Büsat bulağı
Region

Büsat bulağı

Qələbə ilə başa çatan Vətən müharibəsi iyirmi birinci əsrin qəhrəmanlarını bütün dünyaya tanıtdı. Həmin qəhrəmanlardan biri də Büsat Qurbanovdur. 20 yaşında müharibənin alovlarından keçən, arzularının döyündüyü qəlbi ilə, sinəsi ilə düşmənə sipər olan, igidliyi, şücaəti və cəsarəti ilə Vətəni müdafiə edən Büsat qısa olsa da, şərəfli ömür yaşadı. Gənc yaşında elə bir zirvəyə ucalıb ki...

Büsat 2000-ci il sentyabrın 10-da Füzuli rayonunun Aşağı Kürdmahmudlu kəndində dünyaya göz açıb. Birinci Qarabağ müharibəsindən yeddi il sonra doğulsa da Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün canlı şahidi olub. Ermənilərin törətdiyi faciələr haqqında kitablardan oxuyub, müəllimlərindən eşidib, ailəsinin, həmyerlilərinin üzləşdiyi ağır günləri onlarla birgə keçirib. Vətənpərvərlik onun qanına qətrə-qətrə hopub, ürəyində düşmənə qarşı qisas, nifrət alovlanıb.

Həqiqi hərbi xidmətə çağırılan Büsat əsgərlik illərində qərara gəlib ki, hərbçi olsun, çünki torpaqlarımızın işğal altında qalması onu incidirdi. Hərbi xidmətini başa vurandan sonra Büsat müddətdən artıq xidmət etmək üçün müraciət edib. Komandanlıq onun müraciətinə müsbət cavab verib. Yenidən xidmətə başlayan Büsat hərbin sirlərinə dərindən bələd olmaq üçün səylə çalışıb. Vətən müharibəsinin ilk günündən döyüşlərə atılıb. Füzuli uğrunda gedən şiddətli döyüşlərdə iştirak edib. Düşmən sədlərinin yarılmasında və kəndlərin azad edilməsində Büsat qəhrəmanlıq göstərib.

Büsat Cəbrayıl rayonunun Nüzgar kəndi uğrunda gedən döyüş əməliyyatları zamanı qəhrəmanlıqla həlak olub. Ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Vətən müharibəsi şəhidi Büsat Əfsər oğlu Qurbanovun adının əbədiləşdirilməsi məqsədilə Füzuli rayon Aşağı Kürdmahmudlu kəndində tikilən “Şəhid bulağı”nın açılışı olub. Abidənin açılış mərasimində hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri, N saylı hərbi hissənin əməkdaşları, kənd ağsaqqalları və sakinlər iştirak ediblər. “Şəhid bulağı”nın qarşısına gül dəstələri düzülüb və Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək Ali Baş Komandan, Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsində həyata keçirdiyi qətiyyətli siyasətdən, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan söz açıb və şəhidlərimizin, qazilərimizin canı, qanı bahasına torpaqlarımızın  işğaldan azad olunmasını diqqətə çatdırıb. Mərasimdə, şəhid ailələri, kənd sakinləri çıxış ediblər.

Salman ALIOĞLU,

“Respublika”.