Milli iradənin zəfəri - türk xalqı tarix yazdı
Türk dünyası

Milli iradənin zəfəri - türk xalqı tarix yazdı

2016 -cı ildə təqvimlər iyulun 15-ni göstərən zaman böyük türk milləti FETÖ terror təşkilatının qanlı terrorçularına qarşı misli görünməmiş müqavimət göstərdi. 15 iyul çevriliş cəhdi zamanı yüzlərlə əliqanlı terror təşkilatının törətdiyi xain çevriliş cəhdində türk milləti ən uzun 48 saatını yaşadı. Qardaş ölkə 251 şəhid verdi, 2196 vətəndaş isə yaralandı. Türkiyə çevriliş cəhdinə qarşı qətiyyətli müqaviməti ilə xarici aktyorların oyununu pozmaqla yanaşı, İslam dünyası üçün ümid işığı olduğunu bir daha sübut etdi.

Fətullah Gülən və onun tərəfdarlarının, xarici anti-Türkiyə təbliğatçılarının dövlət çevrilişi cəhdi uğursuzluğa düçar olmuşdur. Xarici imperialist dairələr tərəfindən himayə edilən bu şəxs geniş coğrafiyalarda Türk adı, Türk məktəbləri üzərindən şəbəkələşərək  fəaliyyətini ildən-ilə  genişləndirmiş, qlobal miqyasdakı hədəflərini həyata keçirə bilmək üçün əvvəlcə Türkiyə dövləti və iqtidarını ələ keçirməyi başlıca "vəzifə" olaraq görmüşdür. Hələ 2002-ci ildə demokratik seçkilərlə iqtidara gələn AKP (Ədalət və İnkşaf Partiyası) Avropa Birliyi və ABŞ ilə sıx əlaqələr quraraq, önəmli islahatlar keçirirdi. Türkiyə Silahlı Qüvvələrində yer alan bəzi hərbçilər bu gedişatdan narazı idilər. Nəticədə Türkiyə bu narazı təbəqənin - ordudakı zabitlərin "Balyoz", "Ergenekon" və s. çevriliş planlarının parçası olduğunu gördü. O zamanlar özü Amerikada yaşayan və dünyanın bir çox ölkəsində təhsil mərkəzləri olan ilahiyyatçı Fətullah Gülənin tərəfdarları da hökumət içində yer alırdı. Gülən şəbəkəsi polis, ordu, məhkəmə, təhsil, universitet və s. sahələrə öz adamlarını yerləşdirirdi. Bu təşkilat İslami fikirləri müdafiə adı altında türk xalqının rəğbətini qazanaraq, ABŞ və İsrail kimi ölkələrlə əməkdaşlığı xüsusi dəstəkləyirdi. Türkiyə Cümhuriyyəti 2002-2010-cu illər arasında Gülən şəbəkəsinin bütün dövlət qurumlarına yerləşdiyi bir dövrü yaşadı.  Lakin Rəcəb Tayyib Ərdoğan Fətullah Güləni siyasi həmlələrlə uzaqlaşdıra bildi.

Qeyd etməliyik ki, "Böyük Yaxın Şərq" proyektilə Suriya və İraqda baş verən terror aktlarına meydan oxuyan Türkiyənin həmlələri Qərb dairələrinin ciddi narazılığına səbəb olmuşdu. Qərb "müttəfiq"lərinin təhlükəli oyununa - Türkiyə ilə sərhəddə terror dövlətlərinin yaradılması cəhdinə qarşı qardaş ölkə qətiyyətlə mübarizə aparır. Ərdoğanın liderliyi ilə atılan cəsarətli addımlar Türkiyəni mürəkkəb vəziyyətə sürükləsə də, xalq öz liderinə olan inamı bir an belə itirmədi. Şübhə yoxdur ki, Rəcəb Tayyib Ərdoğanın hakimiyyətdən uzaqlaşdırılması işində əsas vəzifə illər boyu dövlət strukturlarına yerləşən,  insanların dini etiqadından istifadə edərək təşkilatlanıb, çox böyük bir güc halına gələn FETÖ-yə verilmişdi. Rəcəb Tayyib Ərdoğan isə FETÖ qruplaşmasını dövlət və özəl qurumlardan uzaqlaşdıraraq, iqtisadi güclərini yox etməyə çoxdan başlamışdı. Lakin xain addımların ardı-arası kəsilmir, FETÖ-nün əlaltıları ölkədəki sabitliyə kölgə salırdı. Belə ki,  MİT (Milli Kəşfiyyat İdarəsi) böhranı, Gəzi Parkı nümayişləri ilə başlayan iğtişaş təşəbbüsü kimi sistemli xarakter alan bütün əməliyyatların əsas hədəfi Rəcəb Tayyib Ərdoğanı hakimiyyətdən devirmək idi. 17-25 dekabr 2011-ci il tarixlərində Fətullah Gülən şəbəkəsi tərəfindən törədilmiş "sivil çevriliş" cəhdləri Ərdoğan və ailəsinə qarşı yönəlsə də, uğursuzluqla nəticələnmişdir.

