılmaz xarakterini nümayiş etdirdi.

Silahlı Qüvvələrimizin qəhrəman şəxsi heyəti düşmənin otuz ildə qurduğu istehkamları, səngərləri, müdafiə xətlərini məhv edərək dağları, yarğanları,  qayalıqları,  keçilməz sədləri aşaraq Ali Baş Komandanın əmrini şərəflə yerinə yetirdi. Əsgər və zabitlərimiz düşmənin başını əzərək torpaqlarımıza,  Qarabağa və Şərqi Zəngəzura fəlakət, dağıntı, səfalət,  qətliam və göz yaşı gətirən cinayətkar hərbi caniləri və onların züy tutanlarını  bu yerlərdən birdəfəlik qovdular. Qəhrəman və igid oğullarımız öz canlarını qurban verərək müqəddəs amal uğrunda, haqq,  ədalət yolunda şəhid oldular. Onlardan biri də İsmayıllı Məhəmmədəlidir. Məhəmmədəli Elxan oğlu 1996-cı il may ayının 6-da Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndində anadan olub. Uşaqlığı doğma kənddə keçib, orta məktəbdə təhsil alıb, gənc yaşlarında vətənpərvərliyi, yurd sevgisi ilə tanınıb.

2020-ci il sentyabrın 27-si səhər saatlarından Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar,  minaatanlar və müxtəlif artilleriya qurğularından intensiv atəşə tutdu.  Ordumuzun bölmələri düşmənin hücumlarının qarşısını almaq,  mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatına başladı. Həmin vaxt yüzlərlə könüllü də döyüşlərə atıldı. Məhəmmədəli də həmin könüllülərin sırasına qoşuldu. Füzuli-Xocavənd istiqamətində gedən ağır döyüş əməliyyatlarında igidlik göstərib, düşmənin canlı qüvvəsinin məhv edilməsində yaxından iştirak edib.  Düz bir ay cəbhədə göstərdiyi çeviklik, cəsarət igid döyüşçünün taleyinə şərəflə yazılıb.  Oktyabrın 26-da Füzuli rayonunun Qaraməmmədli kənd istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmanlıqla həlak olub,  şəhidlik məqamına yüksəlib.  Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən  “Vətən uğrunda“, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Həmyerliləri el-obanın qəhrəman oğlu, şəhid Məhəmmədəlinin adını uca tutur,  onula fəxr edirlər. Doğulub boya-başa çatdığı Yuxarı Kürdmahmudlu kəndində şəhid Məhəmmədəli İsmayıllının xatirəsinin əbədiləşdirilməsi üçün bulaq inşa edilib. Bulaq kompleksinin istifadəyə verilməsi ilə əlaqədar keçirilən anım  tədbirində şəhidin ailə üzvləri,  Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev,  Kürdəmir Regional Mədəniyyət İdarəsinin Füzuli rayonu üzrə nümayəndəliyinin kollektivi,  şəhid ailələri,  qazilər,  müharibə iştirakçıları,  rayon ictimaiyyətinin nümayəndələri və məktəblilər iştirak ediblər. Anım mərasimində qeyd olunub ki, dövlət tərəfindən şəhid ailələrinə, qazilərə və müharibədən zərər çəkənlərə davamlı olaraq diqqət və qayğı göstərilir, ehtiyacı olanlar mənzillə təmin edilir, onlara avtomobillər hədiyyə verilir. Tədbir iştirakçıları yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Salman ALIOĞLU,

“Respublika”.