ƏZƏLİ TORPAQLARA QAYIDIŞIMIZ MÜTLƏQDİR
MÜSAHİBƏLƏR

ƏZƏLİ TORPAQLARA QAYIDIŞIMIZ MÜTLƏQDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında, Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü Ermənistandan deportasiya olunmuş vətəndaşlarda bir daha doğma torpaqlarına qayıdacaqlarına böyük inam yaratmışdır. Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri, Əməkdar müəllim, professor Nürəddin Məmmədov bu haqda fikirlərini bizimlə bölüşüb:

- Ölkə rəhbərinin Qərbi Azərbaycan İcması ilə görüşü, onlara fəaliyyət üçün yaratdığı şərait, xalqımız tərəfindən yüksək minnətdarlıq hissilə qarşılanmışdır. Artıq dövlət başçısı İlham Əliyevin "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm" qətiyyətli fikri gerçək reallığa çevrilmişdir. Belə ki, ilk öncə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu 30 ilə yaxın işğal altında olan torpaqlarımızı erməni qəsbkarlarından təmizlədi. Artıq "Böyük Qayıdış" proqramı hazırlanır və tezliklə buna da nail olunacaq. Tam əminliklə demək olar ki, işğaldan azad olunmuş ərazilərin sakinləri tezliklə işğaldan azad edilən torpaqlarına qayıdacaq, orada həyat canlanacaq, iqtisadiyyat, sosial istiqamətlər inkişaf edəcəkdir. Yəni bizim böyük qayıdışımız həm tarixi, həm siyasi, həm də sosial-iqtisadi mahiyyət daşıyır, bu qayıdışın böyük mənası vardır.

Dövlət başçısının qeyd etdiyi kimi, Qərbi Azərbaycan bizim tarixi torpağımızdır. Xain və hiyləgər erməni separatçıları zaman-zaman torpaqlarımıza göz dikmiş və öz çirkin niyyətlərini həyata keçirmişlər... Bu azmış kimi, 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin fəaliyyəti ilə bizim digər tarixi torpağımız olan Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. Bu, xalqımıza qarşı növbəti cinayət idi. Çünki həm erməni millətçiləri sovet hökumətində mühüm vəzifələrdə idi, həm də məqsəd Azərbaycanı Naxçıvandan və Türkiyədən coğrafi nöqteyi-nəzərdən ayırmaq idi. Ermənistanda azərbaycanlılara qarşı 1918-1920-ci illərdə soyqırımı və 1930-1938-ci illərdə kütləvi repressiya və sürgün aksiyaları həyata keçirilməsinə baxmayaraq, Ermənistanın Türkiyə və İran sərhədləri, eləcə də Azərbaycan və Gürcüstan sərhədləri boyunca yenə də əsasən azərbaycanlılar yaşayırdılar. İrəvan şəhərinin ətraf rayonları ən münbit torpaqlar hesab edilirdi və həmin rayonlarda da azərbaycanlılar əksəriyyət təşkil edirdi.

1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası isə ermənilərin və onların havadarlarının İkinci Dünya müharibəsinin sonunda, Sovet İttifaqının üstün mövqeyə çıxması ilə yaranan şəraitdən bəhrələnmək siyasətinin növbəti mərhələsi idi. İkinci Dünya müharibəsinin sonlarına yaxın ermənilərin Türkiyəyə qarşı ərazi iddiası ilə SSRİ-nin Türkiyəyə hücum etmək planları üst-üstə düşürdü. İ.Stalin Rusiya ilə Türkiyənin 1914-cü il sərhədlərini bərpa etmək, yəni Qars və Ərdahan vilayətlərini yenidən Türkiyədən qoparmaq istəyirdi. Lakin Türkiyədən qoparılması nəzərdə tutulan ərazilərin məskunlaşdırılması problemi qarşıya çıxmışdı. Bu problemin xaricdə məskunlaşan Türkiyə əsilli ermənilərin hesabına həll edilməsi nəzərdə tutulurdu.

SSRİ Ali Sovetinin 19 oktyabr 1946-cı il tarixli fərmanına əsasən xaricdən Ermənistana "repatriasiya" edilən ermənilərə (əslində, xaricdən köçürülüb gətirilən erməniləri "repatriant" adlandırmaq elmi nöqteyi-nəzərdən düzgün deyildi, çünki köçürülüb gətirilən ermənilər heç vaxt indiki Ermənistan ərazisində yaşamamışdılar) Sovet İttifaqının ərazisinə daxil olduqları andan etibarən SSRİ vətəndaşı statusu verilməsi qərara alınır. Təkcə 1946-cı ildə Suriya, Yunanıstan, Livan, İraq, Bolqarıstan və Rumıniyadan 50 min 900 nəfər erməni immiqrasiya edilir. 1947-ci ildə Fələstin, Suriya, Fransa, ABŞ, Yunanıstan, Misir, İraq və Livandan 35,4 min nəfər erməni qəbul edilərək Ermənistanda yerləşdirilir. Ermənistan rəhbərliyi 1946-cı ilə nisbətən 1947-ci ildə xaricdən köçürülüb gətirilən ermənilərin sayının azalmasının səbəbini onunla izah edirdi ki, xaricdən gələn ermənilər əsasən şəhər sakinləridir, onları dağlıq rayonlarda yerləşdirmək mümkün deyil, köçürülənlər isə yalnız İrəvan və onun ətraf rayonlarında məskunlaşmaq istəyirlər. Ümumiyyətlə, 1946-1949-cu illərdə xarici ölkələrdən Ermənistana 96 min erməni köçürülmüşdü ki, onların da xeyli hissəsi İrəvanda məskunlaşmışdı. 

Ermənistanda cəmiyyətin düşüncələri o qədər zəhərlənib, azərbaycanofobiya o qədər geniş vüsət alıb ki, orada faktiki olaraq normal düşüncəyə malik heç kim qalmayıb. Ona görə də hələ bu gün də onlar revanş fikri ilə yaşayırlar. Ermənilər yenə də ümid edirlər ki, kimsə gələcək onların əvəzinə bizimlə müharibə aparacaq, onlar da hər zaman olduğu kimi, hansısa himayədarın arxasında gizlənərək yenə də bizə qarşı öz məkrli planlarını həyata keçirəcəklər. Amma bu faydasızdır. Azərbaycan əvvəlki deyil. Ulu öndər Heydər Əliyevin dediyi kimi: "Tarixə müraciət etməli olsaq, görərik ki, Ermənistan Azərbaycana çox şey qaytarmalıdır. O ərazinin çox hissəsi azərbaycanlıların əsrlərdən-əsrlərə yaşadıqları doğma diyar olubdur. Onları öz dədə-baba yurdlarından tədricən çıxarıblar və bunlar hamısı da 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başlanmasına gətirib çıxarıb". Bu fikirlər böyük tarixi şəxsiyyətin siyasi kursunu uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin fikirlərində də öz əksini tapır.

Bəli, dövlətimizin başçısının Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşündə geniş və əhatəli çıxışı həmin torpaqlara qayıdışımızın yol xəritəsidir. Biz Qərbi Azərbaycana qayıdacağıq. Tarixən bizim olanlar, bizə də geri qaytarılmalıdır.

Zabit XƏLİLOV,

"Respublika".