GƏNCƏ:  ZƏFƏR FORUMU
Region

GƏNCƏ:  ZƏFƏR FORUMU

Oktyabrın 7-dən etibarən Biləsuvarda start götürən Zəfər Forumunun növbəti ünvanı Gəncə şəhəri oldu. Gəncə, Mingəçevir, Yevlax, Naftalan şəhərlərini, Kəlbəcər, Göygöl, Samux, Daşkəsən, Goranboy və Xocalı rayonlarını təmsil edən şəhid ailələrinin, mübaribə iştirakçılarının, şəhər və rayon fəallarının, habelə aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə təşkil olunan Forum Gəncə Dövlət Filarmoniyasında keçirilib. Tədbirdə Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Gəncə Şəhər İcra Hakimiyyətinin  başçısı  Niyazi Bayramov, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov, Gəncə, Mingəçevir, Yevlax, Naftalan şəhərlərini, Kəlbəcər, Göygöl, Samux, Daşkəsən, Goranboy və Xocalı rayonlarının icra hakimiyyəti başçılarının müavinləri iştirak edib. Qonaqlar tədbirdən öncə ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzüb, Şəhidlər Xiyabanını ziyarət ediblər. 

Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbaninin aparıcısı olduğu Forum Dövlət Himninin səsləndirilməsi və Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bötövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə öz işinə başlayıb. 

Tədbiri giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov açaraq, növbəti Zəfər Forumunun Gəncədə keçirilməsindən məmnunluq duyduğunu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun düşmən üzərində qazandığı parlaq Qələbədən, Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi şücaətdən söhbət açıb. Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev çıxış edərək Zəfər Forumunun Gəncə şəhərində keçirilməsinin təsadüfi olmadığını, 44 günlük Vətən müharibəsi zamanı Gəncə şəhərinin erməni təcavüzkarlarının xaincəsinə törətdikləri terrorlara qarşı sarsılmaz dözüm və qəhrəmanlıq nümayiş etdirdiyini vurğulayıb.

Sonda, Forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub, xalqımıza Zəfər sevincini yaşatdığına görə dərin ehtiramlarını bildiriblər.

Qeyd edək ki, növbəti forumlar Ağstafa, Qusar, Ağdam, İsmayıllı, Sabirabad və Bakıda keçiriləcək.

Zabit XƏLİLOV,

“Respublika”.