Modern və sürətli tərəqqi modeli: Qüdrətli Türkiyə
Türk dünyası

Modern və sürətli tərəqqi modeli: Qüdrətli Türkiyə

"Türk dünyası bu gün dünənkindən daha çox gücə malikdir". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən sammiti çərçivəsində "Türk Dünyasının Ali Ordeni" ilə təltif  olunduğu mərasimdə çıxışı zamanı deyib. Türkiyə lideri əlavə edib ki, bu orden türkdilli dövlətlərlə əlaqələrin möhkəmləndirilməsində, xalqlarımızın birliyində, TDT-nin dünyadakı nüfuzunun artırılmasında mənim üzərimə böyük məsuliyyət qoyur.

Daha da güclənən Türk dünyası

Türk dünyasında Prezident Rəcəb Tayyib Ərdoğana böyük hörmət bəslənilir. Məhz onun hakimiyyəti dövründə Türkiyənin türkdilli ölkələrlə əlaqələri genişlənib, nüfuzu, siyasi və iqtisadi təsirləri daha da artıb. Eyni zamanda, Türk dünyası daxilində inteqrasiya prosesləri də sürətlənib. Bundan əlavə, 2009-cu ildə Naxçıvanda yaradılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 2021-ci ildə təşkilat statusuna qaldırılıb və Türk Dövlətləri Təşkilatı adlandırılıb. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşünün açılışında bu əminliyi ifadə etmişdir ki, Türk dünyasının tək ürək, tək vücud olduğunu ən yüksək səviyyədə bir daha göstərəcəyik. Bu gün Türk dünyası tarixinin heç bir dövründə olmadığı qədər güclüdür.

Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Rəcəb Tayyib Ərdoğanın yeni dönəmdə Türkiyəyə rəhbərlik etməsi ümumtürk dünyası, İslam coğrafiyası, hətta dünyanın maraqlarına uyğundur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan regional və qlobal miqyasda tanınan, hörmət edilən bir liderdir. Ərdoğan bütün ali platformalarda yeni və dövrün reallıqlarını əks etdirən cəsarətli arqumentlə çıxış edir. Onun məşhur "Dünya beşdən böyükdür" tezisi faktiki olaraq BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünə açıq mesajdır. Bu, həm də qlobal nizamı tənzimləyən dövlətlərə, beynəlxalq güclərə qarşı olan bir etirazdır. Regional müstəvidə isə Türkiyə Cənubi Qafqazda, Yaxın Şərqdə, Şimali Afrikada, Şərqi Aralıq dənizi regionlarında kifayət qədər nüfuz sahibi olan bir ölkəyə çevrilib. Türkiyədəki seçkilər təkcə region ölkələri deyil, eləcə də İslam aləmi, Türk dünyası üçün çox önəmlidir. Əsrlər boyu əzilmiş, təbii resursları istismar olunmuş Afrika və Asiya xalqları üçün də böyük əhəmiyyətə malikdir. Çünki "Ərdoğan Türkiyəsi" çoxları üçün ümid qapısıdır. Rəcəb Tayyib Ərdoğan 2002-ci ildən etibarən iqtidardadır və mübaliğəsiz deyə bilərik ki, məhz onun sayəsində Türkiyə bu gün dünya çapında nüfuz və gücə malikdir. Ərdoğan dünya səviyyəli nadir liderlərdəndir. Onun ölkəsi üçün etdikləri misilsizdir.

Uğurlu inkişaf, "Böyük İyirmilik"də

"Türkiyə son 20 ildə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir. Bu gün dünyada Türkiyə ilə hesablaşır və ona hörmət edirlər". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 16-da Ankarada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündəki çıxışında deyib. Dövlət başçısı bildirib ki, Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün türk dünyası üçün önəmli şərtdir. Son illər iqtisadi, siyasi və hərbi sahədə ciddi uğurlara imza atan qardaş Türkiyə bu gün dünyada söz sahibi olan dövlətlər sırasında yer alır. Regionda və hətta ətraf bölgələrdə Türkiyənin iştirakı olmadan hansısa mühüm layihənin icrası faktiki olaraq mümkün deyil. Əvvəlki Türkiyə ilə bugünkü Türkiyə hərbi, iqtisadi və siyasi baxımdan ciddi şəkildə fərqlənir. Enerji habına çevrilən Türkiyə öz maraqlarından çıxış edərək istənilən dövlətlə, təşkilatla münasibətlər qurur, irimiqyaslı layihələrə imza atır. Bir neçə il əvvəl Rusiya ilə nüvə sahəsində əməkdaşlıq anlaşması əldə olunub və anlaşmaya əsasən, Rusiyanın "Rosatom" şirkəti Türkiyədə "Akkuyu" nüvə mərkəzi inşa edir. 10 kvadratkilometr ərazidə 4 min 800 meqavat gücə malik 4 reaktordan ibarət ilk nüvə elektrik stansiyasının inşası davam edir.

