Qaxda fındıq sahələri genişləndirilir
Region

Qaxda fındıq sahələri genişləndirilir

Fındıq Azərbaycandan xaricə ən çox ixrac olunan kənd təsərrüfatı məhsullarındandır.  Son illər Qax rayonunda   yüksək ixrac potensialına malik fındıq istehsalının artırılması istiqamətində xeyli iş görüldüyündən uğurlu nəticələr əldə edilib. Fındıq bağlarının məhsuldarlığının artırılması məqsədilə zəruri aqrotexniki tədbirlərin vaxtlı-vaxtında aparılması təmin olunmaqla yanaşı, həm də bağ sahələrinin genişləndirilməsinə xüsusi diqqət verilir.

Rayon icra hakimiyyətindən qəzetimizə verilən məlumata görə, 2016-2020-ci illər ərzində 3392 hektar ərazidə yeni fındıq bağları salınaraq, onların sahəsi 10210 hektara çatdırılıb və həmin bağların 6228 hektarı barverəndir. Yeni  bağların 700 hektarı rayonda fəaliyyət göstərən və fındıqçılıq sahəsində ixtisaslaşan "Monte-Ferro" Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən salınıb  və həmin bağlarda damcılı suvarma tətbiq olunur. 

Ötən müddət ərzində fındıqçılıq sahəsində kooperasiyanın təşkilinə də xüsusi diqqət verilmişdir. Turaclı kəndində 350 hektar bağ sahəsinin mülkiyyətçisi olan  96 ailəni birləşdirən və "Ata baba" fındıq istehsalı kooperativinin yaradılması ilə  bağlı  26 aprel 2019-cu il tarixdə təsis yığıncağı keçirilmişdir. Hazırda kooperativdə birləşən ailələrin sayı 130 nəfər, bağların sahəsi 510 hektar təşkil edir. 

 Qeyd edək ki, son iki il ərzində rayonda orta hesabla hər il 5 min ton yüksəkkeyfiyyətli məhsul istehsal olunub.  Məhsul istehsalının arırılması üçün mülkiyyətçilər tərəfindən aqrotexniki tədbirlərin tələb olunan səviyyədə aparılmasına  ciddi münasibət göstərilməsinin nəticəsidir ki, cari ildə rayonda  6 min tona yaxın yüksəkkeyfiyyətli məhsul istehsalı gözlənilir. Bu hesaba əhali təsərrüfatlarına təxminən 18-19 milyon manat vəsait daxil olacaqdır ki, bu da onların sosial rifahının yaxşılaşmasında önəmli rol oynayacaqdır.

M.QULUYEV,

"Respublika".