Qarabağ və Şərqi Zəngəzur zəngin şirin su ehtiyatlarına malikdir
Region

Qarabağ və Şərqi Zəngəzur zəngin şirin su ehtiyatlarına malikdir

Torpaqlarımızın yağı düşməndən azad edilməsi həm də ölkənin iqtisadi, kənd təsərrüfatı, meliorasiya və şirin su ehtiyatları potensialından səmərəli istifadə etmək imkanlarını gücləndirdi. Müharibədən dərhal sonra dövlət başçısının işğaldan azad edilmiş bölgələrə mütəmadi səfərləri başlandı. Qarabağ və Şərqi Zəngəzur bölgələrində düşmən tərəfindən viran qoyulmuş torpaqlarımızın minalardan təmizlənməsi ilə parallel, abadlıq, yaşıllaşdırma, tikinti-quruculuq işlərinə başlandı və bu proses hazırda sürətlə davam etdirilir.

Hələ təxminən 2 il 10 ay bundan öncə, 2020-ci il noyabrın 25-dən 26-na keçən gecə Kəlbəcər rayonunun işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyirdi ki, Qarabağ torpaqları çox böyük şirin su ehtiyatlarına malikdir.

Doğrudan da, bizim 10-dan çox kiçik və böyük çayımızın mənbəyi məhz buradadır. Onlardan dördünün adını xüsusilə qeyd etmək lazımdır. Çünki hər birinin uzunluğu 100 kilometrdən artıqdır. Tərtərçay 200 kilometr, Bazarçay 180 kilometrə yaxın, Xaçınçay 120 kilometrə yaxın - bu üç çay Kəlbəcər rayonunda yerləşir. Həkəri də böyük çaylardandır - uzunluğu 100 kilometrdir.

Bunun Azərbaycan üçün çox böyük əhəmiyyəti var. Çünki Azərbaycan torpaqlarından keçən böyük çayların (Kür, Araz, Samur) mənbələri başqa ölkələrin ərazisində yerləşir. İndi bu 4 çay mənbələrinin öz ərazimizdə yerləşməsi bizim üstünlüyümüzdür. Lakin indiyə qədər bu ərazilər işğal altında idi. Onların suyundan və potensialından istifadə etmək mümkün deyildi. İndi isə işğaldan azad edilən bölgələrdə həyatın bərpası üçün bu çayların çox böyük rolu olacaq.

Bölgələrin malik olduğu su mənbələrindən söhbət açsaq, Suqovuşan Su Anbarını xüsusi qeyd etmək lazımdır. Anbarın sututumu 5,86 milyon kubmetr, suvara biləcək ərazi 21 min hektardır. Beləliklə, postmüharibə dövründə bu su anbarı ətraf rayonların əkin sahələrinin suvarılmasında çox mühüm rol oynayır.

Yeri gəlmişkən qeyd edək ki, bu ilin mart ayında dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tərtər rayonuna səfərləri çərçivəsində Suqovuşan qəsəbəsində olublar. Suqovuşan Su Anbarından həm də turizm məqsədilə istifadə etmək üçün burada hazırda anbar ətrafında sahilboyu gəzinti cığırları salınır, oturacaqlar, söhbətgahlar quraşdırılır. 40 nəqliyyat vasitəsi üçün avtodayanacaqlar, ictimai iaşə obyektləri tikilir. Prezident və birinci xanım hələ mart ayında su anbarı ətrafında yaradılacaq turizm kompleksinin təməlini qoyublar və kompleksin tikintisi bu ilin axırında yekunlaşacaq.

Bu bölgələrin ən böyük su mənbələrindən biri də Sərsəng Su Anbarıdır ki, 1976-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tikilmişdir. Sututumu 565 milyon kubmetrdir və 96 min hektar əkin sahələrini suvarmaq potensialına malikdir. Bundan başqa, Köndələnçay ətrafında üç su anbarı mövcuddur ki, bu da qonşu rayonların əkin sahələrini suvarmaqda mühüm rol oynayır.

Xaçınçay Kürün sağ qoludur, Ağdərə, Ağdam, Bərdə rayonları ərazisindən keçir. Uzunluğu 119 kilometr olan bu çayın üzərindəki eyniadlı su anbarı 60 ildən artıqdır ki, fəaliyyət göstərir (işğal dövrünü nəzərə almasaq). Xaçınçay Su Anbarı Ağdam rayonu ərazisində yerləşir, sututumu 23 milyon kubmetrdir, 16800 hektar əkin sahəsini suvarır.

Məlum olduğu kimi, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə edilməsinin təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Azərbaycan Prezidenti cənab İlham Əliyevin 15 aprel 2020-ci il tarixli sərəncamı ilə yaradılan Komissiyanın keçən ilin iyununda Ağdam şəhərinin təməlinin qoyulduğu ərazidə iclası keçirilib. Tədbirdə bildirilib ki, buradakı çaylar üzərində 9 su anbarı mövcuddur. Bu ərazilərdən başlayan, əsasən yağış və qar suları ilə qidalanan 13 iri çay var ki, onlar birbaşa və ya sonradan Araza, Kürə tökülürlər. İslasda Baş nazirin müavini, Komissiyanın sədri Şahin Mustafayev bildirib ki, ərazilərin və iri su qovşaqlarının işğaldan azad edilməsi nəticəsində 2 milyard kubmetrdən artıq su ehtiyatından istifadə etmək imkanımız var.

Bu ilin ilk aylarından etibarən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin müvafiq qurumları tərəfindən azad edilmiş bölgələrdə hidrogeoloji-meliorativ vəziyyətin öyrənilməsi məqsədilə sahələrin xəritələşməsi, məlumat bazasının formalaşdırılması, monitorinqlərin təşkili ilə bağlı təkliflər hazırlanmışdır. Ağdamda 35400, Füzulidə 27199, Qubadlıda 14956, Laçında 10466, Cəbrayılda 320495, Kəlbəcərdə 3952 hektar olmaqla, ümumilikdə 200 min hektardan çox suvarılan torpaq sahəsində hidrogeoloji - meliorativ vəziyyətin öyrənilməsi məqsədilə müvafiq zona yaradılmışdır.

Hazırda ASC və digər dövlət qurumları tərəfindən bu bölgələrdəki su ehtiyat mənbələrinə, anbarlara baxış keçirilərək işğal dövründə ermənilərin vurduğu ziyanın, törətdikləri vəhşiliklərin aradan qaldırılması istiqamətində təmir-bərpa işləri aparılır. Məsələn, Tərtərçay sol sahil kanalının yenidən qurulması (20 kilometr uzunluğunda olan bu kanal yenidən qurulur) 26,6 min hektar əkin sahəsində su təminatının yaxşılaşdırılması deməkdir. Avqust ayında Sərsəng Su Anbarına da texniki baxış keçirilib. Məqsəd baş verə biləcək texniki problemləri vaxtında aşkarlamaq və profilaktiki tədbirlər görməkdir.

Bu il avqustun 12-də Prezident İlham Əliyev İsmayıllının Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bildirib ki, Qarabağ və Şərqi Zəngəzur bölgələrində kənd təsərrüfatının inkişafı ən müasir əsaslar üzərində qurulmalıdır. Vaxtilə Azərbaycanda aparılmış kənd təsərrüfatı islahatları zamanı yol verilmiş səhvlər təkrar olunmamalıdır. Hər şey düzgün, şəffaf olmalıdır və məhz bunun nəticəsində ən böyük məhsuldarlıq işğaldan azad olunan bölgələrdən əldə olunacaq.

 Nəriman CAVADOV,

 "Respublika".