Karvansaranın hər qarışına təbiət min bir naxış çəkmişdi
Region

Karvansaranın hər qarışına təbiət min bir naxış çəkmişdi

Yurd yerlərimiz

Tarixi Azərbaycanın qərb bölgəsinin - Göyçə, Zəngəzur, İrəvan, Ağbaba mahallarının hər qarışında türkün böyük tarixinin izləri yaşayır. Yad əllərdə qalmış, aranlı-yaylaqlı Qərbi Azərbaycan torpaqlarının bir parçası da Dilican nahiyyəsinin Karvansara (İcevan) rayonudur. Bu mahal bizdən ayrı düşən, erməni xəyanətinə tuş gələn ağır ellərimizdən biridir. Kiçik Qafqazın təkrarsız mənzərələrini kim görməyibsə, Göyçəni dörd dolanıb Ələsgər ocağında sözün sehrində, necə deyərlər, "varından yox olmayıbsa", oranın bal kimi şirin ləhcəsini dinləməyibsə, nələri itirdiyini təsəvvürünə gətirə bilməz.

Karvansara 35 ildir ki, Qərbi azərbaycanlıların digər yurd yerləri kimi hayların işğalı altındadır. Bu obanın əhalisi tarixi və coğrafi mənzərələri o yerlərdən qaçqın düşmüş insanların xatirəsindən silinmir.

Karvansara təkdir, təkrarsızdır. Bu qədim türk elinin öz folkloru, nağılı, dastanı, əfsanəsi, türkün izlərini qoruyan neçə-neçə yurd adları var.

Ermənilər Rusiyanın Cənubi Qafqaza gəlişilə Qərbi Azərbaycanın bütün bölgələri kimi, Karvansaraya da sahibləniblər. Karvansara qədim türklərin bir parçası olmaqla, Turanın görən gözü, Azərbaycanın döyünən ürəyidir. Azərbaycanın ürəyində illərdir ki, ağrı var, müdhiş bir ağrı. Çünki onun ürəyinə gedən damarlardan biri tutulub. Atlas geyimli, min bir naxışlı Dilican dərəsi və Karvansaranın digər əraziləri faşist xislətli ermənilərin əlindədir. Gün gələcək 35 ildir ki, yad əllərdə fəryad qoparan Karvansara rayonu və digər ərazilərimiz geri qaytarılacaqdır.

Ərazisi 1336 kvadratkilometr olan Karvansara rayonu 1930-cu il sentyabrın 9-da yaradılmışdır. Rayonun mərkəzi keçmiş Karvansara şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə məsafə 142 kilometr olmuşdur.

Karvansara rayonu daşnak Ermənistanda 1920-ci il noyabrın 29-da Sovet hakimiyyəti qurulanadək Gəncə quberniyasının Qazax qəzasının tərkibinə daxil idi.

Cənubi Qafqazda Sovet hakimiyyəti qurulduqdan sonra bu ərazi Ermənistan SSR-ə verildi. Rayonun ərazisi Azərbaycan Respublikasının Qazax rayonu ilə həmsərhəd idi.

Erməni daşnakları heç vaxt öz məkrli niyyətlərindən əl çəkməmiş, "dənizdən-dənizə böyük Ermənistan" xülyasını reallaşdırmaq üçün Qərbi Azərbaycanın bütün ərazilərində olduğu kimi, Karvansara rayonunda da zaman-zaman müsəlmanlara qarşı analoqu olmayan terror hadisələri törətmişlər. Bu qırğınlara Bakıda yerini möhkəmlətmiş Stepan Şaumyanın göstərişi ilə Andranik, Uzunyan, Dro və başqaları başçılıq etmişlər. Ermənilər qırğın törədərkən Qaraqoyunlu dərəsindəki Polad və Salah kəndləri ətrafında Karvansaradakı müsəlmanların güclü müqavimətinə rast gəlmiş və böyük tələfat verərək geri çəkilmişlər. Bu savaşda Salahlı Hasanca Paşanın dəstəsi haylara ağır zərbələr endirmişdir. Polad kəndi ətrafındakı döyüşə Qaraqoyunlu camaatı ilə yanaşı, Göyçənin qonşu kəndlərindən də çoxlu kömək gəlmişdi. Xüsusilə, Cığal Həsənin, Topal Orucun, Məşədi Hümbətin, Dəli İsmayılın və Yaqublu (Gədəbəyli) Məcid ağanın başçılıq etdikləri dəstələr Karvansara ərazisində böyük şücaətlər göstərmişlər.

