MƏTLƏB QULİYEV
Sosial həyat

MƏTLƏB QULİYEV

Canlarını fəda etməkdən çəkinməyən minlərlə Vətən övladı silaha sarılaraq təcavüzkar orduya qarşı vuruşaraq şəhidlik zirvəsinə yüksəliblər. Respublikamızın bütün bölgələrindən fədakar və vətənpərvər eloğulları Ana Vətənimizin və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda qorxu nədir bilmədən özlərini odun-alovun içinə ataraq qəhrəmanlıq göstərmişlər. Qəlbimizdə kök salmış, yaddaşlarımızda iz qoymuş layiqli Vətən oğullarından biri də Azərbaycanın Milli Qəhrəmanı Mətləb Kamran oğlu Quliyevdir.

Mətləb 9 yanvar 1959-cu ildə Beyləqan rayonunda doğulmuşdur. Əslən Cəbrayıl rayonundandır. İbtidai təhsilini 3 saylı orta məktəbdə almışdır. Sonra ailəsi Sumqayıt şəhərinə köçmüşdür. O, təhsilini səkkizinci sinfə qədər buradakı 13 saylı orta məktəbdə davam etdirmişdir. Hərbçi olmaq həvəsi onu C.Naxçıvanski adına hərbi məktəbə gətirir. Burada oxuyarkən o, hərb elminin sirlərinə yiyələnməklə, verilən bütün tapşırıqları vaxtında yerinə yetirməyə çalışırdı. O hərbi məktəbi müvəffəqiyyətlə bitirir, az keçmir ki, ordu sıralarına çağırılır. Hərbi xidməti Ukrayna Respublikasında keçir. Ordudan tərxis olunan il Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olur. İnstitutda "Təhsil əlaçısı" döş nişanı ilə təltif edilir. 1985-ci ildə leytenant rütbəsi ilə ali məktəbi bitirib Sumqayıt şəhəri 3 saylı orta məktəbdə hərbi hazırlıq müəllimi kimi çalışmağa başlayır.

1992-ci ildə Daxili İşlər Orqanında işə düzəlir. O, bir zabit kimi Daxili Qoşunlara qəbul edilən gənclərin təlim-tərbiyəsi ilə məşğul olurdu. O, yaxşı bilirdi ki, Vətəni qorumaq, işğal olunmuş torpaqları erməni tapdağından azad etmək üçün əl- ələ, ürək-ürəyə vermək lazımdır. Tez-tez cəbhə bölgələrinə gedir, döyüş yoldaşlarına dayaq olurdu.

Müharibə isə səngimək bilmirdi. 1992-ci il avqustun 31-də Ağdam bölgəsində ağır döyüşlər gedirdi. Strateji əhəmiyyətli yüksəkliklər ermənilərin əlində idi. Əsgərlərdə ruh yüksəkliyi oyatmaq lazım idi. Mətləb pulemyotu götürüb düşmən üstünə şığıyır. Onlarla erməni yaraqlısı yerə sərilir. Erməni quldurları onun pulemyotunun darağında güllənin qurtardığını hiss edərək hər tərəfdən hücuma keçirlər. Yanında kapitan yoldaşı həlak olur. Mətləb isə dolu darağı yenidən pulemyota qoşur və yenidən erməniləri biçməyə başlayır. Lakin özü də qəhrəmancasına həlak olur. Bir oğlu, bir qızı yadigar qalıb. Mətləb Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 1992-ci il tarixli fərmanı ilə baş leytenant Quliyev Mətləb Kamran oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Sumqayıt şəhər 3 saylı orta məktəb onun adını daşıyır. Məktəbin önündə büstü qoyulmuşdur. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuş, adına bulaq tikilmişdir.

Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şəhid olan hər bir Vətən övladının xatirəsi həmişə bizim üçün əzizdir. Azərbaycançılıq məfkurəsinə könüldən bağlı olan bu insanlar unudulmazdır, onların adları əbədi olaraq Vətən tarixinə yazılıb.

Müşfiq MİRZƏ,

"Respublika".