Onu da qeyd edək ki, Türkiyə NATO-da say tərkibinə görə ikinci böyük orduya malik olan bir dövlətdir. Türkiyə son 20 ildə özünün milli müdafiə sənayesinin tam müstəqil təsisata çevrilməsinə nail olmaqla hərbi imkanlarını artırdı, eləcə də müdafiə sənayesi məhsulları ixracatçısına çevrildi. Hazırda Türkiyə PUA-ları dünyada qiymət və səmərəlilik əmsalını birləşdirməklə ən arzuolunan vasitələr hesab edilir. Öz sərhədləri daxilində belə sərbəst iradə sahibi olmayan 20 il öncəki Türkiyədən fərqli olaraq, hazırda Türkiyə Şimali Afrikada, o cümlədən Suriya və İraqda Ankaranın iradəsini yeritməklə özünü qlobal güc kimi təsdiq etdi. NATO-nun baş katibi Yens Stoltenberq öz çıxışlarında Türkiyəni NATO-nun vacib üzvü adlandırıb. O, etiraf edib ki, NATO Türkiyə olmadan zəif görünər. Türkiyə Alyansın Əfqanıstanda, Kosovoda və dünyanın digər nöqtələrində missiyalarının həyata keçirilməsinə misilsiz töhfə verib. Türkiyənin hərbi sənaye kompleksi son zamanlar yüksək templə inkişaf etməkdədir. "Bayraktar", "Aksunqur", "Akıncı", "Kızılelma" da daxil olmaqla pilotsuz döyüş aparatları Türkiyənin dünya çapında mövqelərini daha da möhkəmləndirir. Qeyd edilənlər bir daha onu göstərir ki, 2002-ci ildən bu yana Türkiyə Ərdoğanın liderliyi ilə böyük məsafə qət edib. Eyni zamanda, Ərdoğan liderliyini qoruyub saxlayır.

Bütün dünyada cərəyan edən iqtisadi və sosial böhran Türkiyədən də vaz keçməyib. Bir sıra siyasi səbəblər, o cümlədən münaqişələr, müharibələr də bu böhranın səbəbləri sırasındadır. Onu da unutmaq olmaz ki, Avropa öz qapılarını bərk-bərk bağlayanda, mühacirləri dənizdə boğanda, məhz Türkiyə beş milyondan artıq qaçqın-köçkünə öz qapılarını açdı. Qardaş ölkə heç bir maddi, mənəvi dəstək olmadan Suriyadan, İraqdan və digər ölkələrdən olan qaçqınlara evsahibliyi etdi. Bu il qardaş ölkədə baş verən dəhşətli zəlzələ 50 min nəfərdən çox insanın həyatını itirməsi ilə böyük dağıntılarla nəticələndi. Prezident Ərdoğan dərhal hadisəyə adekvat reaksiya verdi, lazımi qərarlar qəbul edildi. Ərdoğan zəlzələdən zərər çəkmiş hər qəsəbəyə baş çəkir, qısa müddətdə bütün dağıntıların aradan qaldırılacağını, şəhər və qəsəbələrin yenidən tikiləcəyini vəd edir.

Bu gün qardaş ölkə təkcə hərbi gücünə görə deyil, həm də iqtisadi nailiyyətlərinə, siyasi çəkisinə, qlobal proseslərdə oynadığı rola görə diqqət çəkir. 2022-ci ildə Türkiyədə Ümumi Daxili Məhsul (ÜDM) istehsalı 5.6 faiz böyüyərək 15 trilyon 6 milyard 574 milyon TL və ya 905 milyard 501 milyon dollar təşkil edib. Türkiyədə adambaşına düşən milli gəlir 25 min ABŞ dollarından yuxarı olub. Bununla da Türkiyə dünya iqtisadiyyatında 13-cü yerdə qərarlaşıb, bu artımla Avropa İttifaqı ölkələrini geridə qoyub. Vaxtilə vətəndaşlar iş üçün başqa ölkələrə üz tuturdular. İndi böyük dəyişiklər baş verib. İqtisadiyyatda qazanılan uğurlar sayəsində bir sıra ölkələrdən işçı qüvvələri Türkiyəyə axın edirlər.

Hazırda Türkiyənin əsas qida məhsulları ilə də bağlı çətinliyi yoxdur. Ümumiyyətlə, Türkiyənin istehsal etdiyi qida məhsullarından başqa ölkələr də istifadə edir. Yeri gəlmişkən, Ukraynadakı "Taxıl dəhlizi" təkcə taxıl yox, həm də qida təhlükəsizliyi dəhlizidir. Bu isə Türkiyənin sayəsində mümkün olub. Türkiyə bu gün hər kəslə danışa bilən dövlətdir.

