Rəqabətqabiliyyətli yüksək texnologiyalı müəssisələrimiz
İQTİSADİYYAT

Rəqabətqabiliyyətli yüksək texnologiyalı müəssisələrimiz

Sənaye zonalarında istehsal olunan məhsulun 80 faizi Sumqayıt Kimya Sənaye Parkının payına düşür

İnkişaf etmiş hər bir dövlətin ümumi daxili məhsulunda sənaye malları əsas, aparıcılıq təşkil edir. Ümumiyyətlə, sənayesi inkişaf etməyən, zəif olan dövlətin yüksəlişindən danışmaq yersiz olardı. Təbii, gənc və müstəqil Azərbaycan dövləti də öz iqtisadi siyasətində bu məsələyə xüsusi diqqət yetirir.

Bu baxımdan “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” və “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” sənayemizin inkişafında müstəsna rol oynamışdır.

Bu dövrdə innovasiya xarakterli texnologiyaların tətbiqi davam etdirilmiş, yeni müəssisələr yaradılmış, mövcud istehsal potensialı artırılmış, ölkə sənayesində 2,7 dəfə artım qeydə alınmışdır. Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət müəssisələri məhsulunun payı 2003-cü ildə 56,8 faiz təşkil etdiyi halda, 10 il sonra 81,4 faizi ötmüşdür.

Sumqayıt Texnologiyalar Parkı, Sumqayıt Kimya Sənayesi, Balaxanı Sənaye parklarının, Yüksək Texnologiyalar Parkının yaradılması da bu dövrün məhsuludur. Onlar əhalinin məşğulluğunun təmin olunmasında böyük rol oynadılar. Sənayenin maşınqayırma, metallurgiya, kimya, mebel, toxuculuq, qida və digər sahələrində dinamik artım baş vermiş, dünya iqtisadiyyatının böhranla üzləşdiyi dövrdə belə, Azərbaycan sənayesində qeyri-neft sektorunun davamlı inkişafı təmin olunmuşdur.

Azərbaycan Prezidentinin 27 fevral 2014-cü il tarixli Fərmanı ilə təsdiq olunan “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda da sənayeləşməyə önəmli yer verilib.

Məsələn, 2012-ci ildə 33,9 milyard manatlıq sənaye məhsulları istehsal edildiyi halda, 2019-cu ildə bu rəqəm 47 milyard manata yaxınlaşmışdı.

Sevindirici haldır ki, sənaye sektorunda rəqabətqabiliyyətli müəssisələrin xüsusi çəkisi artmaqdadır. Bu barədə regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransında dövlət başçısına məlumat verilib.

Konfransda qeyd olunub ki, ölkənin 10 bölgəsində sənaye zolaqlarının yaradılması sənayeləşmə prosesinə təkan verib. Ümumilikdə, indiyədək sənaye zonalarında rezidentlər tərəfindən 6 milyard manata yaxın investisiya yatırılıb və 9 mindən çox yeni iş yeri açılıb. Ötən ildə bu zonalarda istehsalın ümumi həcmində 2,6 dəfə artım qeydə alınıb. Qeyd edək ki, sənaye zonalarında istehsal olunan məhsulun 80 faizindən çoxu Sumqayıt Kimya Sənayesi Parkının payına düşür.

Digər sənaye zonalarında da fəaliyyətin səmərəsini artırmağa ehtiyac var.

Sənayedə rəqabətqabiliyyətli müəssisələrin xüsusi çəkisi getdikcə artmaqdadır. Fürsətdən istifadə edib onların bəziləri haqqında oxucularımıza qısa məlumat vermək istəyirik.

Gəncə Avtomobil Zavodunda (GAZ) 10 mininci traktor konveyerdən çıxıb. Qeyd edək ki, əsası 1986-cı ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan GAZ uzun müddət fasilədən sonra 2004-cü ildə yenidən fəaliyyətə başlayıb. 30 min ədəd orta tonnajlı avtomobil istehsalına hesablanan bu nəhəng müəssisənin uzun müddət işə düşməməsinə səbəb SSRİ-nin dağılması olmuşdur.

2006-cı ilin oktyabr ayında Prezident İlham Əliyevin Belarusa səfəri çərçivəsində iki dövlət arasında müqavilə bağlanıb. GAZ ilə Minsk Traktor Zavodu və Minsk Avtomobil Zavodu birgə əməkdaşlığa başlayıblar. 2007-ci ilin martında Gəncədə “Belarus-80.1” model traktoru istehsal olunub. Bu gün müəssisə yüzlərlə traktor istehsal edir.

Gəncə traktorlarına maraq böyükdür. Qonşu Gürcüstan da Gəncədən traktorlar almağa başlayıb.

Naxçıvan Avtomobil Zavodunun əsası 2006-cı ildə qoyulub. Əsasən minik avtomobilləri istehsal edir. 2009-cu ilin may ayında Pekində keçirilən Çin-Azərbaycan biznes forumu çərçivəsində iki ölkənin müəssisələri arasında müqavilə bağlandı. Sazişə əsasən Naxçıvanda “Lifan” markalı avtomobillərin istehsalına başlandı. Zavod 2010-cu ilin yanvarından etibarən istismara verilmişdir.

