ŞƏHİD BULAĞI
Region

ŞƏHİD BULAĞI

Ruhid İslamlı Lerik rayonunun Çeşman kəndində dünyaya göz açıb. Ailənin yeganə oğul övladı kimi sevilib, xətri əziz tutulub. 2000-ci ildə valideynləri ilə birgə Bakı şəhərinə köçüb. Suraxanı rayonundakı 315 nömrəli tam orta məktəbdə təhsil alıb.

Orta məktəbdə oxuyarkən yaşıdlarından Vətənə, millətə, dövlətçiliyimizə sevgisi ilə fərqlənib. Milli dəyərlərə sadiq və vətənpərvər ruhda böyüyüb. Ruhid həm də idmanın bir neçə növü ilə də məşğul olub. Respublika səviyyəli yarışlarda uğurla iştirak edib, qələbələrə imza atıb.


Ruhid İslamlı 2016-cı ildə Naxçıvan Müəllimlər İnstitutuna qəbul olunub. Burada təhsildə sosial-psixoloji xidmət ixtisası üzrə təhsil alıb. Yeni Azərbaycan Partiyası sıralarına qəbul edilib. Partiyanın gənc, fəal üzvü kimi institutda Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri seçilib. Azərbaycan Maarifçilər Assosiasiyasının da üzvü olub.

2020-ci ildə ali məktəbi bitirib həqiqi hərbi xidmətə çağrılıb. Sentyabr ayının 27-də başlayan Vətən müharibəsində iştirak etmək üçün könüllü ərizə yazıb. Döyüşlərdə nümunəvi rabitəçi kimi xidmət edib. Oktyabr ayının 6-da Ağdərə-Tərtər istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Prezident İlham Əliyevin sərəncamı ilə Ruhid Uğur oğlu İslamlı ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Bu günlərdə doğulduğu Çeşman kəndində xatirəsi şərəfinə tikilmiş bulağın açılış mərasimi keçirilib. Mərasimdə Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhidin ailə üzvləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak edirdi.

Tədbirin əvvəlində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhid Ruhid İslamlının barelyefi önünə güllər düzülüb.

Lerik şəhərindəki Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov 21 yaşında şəhidlik zirvəsinə ucalmış Ruhidin qısa və mənalı ömür yolundan söhbət açıb.

Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşiyev mərasimdə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyilə işğal altında olan torpaqlarımızın 44 gün ərzində azad edildiyini, ordumuzun Azərbaycanın zəfər tarixinə parlaq səhifə yazdığını bildirib. Qələbəmizi şərtləndirən amillərdən biri də Ruhid İslamlı kimi gənclərin Vətənə olan sonsuz sevgisi, yüksək döyüş qabiliyyəti və torpaqlarımız uğrunda canlarını fəda etmələridir, - deyə C.Baxşiyev qeyd edib. Belə igid, qəhrəman oğullarla fəxr edir, qürur duyuruq.

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik Rayon Şöbəsinin rəisi, polkovnik Arif Həsənov, şəhidin dayıları - ehtiyatda olan polkovnik-leytenant Salam Hadıyev və Rafiq Şükürov, şəhid baş leytenant Əliqismət Yaqublunun atası Mükafat Yaqubov əziz xatirəsi böyük hörmət və ehtiramla anılan Ruhid İslamlının el-obasına, Vətəninə sonsuz bağlı olan bir gənc kimi həmişə ürəklərdə yaşayacağını bildiriblər.

Məktəbli Əsmər Əlili şəhidə həsr olunmuş şeiri oxuyub. Şəhidin atası Uğur İslamov şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.