DSX-nin hərbi helikopterinin qəzaya uğraması nəticəsində şəhid olan hərbi qulluqçular son mənzilə yola salınıb
Sosial həyat

DSX-nin hərbi helikopterinin qəzaya uğraması nəticəsində şəhid olan hərbi qulluqçular son mənzilə yola salınıb

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması nəticəsində şəhid olan hərbi qulluqçular dekabrın 1-də İkinci Şəhidlər xiyabanında son mənzilə yola salınıblar.

AZƏRTAC xəbər verir ki, dəfn mərasimində DSX rəisi general-polkovnik Elçin Quliyev, Milli Məclis sədrinin müavini Adil Əliyev, müdafiə sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, digər rəsmi şəxslər, şəhidlərin yaxınları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin xatirəsinə cənazə namazı qılınıb, onların ruhuna dualar oxunub.

Sonra şəhidlərimiz son mənzilə yola salınıblar.

Şəhidlərin tabutları üzərinə salınan dövlət bayrağı onların ailələrinə təqdim edilib.

Həlak olan hərbi qulluqçularımızın xatirəsinə yaylım atəşi açılıb.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, həlak olan hərbi qulluqçulardan üçü ailələrinin istəyi ilə doğulduqları ərazidə torpağa tapşırılıb. Polkovnik Füzuli Cavadov Zirə, kapitan Xəyyam Əliyev Əmircan qəsəbələrində, baş leytenant Fərid Nağıyev isə Beyləqan rayonunda dəfn ediliblər.

Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Mİ-17 tipli helikopterinin təlim uçuşu yerinə yetirərkən qəzaya uğraması nəticəsində 14 hərbi qulluqçumuz həlak olub, 2 hərbi qulluqçu yaralanıb. Hadisə ilə əlaqədar Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 352.2-ci (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb, aidiyyəti qurumların nümayəndələrindən ibarət istintaq qrupu yaradılıb.

AZƏRTAC