Qaraqoyunlu dərəsinin Polad dəhlizində qabağı kəsilən daşnaklar strateji manevr edərək Göyçə gölünün şimalında yerləşən kəndlərə Çubuxlu istiqamətindən hücuma keçdilər. Yüksək təlim görmüş nizami ordu Azərbaycan türklərinin könüllü özünümüdafiə dəstələri ilə Təkağac deyilən yerdə - Göyçə gölünün sahilində, Şahdağ silsiləsinin ətəklərində üzbəüz gəldilər. Döyüş yerindən Toxluca kəndinə 10 kilometr məsafə qalırdı. Bu zaman Dərəçiçək-Ağzıbir-Kəvər (Kamo) arasındakı kəndlər daşnaklar tərəfindən viran edilmişdi. Azərbaycan türkləri, sözün əsl mənasında, soyqırımına məruz qalmışdılar. Silahsız, müharibə istəməyən Qərbi azərbaycanlıların 70 faizi qırılmış, 30 faizi isə dağlara çəkilib Azərbaycana pənah gətirmişlər.

1905-1906, 1918-1920-ci illərdə Karvansara rayonunun ərazisində olan türk kəndləri ermənilər tərəfindən hücuma məruz qalmış və dinc əhalinin bir hissəsi qırılmışdı, sağ qalanlar isə təhlükəsiz yerlərə qaçmışdılar. Onlar sakitlik yaranan zaman doğma kəndlərinə qayıtmış, dağıntıları yenidən bərpa edərək təsərrüfatı dirçəltmişlər.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin qərarları ilə Karvansara rayonunun Ağkilsə, Aşağı Ağdan, Coğaz, Çirviz, Haçadaraq, Haqqıxlı, Künən, Qaradaş, Qaranlıqdərə, Lələkənd, Morut, Murteyl, Polad-Ayrım, Rəvazlı, Saratı və digər azərbaycanlı kəndlərinin adları dəyişdirilərək erməniləşdirilmişdir.

Karvansara rayonunun yerləşdiyi ərazinin relyefi öz quruluşuna görə qarışıq dağlardan ibarətdir, ərazinin mənzərəsi və təbiəti çox xarakterikdir. Belə ki, hər tərəfdə uca dağ silsilələri, dərələr, geniş düzənlikləri loğman təbiətli bu əraziyə xüsusi gözəllik verirdi. Karvansara rayonundakı Dilican dərəsinin gözəlliyi insanların diqqətini cəlb edirdi. Azərbaycan yazıçı və dramaturqu Nəcəf bəy Vəzirov 1880-ci ilin iyul ayından 1887-ci ilə qədər İrəvan quberniyasının Dilican nahiyyəsində ikinci dərəcəli meşəbəyi vəzifəsində çalışmışdır.

Xalq şairi Məmməd Araz müsahibələrinin birində demişdir: "IX sinifdə oxuyanda Səməd Vurğunun "Dilican dərəsi" şeiri əlimə keçdi. Şeirin birinci misrası məni tutdu: "Yenə gördüm səni, Dilican dərəsi". İlk dəfə onda əlimə qələm aldım".

"Dilican dərəsi" şeiri dahi şairimiz Səməd Vurğunun təbiət şeirləri içərisində ən məşhurlarındandır.

Yenə gördüm səni, Dilican dərəsi,

Yadıma çox köhnə zamanlar gəlir.

Ömür dedikləri bir karvan yolu

Nə canlar gedərək, nə canlar gəlir.

Fələklər yaratmış bu yeri cənnət,

Desəm, çox münasib haqqındır əlbət.

Səndə var doğruluq, var səmimiyyət,

O ibrət bağına loğmanlar, gəlir. ***

Qaşlar yarılanda günün telindən,

Əmərsən dağların qarlı selindən.

Sənə qonşu olan Qazax elindən

Vəfalı, vəfasız mehmanlar gəlir.

Qərbi Azərbaycanın bütün ərazilərində olduğu kimi, Karvansarada yaşayan soydaşlarımız da XX əsrdə 3 dəfə deportasiyaya məruz qalmış, ağır itkilər vermiş, ata-baba yurdlarından məcburən qovulmuşlar. Bu hadisələr 1918-1920, 1948-ci ildə daha geniş vüsət almış, 1988-ci ildə isə Dilican dərəsini, qədim Oğuz ellərini birdəfəlik tərk etmişlər.

Qərbi azərbaycanlıların üzləşdikləri çətinliklərə, hüquqlarının pozulmasına Mixail Qorbaçov, həmçinin Moskvadakı ermənipərəst qüvvələr göz yummuşdur. 1988-ci ildə haylar Azərbaycan xalqına qarşı mənfur daşnak siyasətinin ən qəddar variantını həyata keçirmişlər. Beləliklə, son 100 ildə indiki Ermənistan ərazisindən 2,5 milyon azərbaycanlı qovulmuş, Azərbaycan Ermənistan boyda bir ərazi, 2 minə qədər kənd və qəsəbə itirdi.

Qərbi Azərbaycanın əksər rayonlarında olduğu kimi, Karvansara rayonunda da əsrlərdən bəri mövcud olan, 1988-ci ildən sonra dağıdılmış, viran qoyulmuş, lakin adları əbədi qalmış yaşayış yerlərinin Azərbaycan türklərinə məxsus olduğunu nə tarix unudacaq, nə də bunu tarixdən silməyə çalışan üzdəniraq qonşularımız.

Qədir ASLAN,

"Respublika".