Dövlətin güc mənbələrindən biri də onun sağlam vətəndaşıdır
Sosial həyat

Dövlətin güc mənbələrindən biri də onun sağlam vətəndaşıdır

Bu gün müstəqil Azərbaycan özünün çiçəklənmə dövrünü yaşayır, yüksəliş, inkişaf mərhələsinə qədəm qoyur. Daha qüdrətli, qüvvətli, sağlam dövlətə çevrilmək üçün isə vətəndaşın sağlamlığının qayğısına qalmaq əsas məsələlərdəndir. Bu məqsədlə dövlətimiz hər zaman olduğu kimi, bu gün də səhiyyə sahəsinə xüsusi diqqət və qayğı göstərir. Səhiyyədə islahatlar, yeniliklər aparılır, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində irimiqyaslı tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin Sərəncam və tapşırıqlarına əsasən tikilib istifadəyə verilən, yenidən qurulan tibb ocaqları Azərbaycan səhiyyəsinin öz inkişafının ən yüksək səviyyəyə yüksəldiyini göstərir. Hazırda ölkədə tibbi xidmətlərin keyfiyyətini yüksəltmək, əlçatanlığını təmin etmək üçün İcbari Tibbi Sığortanın tətbiqi həyata keçirilir. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 24 noyabr tarixli 1125 nömrəli Fərmanı ilə "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxs yaradılmışdır.

Ölkəmizdə səhiyyə sektorunun inkişafı ilə bağlı islahatların həyata keçirilməsi, bu sahədə mühüm Dövlət proqramlarının qəbul olunması, əhalinin ən yüksək səviyyədə tibbi xidmətlərlə təmin edilməsi bu sahədə dövlət siyasətinin prioritetini təşkil edir. İcbari Tibbi Sığortanın tətbiqi və səhiyyənin maliyyələşmə sisteminin təkmilləşdirilməsi də bu islahatların mühüm tərkib hissəsidir. Eyni zamanda, İcbari Tibbi Sığorta sistemi Azərbaycan səhiyyəsi üçün yenilikdir.

Aparılan islahat və yeniliklərlə yanaşı, dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində yeni tibb ocaqları tikilir, təmir olunur, maddi-texniki bazası gücləndirilir. Bütün görülən işlər, yaradılan şərait də vətəndaş rifahının yaxşılaşdırılmasına xidmət edir.

Sentyabr ayının 8-də Prezident İlham Əliyev Bakıda Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının açılışında iştirak etmişdir. Gənc nəslin sağlamlığına xidmət edən, 1914-cü ildən fəaliyyət göstərən Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyası yenidən inşa edilib. Sanatoriya üçün 300 çarpayılıq beşmərtəbəli yeni bina tikilib. Sağlamlıq müəssisəsində müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalar, poliklinika, fizioterapiya şöbələri fəaliyyət göstərir. Sanatoriyaya uşaqlar 6 yaşa qədər və 7-17 yaş qrupları üzrə qəbul edilir. Burada təkcə uşaqların sağlamlığı ilə deyil, eyni zamanda təhsili ilə də məşğul olurlar. Vərəm xəstəliyinin müalicəsi uzun müddət vaxt tələb etdiyindən uşaqların təhsildən yayınmaması və yaxud da geri qalmaması üçün sanatoriyada stasionar müalicə alan uşaqların 11 illik təhsili də təşkil olunacaq. Beləliklə, müalicə alan uşaqların təhsilində fasilələr yaranmayacaq.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən vərəm ən çox ölümə səbəb olan yoluxucu xəstəlikdir. Lakin buna baxmayaraq, vərəm həm də sağalan xəstəlikdir. Xəstəliyin yoluxmaq riskini nəzərə alsaq, əlbəttə ki, bu xəstəliyin daşıyıcılarının adi məktəblərdə təhsilini davam etdirməsi yoluxmanın sayını artıra bilər. Bu baxımdan belə xəstələrin müalicə aldığı müddətdə təhsilini sanatoriya nəzdində davam etdirmələri gələcək nəslin daha sağlam yaşamasını təmin edəcək. Ölkəmizdə vərəmlə mübarizədə Dövlət Proqramı və Milli Strategiya qəbul edilib, ixtisaslaşdırılmış tibb müəssisələri tikilib istifadəyə verilib, bu sahədə müasir yanaşma tətbiq olunub. Onu da qeyd edək ki, respublikamızda rəsmi qeydiyyata düşən vərəm xəstələrinin müayinəsi və müalicəsi tam dövlət hesabına həyata keçirilir.

