Əlabbas İskəndərov
Sosial həyat

Əlabbas İskəndərov

Hər bir xalqın tarixində çətin, keşməkeşli və ağır günlər olur. Azərbaycan xalqı son 200 ildə ermənilər tərəfindən dəhşətli faciələrə məruz qalmışdır. XX əsrin 90-cı illərində faşist xislətli erməni daşnakları xaincəsinə vətənimizin ərazi bütövlüyünü pozmuş, torpaqlarımızı zəbt etmişdi. Birinci Qarabağ savaşında Ağdamın mərd və cəsur oğulları silaha sarılaraq müxtəlif istiqamətlərdə düşmənə ağır zərbələr endirmiş, onlara mənfur niyyətlərini reallaşdırmağa imkan verməmişlər. Ağdamın belə oğullarından biri də Əlabbas Qara oğlu İskəndərov olmuşdur.

Vətənin dağ vüqarlı, polad iradəli oğlu Əlabbas İskəndərov 2 iyul 1958-ci ildə Ağdam rayonunun Kürdlər kəndində dünyaya göz açmışdır.

Orta məktəbdə çalışqan, nizam-intizamlı şagirdlərdən biri kimi tanınmışdı. Əlabbas İskəndərov orta təhsilini müvəffəq qiymətlərlə başa vurduqdan sonra doğmalarının xeyir-duası ilə ordu sıralarına yollanmış, nümunəvi xidməti ilə fərqlənmişdir. Əsgəri xidməti başa vurduqdan sonra Əlabbas doğma kəndlərinə qayıtmış, bir müddət təsərrüfatda çalışmış, eyni zamanda, kəndin gənclər təşkilatının fəal üzvlərindən birinə çevrilmişdir.

Əlabbas erməni xəyanətinə, tarixi ərazilərimizə göz dikməsinə heç cür dözə bilmirdi. Qəlbi yağı düşməndən qisas almaq eşqi ilə döyünürdü. Ağdamdakı özünümüdafiə dəstəsinə yazılan Əlabbas dəstənin ən fəal, ən qorxmaz kəşfiyyatçılarından hesab olunurdu. O, ən çətin döyüş tapşırıqlarını məharətlə yerinə yetirir, düşmənin strateji əhəmiyyətli mövqelərinin vaxtında zərərsizləşdirilməsi üçün canını belə əsirgəmirdi.

1992-ci ilin fevralında bir ay mühasirə şəraitində qalan Umudlu kəndi hərbi vertolyotların köməkliyi ilə boşaldılırdı. Axıra qalmış 40 nəfər döyüşçünün həyatını xilas etmək üçün vertolyotun kəndə enməsinə düşmən imkan vermirdi. Əlabbas bütün məsuliyyəti öz üzərinə götürdü. Gecənin qaranlığında həmin döyüşçüləri ağlagəlməz bir dərəyə çatdıraraq sağ-salamat mühasirə zonasından çıxara bildi.

4 mart 1992-ci il... Əlabbas İskəndərovun son döyüşü... Düşmən ağır texnika ilə Qazançı kəndinə hücuma keçdi. Mahir kəşfiyyatçı Əlabbas öz dəstəsi ilə kənd qəbiristanlığı istiqamətindən irəli atılır. Az sonra düşmənin tutduğu mövqelər ələ keçirilir. Lakin Əlabbas bu döyüşlərdə qəhrəmancasına şəhid olur. Öz ölümü ilə ölümsüzlüyə qovuşan qəhrəmanın son mənzili Ağdam Şəhidlər Xiyabanı oldu.

Azərbaycan Respublikasının Prezidentinin 13 avqust 1992-ci il tarixli Fərmanı ilə Əlabbas Qara oğlu İskəndərov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" Fəxri adına layiq görüldü.

Q.TƏYYAROĞLU,

"Respublika".