Yüksək texnologiyalar ölkəsi

Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə həm də yüksək texnologiyalar ölkəsinə çevrilib. Türkiyə bu gün yüksək texnologiyaların təkcə tətbiq edildiyi deyil, həm də istehsal olunduğu ölkədir. Ən yeni texnologiyalar əsasında PUA-ların istehsal olunması Türkiyənin hərbi qüdrətini artırmaqla yanaşı, onun yüksək texnologiyalara əsaslanan sənaye ölkəsinə çevrildiyini göstərir. Bu günlərdə Türkiyə bütün dünyada böyük reaksiya doğuran daha bir ilkə imza atdı. Qardaş ölkə dünyada ilk dəfə olaraq PUA daşıyan gəmini - "TCG Anadolu"nu istismara verdi. Silah satışlarını 2 dəfə artıran Türkiyə ötən il 4 milyard dollarlıq silah satıb, bu il isə silah satışlarını daha da artırmağı planlaşdırır. Son illərdə pilotsuz uçuş aparatları (PUA), zirehli texnika və raket sistemləri ilə müdafiə sənayesində ciddi irəliləyiş əldə edən Türkiyə dünyanın 12-ci ən böyük silah ixracatçısına çevrilib. Qardaş ölkənin müdafiə sənayesi şirkətləri dünyanın 30-a yaxın ölkəsinə ixrac edilən "Bayraktar TB2", "Anka", "Aksungur", "Akıncı" pilotsuz uçuş aparatlarını istehsal edir. Ölkənin xarici şirkətlərdən asılılığına son qoymaq üçün yerli müəssisələrdə milli döyüş təyyarələri, helikopterlər, hərbi gəmilər, zirehli texnika və silah-sursat hazırlanır. XXI əsrin əvvəllərindən isə Türkiyə sənayesi bu istiqamətdə fəaliyyətini sürətləndirməklə, aviasiya və zirehli vasitələrin hazırlanmasına başladı. Hazırda Türkiyənin hərbi sənaye kompleksinin təkərli və tırtıllı zirehli nəqliyyat vasitələrinə aid layihələrin əsas yaradıcısı və istehsalçıları "Otokar" və BMC şirkətləridir. Sektorda son illərdə qismən daha kiçik üç şirkət də aktiv fəaliyyətdədir. Bir neçə gün əvvəl məlum oldu ki, məhz adıçəkilən şirkətlərin sayəsində Türkiyə artıq ilk yerli "Altay" tankının seriya istehsalına da başlayıb.

Ötən il oktyabrın 29-dan etibarən Türkiyə həm də elektromobil istehsalçısı olan dövlətlər sırasında öz yerini tutub. Bursa vilayətində fəaliyyət göstərən zavodun ilkin istehsal gücü illik 175 min ədəd nəzərdə tutulub. "Togg" istehsala başlayan kimi geniş müştəri kütləsini cəlb edib. Bu zavodun 2030-cu ilə qədər istehsal gücü bir milyonu ötəcək. Bu isə Türkiyənin qlobal avtomobil bazarında layiqli yer tutmasını şərtləndirəcək. Təsadüfi deyil ki, beynəlxalq ekspertlər "Togg"un istehsalını Türkiyənin 60 illik xəyallarının gerçəkləşməsi kimi qiymətləndirirlər. Bu, "Bayraktar" PUA-larından sonra Türkiyəni dünyada modern texnologiyalar istehsalçısı qismində tanıdan ikinci möhtəşəm nailiyyətdir. Eyni zamanda, qardaş ölkədə son illər müdafiə sənayesi ilə yanaşı, mülki sənaye sahələrinin də inkişaf etdirildiyini təsdiqləyir.

Türkiyə gündən-günə güclənən, sürətlə inkişaf edən, beynəlxalq aləmdə söz sahibi olan ən qüdrətli ölkələrdən birinə çevrilib. Bu gün siyasi, iqtisadi, hərbi, texnoloji və digər sahələrdə əldə etdiyi mühüm nailiyyətləri ilə qardaş Türkiyə ən qabaqcıl ölkələr sırasındadır. Eyni zamanda, son dərəcə mürəkkəb proseslərin cərəyan etdiyi dünyada və regionda sülhün və sabitliyin bərqərar olması, haqqın və ədalətin müdafiəsi naminə ardıcıl və qətiyyətli mövqeyi ilə beynəlxalq müstəvidə yüksək nüfuz və hörmət qazanıb.

"Cümhuriyyətimizin 100-cü ildönümünü qeyd edəcəyimiz 2023-cü il böyük və qüdrətli Türkiyənin qurulmasının müjdəsini verəcəyimiz yeni mərhələ olacaq". Bu fikir Prezident Rəcəb Tayyib Ərdoğanın Türkiyənin Zəfər bayramı münasibətilə xalqa müraciətində yer alıb. Türkiyə keçmişindən aldığı güclə parlaq və firavan gələcəyini qurmaq yolunda əmin addımlarla irəliləyir. Azərbaycan Prezidenti hər zaman qeyd edir ki, Türkiyə və Azərbaycan bir yumruq və ürəkdir. Azərbaycan və Türkiyə qardaşlığı bu gün sürətlə inkişaf edir. Dünyada bu formada əməkdaşlıq quran başqa ölkələr tapmaq mümkün deyil. Türkiyənin sevincini öz sevincimiz, kədərini öz kədərimiz bilirik. Azərbaycan Prezidenti İlham Əliyevin qardaş ölkənin milli bayramı - Respublika Günü münasibətilə ünvanladığı məktubda deyilir: "Qüdrətli Türkiyə Respublikasının hər bir uğurunu öz uğurumuz hesab edir, bundan hədsiz qürur duyuruq".

Mustafa KAMAL,

"Respublika".