Hər günü tarix olan Vətən müharibəsi
Sosial həyat

Hər günü tarix olan Vətən müharibəsi

27 sentyabr 2020-ci ildə  Azərbaycan xalqı və ordusu yumruq  tək birləşərək 30 ilə yaxın düşmən tapdağında olan Vətən torpaqlarının azad edilməsi uğrunda müqəddəs savaşa başladı. 44 gün davam edən bu müharibə ordumuzun şanlı qələbəsi, düşmənin kapitulyasiyası ilə başa çatdı, minlərlə igid əsgər və zabitimizin canı, qanı hesabına torpaqlar işğaldan azad olundu. Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər günü bir tarixdir.

2020-ci il 27 sentyabrda  səhər saatlarında Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutdu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət etdi. Müraciətdə deyilirdi: "Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaqdır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu, erməni faşizminin növbəti təzahürüdür".

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhəboyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar qəbul edildi. Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə dərhal Təhlükəsizlik Şurasının iclası keçirildi, təcavüzkara adekvat cavab verilməsi istiqamətində konkret tapşırıqlar verildi. Azərbaycanda hərbi vəziyyət, komendant saatı və qismən səfərbərlik elan edildi.

Türkiyə Azərbaycana hərbi-mənəvi dəstək verdi.

Prezident, Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənin ön xəttinin yarıldığı, altı kəndin - cəbhənin Füzuli-Cəbrayıl istiqamətində aparılan hərbi əməliyyat nəticəsində uzun illər ərzində düşmən işğalı altında olan Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərinin azad edilməsi barədə xalqımıza ilk müjdə verdi.

Müdafiə Nazirliyi cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsinin azad olunması barədə məlumat yaydı. Cəbhənin Tərtər-Ağdam və Füzuli-Cəbrayıl istiqamətlərində yerləşən ön xətt hərbi hissələri, raket və artilleriya bölmələri, cəbhə aviasiyası, zirehli texnika və digər qoşun növlərinin qarşılıqlı fəaliyyəti ilə Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinin susdurulması və döyüş fəaliyyətinin qarşısının alınması istiqamətində döyüş davam etdirildi. Müxtəlif istiqamətlərdə Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd "OSA" zenit-raket kompleksi məhv edildi. Azərbaycan Hərbi Hava Qüvvələrinin cəbhənin Tərtər istiqamətində bir döyüş helikopteri vuruldu, Müdafiə Nazirliyi döyüşlərdən ilk kadrları yaydı. Bunlar pilotsuz uçan aparatlardan çəkilmiş və Azərbaycan ordusunun düşmənə müharibənin ilk saatlarında endirdiyi dəqiq zərbələri əks etdirən görüntülər idi. Həm müharibənin ilk saatlarının gedişi, həm Prezidentin xalqa müraciəti və düşmənin uzun illərdən bəri möhkəmləndirdiyi müdafiə xəttinin cənub istiqamətində qoşunlarımız tərəfindən yarılması qələbəyə inam formalaşdırdı.

"Respublika".