Regional konfrans
Region

Regional konfrans

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə İsmayıllı rayonunda “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda üçgünlük regional konfrans başlayıb.

Konfrans iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin İsmayıllı şəhərində ucaldılan abidəsini ziyarət edib.

Açılış nitqi ilə çıxış edən İsmayıllı RİH-nin başçısı Nahid Bağırov Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda dinə münasibətin tamamilə dəyişdiyini, ölkədə milli-mənəvi dəyərlərimizə, dinimizə hər zaman hörmət və qayğı ilə yanaşıldığını diqqətə çatdırıb.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda respublikamızda formalaşmış dövlət-din münasibətlərinin dünyaya nümunə olduğunu deyən komitənin sədr müavini Səyavuş Heydərov vurğulayıb ki, ölkəmizdə vicdan azadlığı yüksək səviyyədə təmin edilməklə, bütün dinlərə bərabər münasibət göstərilməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda tolerantlıq və birgəyaşayış mühitinin nümunəvi modeli formalaşıb, respublikamız dünyada multikulturalizm mərkəzinə çevrilib. 

Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Mərəhmət Mustafayev çıxışında ölkə rəhbərliyi tərəfindən dinə və milli-mənəvi dəyərlərimizə daim diqqət və qayğının olduğunu vurğulayıb. İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva dini maarifləndirmə tədbirlərinin əhəmiyyətinə toxunub.

Azərbaycan Bibliya Cəmiyyətinin sədri Rasim Xəlilov, İsmayıllı rayonu İvanovka kəndi “Molokan ruhani-xristian” dini icmasının sədri Sergey Kazakov çıxış edərək Azərbaycandakı dinlər və mədəniyyətlərarası harmoniyadan bəhs ediblər.

M.NƏRİMANOĞLU,

“Respublika”.