Şuşanı ilk dəfə gördüm...
Digər xəbərlər

Şuşanı ilk dəfə gördüm...

Qara, yağışa, şaxtaya baxmayaraq, ekofəalların və gənclərin Laçın-Xankəndi yolundakı etiraz aksiyası bir aydan artıqdır ki, fasiləsiz olaraq davam edir. Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

Dinc etiraz aksiyası keçirən gənclərin əzmi, dəyanəti, Vətən məhəbbəti onlara şər-böhtan atan erməniləri, Xankəndidəki xunta rejimini, ermənipərəstləri ciddi narahat edir, düşmən vahimələnir, qorxduğunu büruzə verməsə də bu dirənişin qarşısında aciz duruma düşür. Gah "blokada”dan, gah da "aclıq"dan yalan və riyakar məlumat yayan ermənilər Azərbaycan gəncinin hünərini və fədakarlığını sınıra bilmirlər. Ölkəmizin hər guşəsindən, müxtəlif yaş qruplarından olan, xüsusilə gənclər haqq səsimizi dünyaya Qarabağdan çatdırırlar. Həmin gənclərdən biri də Ağcabədi rayonundan olan gənc Famil İsmayılzadədir. Qeyd edək ki, Famil könüllü olaraq aksiyaya qatılıb. Familə ilk sualım da belə oldu ki, səni etiraz aksiyasına qatılmağa nə vadar etdi?! Qısa və kəsə cavab verdi: həmyaşıdlarımın, ekofəalların yanında olmağım vətəndaşlıq borcumdur. Onlar qarda, şaxtada öz haqq səslərini ucaltdıqları halda mən kənarda qala bilməzdim.

Famil aran rayonunun ilıq havasında böyüsə də Şuşanın sazağı, qarı, dumanı, çəni onu qorxutmayıb, əksinə təbiətin mözüsəsinə, Şuşanın füsunkar gözəlliyinə heyran qalıb. Famil deyir: Qalib Ali Baş Komandan İlham Əliyevin diplomatiyası, ciddi mübarizəsi, müzəffər ordumuzun gücü və peşəkarlığı sayəsində xalqımızın 30 illik həsrətinə, yurd nisgilinə son qoyulub. Əlbəttə ki, biz gənclər daha çox sevincliyik, görmədiyimiz, haqqında ancaq eşitdiyimiz torpaqlarımızı gördük, yurd yerlərində ermənilərin törətdikləri vəhşiliyin şahidi olduq. Şuşa haqqında onu deyim ki, doğrudan da bu məkan sözlə ifadə edilə bilməyəcək qədər möhtəşəmdir. Təbiəti, havası, suyu, bərpa edilən binaları, abidələri insanda bir məhrəmlik və doğmalıq yaşadır. Şuşada çox sürətlə aparılan yenidənqurma və tikini işləri bizi qəlbən sevindirdi. Şuşanı ancaq xəyallarımda təsəvvür edirdim və qədim qalanın bu qədər cəlbedici olduğunu düşünmürdüm. Ancaq, qısa vaxt ərzində elə sandım ki, mən Şuşada dünyaya göz açmışam. Bu qədər doğmalıq hiss etdim.

Şuşa haqqında təəssüratlarını dilə gətirən Famil bildirir ki, bizim əsas tələbimiz Qarabağda faydalı qazıntı yataqlarımızda ermənilər tərəfindən aparılan ekoloji terrorun qarşısının alınması, bu sərvətlərdən qanunsuz istifadənin beynəlxalq hüquq normalarına zidd olduğunu sübuta yetirmək, eyni zamanda ekoloqlarımızın həmin ərazilərdə monitorinq keçirmələrinə rusiya sülhməramlılarının şərait yaratmaları ilə bağlıdır. Çox təəssüf ki, bu baş vermir, sülhməramlılar ermənilərin torpaqlarımızda törətdikləri cinayətlərə açıq-aşkar göz yumurlar. Əslində, həm də bu aksiya bir daha onu göstərdi ki, xalqımız hər zaman Qarabağ məsələsində öz mövqeyini, iradəsini ortaya qoymağa hazırdır.

Gecələr şaxta güclənsə də etirazçılar dayandıqları yeri tərk etmir, çox yüksək əhvali-ruhiyyə ilə şüarlar səsləndirir, qələbəyə, Azərbaycana həsr edilən mahnılar oxuyur, haqq səsimizi "Şəhidlər ölməz, Vətən bölünməz", "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır", "Ekoloji terrora son", "Stop ekosit" şüarları ilə dünyaya çatdırırıq. Rusiya sülhməramlıları arasında Azərbaycan dilini başa düşənlər var idi, dilimizi bilməyənlər də səsləndirdiyimiz şüarların mənasını öyrənirlər. Ermənilərin iddia etdiyi "blokada", Laçın-Xankəndi yolunun bağlanması sözləri yalan və iftiradır. Yol həmişə açıqdır, demək olar ki, hər gün oradan Rusiya sülhməramlılarına məxsus yükdaşıyan onlarla maşın maneəsiz hər iki tərəfə hərəkət edir, təcili yardım və hətta mülki erməni maşınlarına da yol açıqdır. Ermənilərin qaldırdığı hay-küyün heç bir əsası yoxdur.

Aksiya iştirakçısı Famil İsmayılzadənin fikirləri Xankəndidəki cinayətkar rejimin, oğru və talançı R.Vardanyanın, ermənipərəstlərin boş yerə qaldırdıqları böhtan, yalan tozanağını, iftiraçıların xəbis niyyətlərini ifşa edir. Aksiya iştirakçıları pankartlar tutaraq və şüarlar səsləndirərək erməniləri Azərbaycanın azad edilmiş ərazilərində təbiəti qorumağa, yataqların ətraf mühitə ziyanlı və qanunsuz istismarına son qoymağa çağırırlar. Bir daha qeyd edək ki, gün ərzində Beynəlxalq Qızıl Xaç Komitəsinin və Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının avtomobilləri Laçın yolu ilə dəfələrlə maneəsiz hərəkət edir və humanitar yük daşıyırlar.

Salman ALIOĞLU,

"Respublika".