Şövkət Sabirov: Azərbaycan dövləti və xalqı öz tarixi irsinə və mədəniyyətinə çox yüksək səviyyədə sahib çıxır
MÜSAHİBƏLƏR

Şövkət Sabirov: Azərbaycan dövləti və xalqı öz tarixi irsinə və mədəniyyətinə çox yüksək səviyyədə sahib çıxır

Biz artıq bir neçə gündür ki, Azərbaycandayıq. Bakı və Şuşa şəhərlərində olmuşuq. İnternetdə olan məlumatlardan fərqli olaraq baş verən hadisələri canlı görmək insanda fərqli, özünəməxsus baxış formalaşdırır.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Gəncədə Ermənistanın günahsız mülki insanlara qarşı raket hücumları ilə törətdiyi cinayət yerlərinə baş çəkərkən "Qazaxıstan İnternet Assosiasiyası" hüquqi şəxslərin qeyri-kommersiya birliyinin prezidenti Şövkət Sabirov deyib.

"Bu gün Gəncəyə erməni terrorundan əziyyət çəkən yerlərə gələndə çox aydın görə bilirik ki, müharibə uşaq, qadın, qoca - heç birinə məhəl qoymadan necə qəddar olur və hər şeyi məhv edir. Burada gördüklərim bir cinayətdir. Onu da bildirim ki, Azərbaycan dövləti və xalqı öz tarixi irsinə və mədəniyyətinə çox yüksək səviyyədə sahib çıxır. Azad olunan ərazilərdə görülən işlər bunun bariz sübutudur", - deyə Ş.Sabirov deyib.

AZƏRTAC