Qan yaddaşımız
Sosial həyat

Qan yaddaşımız

Azərbaycanın təbii sərvətləri, əlverişli strateji mövqeyi düşmənlərimiz tərəfindən hər zaman qısqanclıqla qarşılanmışdır. Mənfur "qonşumuzun" ölkəmizə qarşı zaman-zaman yürütdüyü işğalçılıq siyasəti bunun təzahürüdür. İstər beynəlxalq arenada, istərsə də regionda kifayət qədər nüfuz qazanmış dövlətimiz müxtəlif dövrlərdə ermənilərin alçaq niyyətlərinə tuş gəlmiş, xalqımız zülm və müsibətlərə düçar olmuşdur. Bütün beynəlxalq hüquq normalarını pozan Ermənistan hər cür cinayət və vəhşiliyə hazır olduğunu dəfələrlə sübut etmişdir. Xocalıda törədilmiş soyqırımı düşmənin amansızlığının göstəricisidir.

Xocalı faciəsi təkcə ölkəmizə qarşı deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Bu dəhşətli faciə əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi hadisələri ilə bir sırada dayanır. Mənfur düşmənimiz 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırımı törətmişdir. Ermənilər Xankəndidə yerləşən 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transportyoru, 9 piyadaların döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə üç istiqamətdən Xocalıya hücuma başlamışlar. Hadisədən xəbərsiz olan silahsız, əliyalın şəhər sakinləri, qocalar, uşaqlar və qadınlar hücum zamanı amansızlıqla, xüsusi qəddarlıqla qətlə yetirilmişlər. Ağdama Xocalıda qətlə yetirilən yüzlərlə azərbaycanlının meyitinin gətirilməsi və onların təhqirə məruz qalması faktı bir daha hər şeyi açıq şəkildə göstərir. Bunlar kifayət deyilmiş kimi, düşmənlərimiz sağ qalmış insanlara qarşı da zorakılıq hərəkətləri həyata keçirmiş, bəzilərinin başının dərisini soymuş, başlarını və bədəninin digər orqanlarını kəsmiş, uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarnını yarmışdılar. Xocalı faciəsindən xəbər tutan rus, gürcü, ingilis, fransız, alman, amerikalı və digər ölkələrin vətəndaşı olan jurnalist və publisistlər gördüklərindən dəhşətə gəlmişlər.

Xocalı soyqırımına hüquqi-siyasi qiymət ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən verilmişdir. Heydər Əliyev düşmənin ölkəmizə qarşı həyata keçirdiyi soyqırımı və terror siyasətinin mahiyyətinin, habelə ərazilərimizin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından sonra Qarabağın terrorizm mənbəyinə çevrilməsinin və digər faktların dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm işlər görmüşdür. Məhz ümummilli liderimizin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi "Xocalı soyqırımı günü haqqında" qərar qəbul etmişdir. Sözügedən qərar BMT-yə, dünya dövlətlərinə qətliamın gerçək mahiyyətini çatdırmışdır. Qərara əsasən, 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələri hər il fevralın 26-da "Xocalı soyqırımı günü" elan olunur.

Heydər Əliyev Xocalı genosidini belə qiymətləndirmişdir: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir".

Bu gün artıq dünyanın bir çox ölkələrində Xocalı faciəsi soyqırımı aktı kimi tanınır, bu istiqamətdə təbliğat xarakterli tədbirlər təşkil olunur. Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən bu gün də Xocalıda genosid aktının törədilməsində iştirak etmiş şəxslərin müəyyənləşdirilməsi və cinayət məsuliyyətinə cəlb olunması üzrə müvafiq işlər davam etdirilir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Xocalıya ədalət!" kampaniyası çərçivəsində görülən işlər daha geniş vüsət almışdır. İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilmişdir. Həmçinin, Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının 20-dən çox ştatının icra və qanunvericilik orqanı Xocalı faciəsini qətliam kimi qiymətləndirərək pisləmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Xocalı soyqırımı hər il respublikamızda genişmiqyaslı tədbirlərlə qeyd edilir.

Nəzrin ELDARQIZI,

"Respublika".