TƏRTƏR: MELİORATORLARI ÖTƏN İLİ UĞURLU GÖSTƏRİCİLƏRLƏ YOLA SALIBLAR
Region

TƏRTƏR: MELİORATORLARI ÖTƏN İLİ UĞURLU GÖSTƏRİCİLƏRLƏ YOLA SALIBLAR

30 ilə yaxın tərtərlilər daim erməni təxribatına məruz qalmışlar. Hər dəqiqə atəşkəsin pozulması istər-istəməz əhalini narahat edirdi. Eyni zamanda, region üçün xüsusi əhəmiyyətə malik Suqovuşan Su Anbarı işğal altında qaldığından bu strateji əhəmiyyətli obyektdən səmərəli istifadə etmək qeyri-mümkün idi.

Məlum olduğu kimi, Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə 27 sentyabr 2020-ci il tarixdə əks-hücum əməliyyatına start verildi. Rəşadətli Ordumuz cəmi 44 gün ərzində möhtəşəm bir qələbəyə imza ataraq torpaqlarımızı, o cümlədən Suqovuşan Su Anbarını işğaldan azad etdi. Beləliklə, Tərtər və ətraf rayonlara sanki yeni həyat bəxş olundu.

Tərtər Suvarma Sistemləri İdarəsinin rəisi Şəmil Ziyadovdan görülən işlər barədə danışmağı xahiş etdik. İdarə rəisi bildirdi ki, son illərdə Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq respublikanın hər yerində olduğu kimi, Tərtər rayonunda da bu sahədə həyata keçirilən layihələr öz bəhrəsini verir. Belə ki, hər il yeni subartezian quyularının qazılaraq istifadəyə verilməsi və qeyd etdiyimiz kimi, Suqovuşan Su Anbarından səmərəli istifadə rayonda şirin suya olan tələbatın ödənilməsində mühüm əhəmiyyət kəsb edir.

Kənd təsərrüfatı məhsullarının istehsal həcmində ilbəil dinamik artım müşahidə olunmaqdadır. Müsahibim qeyd etdi ki, Tərtərdə əhalinin məşğuliyyətini əsasən aqrar sahə təşkil edir. Rayon iqtisadiyyatı kənd təsərrüfatından birbaşa asılıdır.

Sözsüz ki, əkinçilikdə bol məhsulun əldə olunması aqrotexniki qaydalara ciddi əməl etməklə yanaşı, bitkinin suvarma suyuna olan tələbatının gecikmədən, vaxtlı-vaxtında verilməsindən daha çox asılıdır. Bu baxımdan idarənin üzərinə böyük məsuliyyət düşür.

Tərtər Suvarma Sistemləri İdarəsi rayonun 29133 hektar əkin sahəsinin suvarılmasına xidmət edir. Əkin sahələri Tərtərçay, İncəçay, subartezianlar və Yuxarı Qarabağ su mənbələri vasitəsilə suvarılır.

Tərtərçay su mənbəyi altında 14996 hektar, subartezian quyuları altında 13500 hektar, İncə çay su mənbəyi altında 400 hektar, Yuxarı Qarabağ kanalı istiqamətində 237 hektar əkin sahələri var.

2022-ci ildə Tərtər rayonunun əkin sahələrində 3450,7 hektar pambıq, 4276 hektar taxıl, 4276 hektar arpa, 2444 hektar günəbaxan, 193 hektar çuğundur, 1762 hektar yonca, 1375,5 hektar bostan-tərəvəz və sair kənd təsərrüfatı bitkiləri əkilmişdir.

Buğda əkilmiş sahə il ərzində orta hesabla 2,5, arpa 2,5, pambıq 4,5, günəbaxan 3,1, çuğundur 6,5, bostan-tərəvəz 6,1, heyvandarlığın inkişafında xüsusi əhəmiyyət kəsb edən yonca sahələri 6,8 dəfə suvarılmışdır.

Əkin sahələrinin suvarılmasına xidmət edən təsərrüfatlararası və təsərrüfatdaxili arxlarda su itkilərinin qarşısını almaq və vaxtında əkin sahələrinə çatdırılması üçün idarənin öz gücünə 287 min kubmetr; tenderdə qalib çıxmış podratçı təşkilat tərəfindən Buruc, Sarıcalı, Xoruzlu, Hacallı, Qapanlı, Kəngərli, Qaradağlı və Bəyimsarov arxlarında ekskovatorlarla 152 min kubmetr, Buldozerlə 61,2 min kubmetr lildən və kol-kosdan təmizləmə işləri aparılmışdır. İdarənin balansında 4 ədəd nasos stansiyası fəaliyyət göstərir. Bəyimsarov, Mahmudlu, Cümşüdlü, Borsunlu nasos stansiyaları.

Ş.Ziyadov bildirdi ki, Sol sahil magistral kanalı üzərində quraşdırılmış Borsunlu nasos stansiyasının tikintisi başa çatdırılmışdır. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən verilmiş transformator, şit, nasos və s. elektrik avadanlıqlarının quraşdırma işlərinin başa çatdırılması üçün işlər görülür. Qapanlı kanalında su itkilərinin qarşısını almaq məqsədilə 1000 metr məsafədə, Qazyan kanalının isə 1200 metrinə beton üzlük çəkilmişdir.

Tərtər Suvarma Sistemləri İdarəsinin balansında 552 ədəd subartezian quyusu vardır. 540 ədədi işlək vəziyyətdədir, 3 ədədi boş quyudur. 9 ədədi isə yenidən təmir-bərpaya ehtiyacı vardır.

Ötən ildə 267 ədəd təmir olunmuş, 57 ədəd subartezian quyusunun istismara yararsız hala düşmüş nasosları təzə nasosla əvəz olunmuşdur. Cari ildə də kənd təsərrüfatı sahəsində ötən illərdəki kimi, bol məhsulun əldə olunacağına heç bir şübhə qalmır.

Vəli VƏLİYEV,

"Respublika".