Eldar Ağayev
Sosial həyat

Eldar Ağayev

Azərbaycanın Milli Qəhrəmanı Eldar Əsgər oğlu Ağayev 1955-ci il sentyabrın 29-da Gürcüstan Respublikasının Tbilisi şəhərində hərbçi ailəsində dünyaya göz açmışdır. 6 yaşında olanda, atasının hərbi xidmətinin başa çatması ilə əlaqədar ailəsi ilə Bakıya köçmüşdür. 1962-ci ildə 20 saylı  orta  məktəbə  getmiş, sonra təhsilini 134  saylı məktəbdə davam etdirmişdir.   1972-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər   Məktəbinə   daxil    olmuşdur. 1976-cı ildə təhsilini başa vurub, motoatıcı ixtisası ilə Kalininqrad vilayətinin Qusev şəhərində hərbi xidmətə başlamışdır. O, 1978-ci ildə Kamçatka yarımadasında, 1981-84-cü illərdə Amur vilayətinin Obluçye şəhərində motoatıcı bölüyünün komandiri, 1984-86-cı illərdə isə məhdud sovet qoşunlarının tərkibində Əfqanıstanda 395-ci motoatıcı alayın motoatıcı taborunun kəşfiyyat rəisi, sonra isə həmin alayın kəşfiyyat bölüyünün komandiri olmuşdur.

Eldar Ağayev Əfqanıstanda xidmətini başa vurduqdan sonra Kalininqrad şəhərinə göndərilmişdir. 1989-cu ilə qədər burada motoatıcı alayın kəşfiyyat rəisi vəzifəsində işləmişdir. Bu müddətdə təhsilini davam etdirmiş, Solneçnoqorsk şəhərində Ali Zabitlər Kursunu bitirmiş, sonra xidmətini Almaniyada yerləşən Qərb Qoşun Qrupunda davam etdirmişdir.

Erməni quldurlarının torpaqlarımıza təcavüzü ilə əlaqədar olaraq o, 1992-ci ildə komandanlığa raport yazaraq Azərbaycana qayıdır. Eldar Ağayev Milli Ordunun tərkibində özünün yaratdığı 775-ci reyd dəstəsinin komandiri kimi fəaliyyətə başlayır. Bir müddətdən sonra isə 776-cı kəşfiyyat taborunu yaradır və onun komandiri olur. O, 1997-ci ilə qədər həmin vəzifədə çalışmışdır. Onun rəhbərlik etdiyi tabor dəfələrlə torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərmişdir.

  Doğma Azərbaycanımız müstəqillik əldə etdikdən sonra xarici və daxili düşmənlər birləşərək, ölkədə bir neçə dəfə dövlət çevrilişinə cəhd etmişdilər. 1995-ci il  mart hadisəsi bunların içində ən təhlükəlisi olmaqla, dövlətçiliyimizə qarşı yönəldilmiş bir qəsd idi. Erməni qəsbkarlarının törətdiyi fəlakətlərdən, faciələrdən başı ayılmayan Azərbaycan təhlükəli anlar yaşayırdı. Xalq həyəcan içində idi. Milli Ordumuz dövlət çevrilişinin qarşısını qəhrəmanlıqla aldı.

1995-ci ilin mart ayında Eldar ölkə vətəndaş müharibəsi təhlükəsini yaşadığı bir vaxtda, vətənpərvərlik borcunu yerinə yetirməkdən ötrü silahlı dəstəni zərərsizləşdirmək üçün əlindən gələni əsirgəmir. Dövlətçiliyimizə qarşı çıxan “OMON”çuların tərk-silah edilməsində də taborun böyük xidmətləri olmuşdur. Döyüş tapşırıqlarını layiqincə yerinə yetirən hərbi hissənin 18 əsgər və zabiti ən yüksək fəxri ada – “Azərbaycanın Milli Qəhrəmanı” adına, qalanları isə Azərbaycan Respublikasının orden və medallarına layiq görülmüşlər.

Polkovnik Eldar Ağayev 1997-ci ildən 2000-ci ilədək Azərbaycan Dövlət Politexnik İnstitutunda hərbi kafedranın rəisi olmuş, 2000-ci ildən 2001-ci ilə qədər BAÜKM-nin kəşfiyyat kafedrasının rəisi vəzifəsində çalışmış, sonra isə öz şərəfli işini Ədliyyə Nazirliyində Məhkəmə Qərarlarının icrası Baş İdarəsinin təlim-tədris mərkəzinin rəis müavini vəzifəsində davam etdirmişdir.

Onun xidmətləri bir çox mükafatlarla qiymətləndirilmişdir. Əfqanıstanda döyüş əməliyyatlarının müvəffəqiyyətlə yerinə yetirdiyinə görə “Qırmızı Ulduz” ordeni, “İgidliyə görə” medalı və Fəxri Fərman ilə təltif edilmişdi. Qarabağ döyüşlərində göstərdiyi şücaətə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli fərmanı ilə polkovnik Ağayev Eldar Əsgər oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Eldar bütün ömrünü əsl zabit kimi yaşadı, döyüşdü, xidmət etdi. Hərbi geyimdə vəzifəsini icra edərkən dünyasını dəyişdi. 17 may 2013-cü ildə vəfat etmişdir. Azərbaycanın Milli Qəhrəmanı Eldar Ağayev  ikinci  Fəxri  Xiyabanda dəfn edilib. Bir övladı Vətənə əmanətdir.                                                                               

                                                                                 M.MİRZƏ, 

                                                                              “Respublika”.