insanların hüquq və azadlıqları ali dəyər kimi qiymətləndirilir
Digər xəbərlər

insanların hüquq və azadlıqları ali dəyər kimi qiymətləndirilir

12 Noyabr  Konstitusiya Günüdür

Azərbaycanda siyasi, iqtisadi, hüquqi-demokratik islahatların həyata keçirilməsində Konstitusiyanın prinsipləri və müddəaları əsas tutulur.

Azərbaycan Respublikasının daxili siyasətinin əsas istiqaməti demokratik, hüquqi, dünyəvi dövlət qurmaq, Azərbaycan vətəndaşlarının Konstitusiyanın müəyyən etdiyi prinsiplər əsasında azad, sərbəst yaşamasını, hüquq və azadlıqlarının qorunmasını təmin etməkdən ibarətdir.

Ulu öndər, dahi şəxsiyyət Heydər Əliyev 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsini dövlət quruculuğunun yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirmişdir. Belə ki, dövlətimiz müstəqilliyini bərpa etdikdən sonra qarşıda duran ən mühüm vəzifələrdən biri respublikada hüquqi, demokratik, dünyəvi, sivilizasiyalı dövlət quruculuğu proqramının həyata keçirilməsinə nail olmaq idi. Müstəqil Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi, onun əsasında yeni parlamentin təşkili üçün demokratik seçkilərin keçirilməsi dövlət quruculuğu sahəsində strateji proqramın ilk mərhələsi oldu.

Konstitusiyada insan hüquq və azadlıqları təsbit edildi və hüquqi təminat aldı. Beləliklə, olduqca qısa zaman kəsiyində ümummilli lider Heydər Əliyevin məntiqi, silinməz dəst-xətti, zəngin həyat təcrübəsi və işıqlı zəkasının ən böyük əsəri olan, dünya standartlarının tələblərinə tam dolğunluğu ilə cavab verən konstitusiya layihəsi hazırlanaraq ümumxalq səsverməsinə təqdim olundu. Həmin sənəd 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi - referendum yolu ilə qəbul olundu.

Bu mühüm sənədin ən üstün və fərqli cəhətlərindən biri onun müddəalarında insanlara dövlət və cəmiyyət tərəfindən verilmiş bütün hüquqların, azadlıqların və vəzifələrin vəhdət halında bir-birini tamamlamasıdır. Bu sənədin əsas dəyər və məziyyətləri ondan ibarətdir ki, məzmunca xalqın iradəsini ifadə edir, dövlət quruluşunun təsisatını, hüquqi əsaslarını göstərir. Azərbaycanda dövlət idarəetmə prinsiplərini, dövlət və xalq arasında münasibətləri əks etdirir, demokratik, dünyəvi dövlətin qurulması üçün bütün hüquqi əsasları yaradır.

Konstitusiya mahiyyətcə ölkənin tam müstəqilliyini, ərazi bütövlüyünü, Azərbaycan xalqının, vətəndaşlarının hər birinin hüquqlarının toxunulmazlığını təmin edir. Konstitusiyaya görə respublikamızda hakimiyyətin əsas qüvvəsi Azərbaycan xalqıdır.

Azərbaycan Respublikasının Konstitusiyası vətəndaşların hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirməyi icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsi kimi müəyyən etmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2016-cı il iyunun 18-də "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Referendum Aktı Layihəsinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi barədə" Sərəncam imzalamışdır. İyulun 25-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi iclası keçirilmiş və Referendum Aktı Layihəsinin Konstitusiyanın tələblərinə uyğun olması barədə rəy verilmişdir.

Bununla da dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının əsas qanununa - Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsi məqsədilə 2016-cı il sentyabrın 26-da keçirilən ümumxalq səsverməsi (referendum) ölkədə insan hüquq və azadlıqlarının daha da gücləndirilməsi, demokratik təsisatların fəaliyyətinin və bütövlükdə idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədlərinə xidmət göstərmişdir.

Azərbaycan Respublikasının Konstitusiyası müasir dövrün demokratik prinsiplərini, müddəalarını təsbit edən ən təkmil konstitusiyalardan biridir. Bu Konstitusiya hüquqi, demokratik, konstision dövləti inkişaf etdirmək üçün yetərincə hüquqi bazaya malikdir.

Hazırda müstəqil Azərbaycanın görkəmli dövlət xadimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada bütün sahələr uğurla inkişaf edir. Bütün bu nailiyyətlərin təməli isə ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur.

Aydın ƏLƏSGƏROV,

Azərbaycan Respublikası

Hərbi Prokurorluğunun Hərbi təsisatlarda

Qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsinin rəisi,

ədliyyə polkovniki.