Ancaq dövlət içərisində böyük güc qazanmış FETÖ-nün əlaltıları elə gizlənirdilər ki, onların kimlər olduğunu təsbit etmək olduqca çətin idi. Bundan başqa, ABŞ-da yaşayan liderlərindən aldıqları əmrlərlə Türkiyə dövləti əleyhinə olan bütün ölkələr və insanlarla əməkdaşlıq edirdilər. Təşkilatın fəaliyyəti həm Mərkəzi Asiya, həm də Rusiyada çoxdan qadağan edilmiş və məktəblər isə bağlanmışdı. Gülən şəbəkəsi üzvlərinin məhkəmə, polis və digər təşkilatlardakı nüfuzlu tərəfdarları tədricən işdən qovulurdular.

Türkiyənin qlobal aktor, müstəqil güc mərkəzinə çevrilməsini istəməyən  müstəmləkəçi dairələr daxildəki və xaricdəki  digər  oyunçularını da hərəkətə gətirmiş,  İstanbul və Ankaranın küçələrində ard-arda bombalar partlamağa başlamışdı. Çevriliş cəhdi zamanı TBMM-nin (Türkiyə Böyük Millət Məclisi) binası başda olmaqla dövlət binaları ağır silahlarla vurulmuşdu. Ancaq qardaş ölkə möhkəm müqavimət sərgiləyərək və sona qədər mübarizə apardı. 

15 iyul dövlət çevrilişinə cəhd Türkiyənin Qurtuluş savaşından sonra üzləşdiyi ən ciddi təhlükələrdən biri idi. Rəcəb Tayyib Ərdoğanın siyasi liderliyi sayəsində türk ordusu,  polisi,  ziyalıları,  gəncləri ayağa qalxaraq dövlətini bu təhlükədən qorumuş, milli iradə qardaş ölkənin gələcəyini xilas etmişdir. 

İnsan haqları, demokratiya kimi müddəaları özünün "sevimli" şüarına çevirən Qərb dünyasının səssizlik və məyusluq içində Türk millətinin o xain  çevriliş cəhdinin qarşısını necə qəhrəmanlıqla almasını izləməsi isə beynəlxalq ədalətin işləməməsini sübut etmişdir.  Sonrakı dövr Amerika başda olmaqla, Qərb ölkələrinin  FETÖ-yə hər cür dəstək verməyə davam etməsi, xalqa atəş açan, hərbi təyyarə ilə ölkədən qaçan xuntaçılara sığınacaq verməsi, F.Güləni Türkiyəyə təhvil vermək  əvəzinə, Amerika və dünyanın fərqli ölkələrindəki məktəblərinə maddi yardımlar edilməsi xain cəhdin bütünlüklə Türk millətinə qarşı həyata keçirildiyini ortaya qoyur.

Xain çevriliş cəhdində silahını öz əsgərinə, polisinə və dinc vətəndaşına yönəldən, din pərdəsi altında illərdir fəaliyyət göstərən xainləri lənətləyirik. Vətənini qoruyan, bayrağını dalğalandırmaq uğrunda canından keçən bütün şəhidlərin ruhu şad olsun.

Nurlan ABDALOV,

"Respublika".