Tərtər: Vətən müharibəsi igidlərinin toy mərasimləri
Region

Tərtər: Vətən müharibəsi igidlərinin toy mərasimləri

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, YAP rayon Təşkilatının sədri Eldar Əsədov, hüquq-mühafizə orqanlarının əməkdaşları, İdarə, müəssisə, təşkilat rəhbərləri, qazilər və müharibə veteranları ilə birlikdə rayonun Kəngərli kənd sakini, 3-cü qrup Vətən müharibəsi əlili Mirzəzadə İsgəndər Xalis oğlunun toy mərasimində iştirak ediblər.

Mirzəzadə İsgəndər Talış və Suqovuşan kəndləri uğrunda gedən döyüşlərdə kəşfiyyatçı kimi iştirak edib. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Onun 44 günlük Vətən müharibəsində göstərdiyi döyüş şücaətlərindən danışan icra başçısı İsgəndərin öz Vətənini, torpaqlarımızın ərazi bütövlüyünü qəhrəmanlıqla qoruduğu kimi, yaxşı da ailə başçısı olacağını bildirib, “Vətəninin, torpağının qədrini bilən oğullar həm də yaxşı oğul, yaxşı qardaş, yaxşı ömür-gün yoldaşıdır” deyib.

İcra başçısı gəncləri təbrik edərək, qazilərə cansağlığı, şəhidlərə Ulu Tanrıdan rəhmət diləyib, şəhid analarının əlindən öpdüyünü, qarşılarında baş əydiyini bildirib.

Rayon rəhbəri dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim şəhid və qazi ailələrinə, müharibə veteranlarının problemlərinə diqqət və qayğı ilə yanaşdıqlarını və möhtərəm Prezidentin bütün dövlət qurumlarının qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etdiyini vurğulayıb. 

Toy şənliyində çıxış edənlər də yeni ailə quran qazini təbrik edib, ona xoş arzularını çatdırıblar. Onların qazilərlə birgə rəqsi, rayonda Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı hər kəsi qürurlandırıb.

***

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Məclisin deputatı Sahib Alıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Elşən Abdullayev, hüquq-mühafizə orqanlarının əməkdaşları, İdarə, müəssisə, təşkilat rəhbərləri, qazilər və müharibə veteranları ilə birlikdə rayonun Poladlı kənd sakini, "Azərbaycan Bayrağı" ordenli Salahov Elnur Elburus oğlunun toy mərasimində bəylə gəlinin sevincinə şərik olublar.

Yeni ailə quran qazini təbrik edən rayon rəhbəri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Elnur kimi igid oğulların döyüşlərdə göstərdikləri şücaət nəticəsində 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunduğunu bildirib. Qeyd edib ki, Elnur "Azərbaycan Bayrağı" ordeni, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

İcra başçısı ölkə rəhbəri cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid və qazi ailələrinə göstərdiyi diqqət və qayğını dilə gətirib və hər kəsi bundan nümunə götürməyə çağırıb, Ulu Tanrıdan ərazi bütövlüyümüz uğrunda həlak olmuş şəhidlərə rəhmət, qazilərə cansağlığı arzulayıb, şəhid analarının qarşısında baş əydiyini, onların “baş tacımız” olduğunu bildirib.

Milli Məclisin deputatı Sahib Alıyev də gəncləri təbrik edərək onlara xoşbəxtlik arzulayıb.

Rayon rəhbəri və Milli Məclisin deputatı alqışlar altında qazilərlə birlikdə rəqs ediblər. Hər kəs toy məclisindən xoş təəssüratla ayrılıb.

Vəli VƏLİYEV,

«Respublika».