Səhiyyə sahəsində bir sıra Dövlət proqramlarının reallaşmasında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun müstəsna xidmətləri var. Belə ki, Fond diabetli, talassemiyalı xəstələrə qayğı göstərir və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində çox böyük işlər görür. Son illər Respublika Talassemiya Mərkəzində irsi qan xəstəliklərinin radikal müalicə üsulu olan sümük iliyinin transplantasiyası əməliyyatları uğurla həyata keçirilir.

Səhiyyənin qarşısında duran ən çətin problemlərdən biri olan xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların hemodializ müalicəsi də artıq öz həllini tapıb. "Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı" çərçivəsində 1.200-dək xəstənin dövlət tibb müəssisələrində müayinə və müalicəsi aparılır. Bütün xəstələr maliyyə baxımından çox baha başa gələn yüksək effektli dərman preparatları ilə dövlət hesabına təmin olunur.

2019-cu ildən bu günə kimi dünyanın bəlasına çevrilən koronavirus epidemiyasının müşahidə edildiyi ilk vaxtlardan Azərbaycanda genişmiqyaslı tədbirlər həyata keçirilir. Modul tipli xəstəxanalar qurulmuş, lazımi tibbi avadanlıqlar ölkəyə gətirilmişdir. 2021-ci ilin yanvar ayından vaksinləşmə prosesinə start verilmiş və proses davam edir. Bütün bunlar dövlətin öz vətəndaşının sağlamlığına olan diqqət və qayğısının təzahürüdür.

İşğaldan azad olunmuş ərazilərimizdə də bu sahədə genişmiqyaslı işlər görülür, hələ ki, modul tipli xəstəxanalar tikilir. Gələcəkdə isə bunlar böyük xəstəxana binaları ilə əvəzlənəcək. Bu ərazilərdə 5 modul tipli xəstəxana tikilmişdir. Füzuli rayonunda isə 180 çarpayılıq xəstəxananın tikintisi aparılır.

Bu günlərdə daha bir səhiyyə ocağı əsaslı təmirdən sonra istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 2 nömrəli doğum evinin əsaslı təmir olunmasından sonra yaradılan şəraitlə tanış olublar. 1987-ci ildən istifadəyə verilən doğum evinin əsaslı təmirə ehtiyacı olduğundan dövlət başçısının 2019-cu il 3 aprel tarixli Sərəncamı ilə 2 nömrəli doğum evinin əsaslı təmiri üçün Prezidentin ehtiyat fondundan 2 milyon manat vəsait ayrılıb. Eyni zamanda Sumqayıt şəhərində yerləşən 2 nömrəli xəstəxanada yenidənqurma işləri tamamlanmaq üzrədir. Beş mərtəbədən ibarət, 150 çarpayılıq nəzərdə tutulan xəstəxana vətəndaşlara həm ambulator, həm də stasionar şəkildə xidmət edəcək. 2019-cu ildə tikintisinə başlanılan xəstəxananın bu ilin oktyabr ayında təhvil verilməsi planlaşdırılır. 44 günlük Vətən müharibəsindəki qələbəmizdən sonra yaralı əsgərlərimizin müalicə və müayinə olunması, müasir protezlərlə təmin edilməsi, xarici ölkələrdə qazilərin sağlamlığına qovuşması üçün mümkün vasitələrdən istifadə edilir. Bu isə ölkəmizdə səhiyyə strategiyasının uğurla həyata keçirilməsinin göstəricisidir. Bu sahədə reallaşdırılan genişmiqyaslı islahatlar əhalinin sağlamlığının qorunmasına, xalqımızın sağlam həyat səviyyəsinin yaxşılaşdırılmasına xidmət edir. Səhiyyə xidmətinin ən müasir səviyyəyə çatdırılması, bu sahənin daha da təkmilləşdirilməsi, müasir tibb ocaqlarının tikilib istifadəyə verilməsi mühüm əhəmiyyət kəsb edir.

Ramidə YAQUBQIZI,

"Respublika".