Zavodda “Lifan” modelləri yığılır və “Naz Lifan” brendi ilə avtomobillər buraxılır. Fəaliyyətə başladığı 10 il ərzində 5 min ədəddən çox maşın istehsal olunub. “Lifan 320”, “Lifan 620”, “Lifan 520”, “Lifan x60”, “Lifan 720” modelləri var.

Mingəçevir ölkənin 4-cü sənaye mərkəzidir. Ölkə elektrik enerjisinin 60 faizindən çoxunu istehsal edir. Şəhərdə elektrotexnika müəssisələri olan “Azərkabel” və “İzolit” ASC-ləri, neft-kimya müəssisələri olan “Şüşə-lift”, “Texniki-rezin”, “Regenerat” ASC-lər və b. müəssisələr fəaliyyət göstərir.

Sumqayıt Kimya Sənaye Parkı Prezident İlham Əliyevin “Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında” 21 dekabr 2011-ci il tarixli Fərmanına əsasən yaradılıb. Əsas məqsəd ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafına nail olmaqdır.

Sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması burada prioritet istiqamətlərdir.

Sumqayıt Kimya Sənaye Parkı MMC aşağıdakı təşkilatları özündə birləşdirir:

Mingəçevir Sənaye Parkı (SP), Qaradağ SP, Pirallahı SP.

Sumqayıt Kimya Sənaye Parkı nəhəng müəssisədir, geniş əraziyə və mükəmməl infrastruktura malikdir. 508,14 hektar ərazini əhatə edir, 24 rezidenti özündə birləşdirir: “Azertexnolayn” MMC, “SOCAR Polymer” MMC, “AzerFloat” QSC, “Aqrokimya Azərbaycan” MMC və onlarca b.

2013-cü il oktyabrın 3-də dövlət başçısının iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkının təməlqoyma mərasimi keçirilib. Müxtəlif vaxtlarda onun rezidentlərinin, habelə müəyyən əlaqəli müəssisələrin də açılışı olub.

Pirallahı Sənaye Parkı (SP) isə Prezident İlham Əliyevin 14 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə yaradılıb. Ərazisi 30 hektardır. Pirallahı SP zəruri infrastruktura malik, idarəetmə qurumları olan, müasir texnologiyaların yolu ilə sənaye, əsasən əczaçılıq sənayesi üzrə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi üzrə istiqamətlənib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 19 may 2019-cu ildə Pirallahı SP-yə səfər edərək “Diamed CO” şpris istehsalı zavodunun açılışında iştirak edib.

Mingəçevir Sənaye Parkı Prezidentin 26 fevral 2015-ci il tarixli, Qaradağ SP isə 3 iyun 2015-ci il tarixli sərəncamlarına əsasən yaradılıb. Mingəçevir SP-nin ərazisi 26 hektardır. Yüngül sənaye, tekstil sənayesi üzrə ixtisaslaşıb. Qaradağ SP-nin ərazisi 72 hektardır, rəqabətqabiliyyətli gəmiqayırma və digər sənaye istehsalı sahələri üzrə ixtisaslaşıb. Bakı Gəmiqayırma Zavodu da bura daxildir. Yeri gəlmişkən qeyd edək ki, Qaradağ rayonunda müasir standartlara cavab verən Gəmiqayırma Zavodunun açılışı 20 sentyabr 2013-cü ildə olmuş və Prezident İlham Əliyev açılışda iştirak etmişdir.

Suraxanı Günəş Elektrik Stansiyanın açılışı-16 iyul 2014-cü il. Prezident İlham Əliyev Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Suraxanı Günəş Elektrik Stansiyasının açılışında iştirak edib. Qeyd edək ki, Prezident adı yuxarıda çəkilən Dövlət Agentliyini 2013-cü ildə yaradıb, bu enerjinin istehsalı, istehlakı və səmərəliliyi ilə bağlı tədbirlər həyata keçirilib. Azərbaycan bərpa olunan və alternativ enerji potensialı ilə çox zəngin ölkədir. Ona görə də ümumi enerji sektorunda onun payının 20 faizə çatdırılması hədəflənib.

6 hektar sahədə yaradılan stansiyada təlim məntəqəsi də fəaliyyət göstərir. Məntəqədə bu ixtisas üzrə təhsil alan tələbələr, mütəxəssislər təlim kurslarına cəlb olunur. Ərazidə 8 min ədəd günəş paneli quraşdırılıb və onların gündəlik elektrik enerjisi gücü 12 min kilovatsaatdır. Gələcəkdə daha 4 min panelin quraşdırılması planlaşdırılır ki, stansiyanın elektrik enerjisi gücü daha da artırılsın.

Ölkənin başqa bölgələrində də günəş panellərinin quraşdırılmasına başlanılıb. Nəticədə onların ümumi enerji istehsalı 4 milyon kilovatsaata çatıb. Bu isə 1 milyon 300 min kubmetr təbii qaza qənaət etmək deməkdir.

Nəriman CAVADOV,

“Respublika”.