"Bizim ata-baba torpağımız olan İrəvan xanlığı, Zəngəzur mahalı, digər torpaqlar indi Ermənistan dövləti üçün torpaq olubdur. Bunlar bizim tarixi torpaqlarımızdır, ancaq biz Ermənistana qarşı torpaq iddiası irəli sürmürük, halbuki sürə bilərik. Çünki indiki Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır."
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.
Tərtər və Arpa çaylarının yuxarı axarlarından Araz çayınadək gedib çıxan, uzunluğu təqribən 130 km, hündürlüyü isə 3904 metr olan dağ silsiləsi bütün Zəngəzur mahalı boyu uzanır. Bu dağ silsiləsi ilə Qarabağ yaylası arasında yerləşən əraziyə Zəngi dərəsi də deyilir.
Cavidan, Cavanşir, Babək dövründə xürrəmilər hərəkatının, ərəblərə qarşı savaşların əsas mərkəzi olan Zəngəzur tarixən qanlı döyüşlərin məkanı olub. 1236-cı ildə monqol-tatarlar, 1395-ci ildə Əmir Teymur Qarabağ və Zəngəzuru çox böyük itkilər bahasına tutmuş, bu yerləri xarabazara çevirmiş, 10 min ailəni ata –baba yurdundan imperiyasının şərqinə köçürmək əmri vermişdi.1410–1468 -ci illərdə Zəngəzur Qaraqoyunluların, 1468–1502-ci ilə qədər Ağqoyunluların, 1502-ci ildə isə Səfəvi qızılbaşlarının hakimiyyəti altında olmuşdu. Naxçıvan və Zəngəzur uğrunda apardığı qanlı savaşlar nəticəsində Zəngəzurdan daha bir kütləvi köç fərmanı 1571-ci ildə I Şah Abbas tərəfindən verilmiş, hər iki vilayətin əhalisi öz yerlərini tərk etmişdir.
1867-ci ildə Gəncə quberniyasının tərkibində Qafan, Gorus, Mehri, Sisyan, Laçın, Qubadlı və Zəngilan daxil olmaqla Zəngəzur qəzası yaradılmışdı. O vaxtlar Zəngəzur mahalında 149 türk, 91 kürd və 81 erməni kəndi mövcud idi. 1905–1907 və 1914–1920-ci illərdə silahlı erməni dəstələrinin törətdiyi qırğınlar nəticəsində mahalın təxminən yarım milyon yerli əhalisi həlak olmuş, 115 müsəlman kəndi yer üzündən silinmişdi.
1920-ci il aprelin 28-də Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra bölgənin böyük bir hissəsinə nəzarət edən erməni qüvvələrinin Qarabağın dağlıq hissəsinə hücumları davam edirdi. 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyətinin qurulduğu elan olunduqdan bir gün sonra, noyabrın 30-da keçirilən Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin büro iclasında Zəngəzur və Naxçıvanın Ermənistana verilməsi və ermənilərin Qarabağın dağlıq hissəsində öz müqəddəratlarını təyin etmək hüququna malik olması barədə qərar qəbul edilir. Lakin 1921 -ci ildə türk diplomatiyasının prinsipial mövqeyi nəticəsində Naxçıvan Ermənistana birləşdirilməsə də, Qafan ,Gorus, Mehri, Sisyan rayonları Ermənistana verilir və Qərbi Zəngəzur adlandırılır. Zəngəzurun Azərbaycanda qalan hissəsində isə əvvəlcə Kürdüstan qəzası, sonra isə Zəngilan, Qubadlı, Laçın rayonları yaradılır. Bundan sonrakı mərhələ isə Ermənistana verilən Zəngəzuru erməniləşdirmək idi…
1828- ci ildə Rusiya ilə İran arasında imzalanmış Türkmənçay , 1829 -cu ildə isə Rusiya ilə Osmanlı dövləti arasında bağlanan Ədirnə sülh müqavilələri əsasında İrəvan quberniyasına və Qarabağ ərazisinə erməni köçü həyata keçirilmiş, tarix boyu ermənilərin yaşamadığı Zəngəzurda ermənilər məskən salmışdı.1920 - ci illərin sonlarından Qərbi və Şərqi olaraq iki yerə bölünən Zəngəzur mahalında süni şəkildə köçürülən ermənilərin yaşamasına baxmayaraq Azərbaycan ərazilərinin işğalına qədər əzəli Azərbaycan torpağı olan Qərbi Zəngəzurda azərbaycanlı əhali çoxluq təşkil edirdi.
1988-ci ildən təkcə Zəngəzurda deyil, Göyçədə, Dərələyəzdə, İrəvanda, Vedidə – indiki Ermənistan adlanan torpaqlarda yaşayan azərbaycanlılar dədə-baba yurdlarından qovulmuş, torpaqlarımız yağı düşmən tərəfindən işğal olunmuşdu…
Xalqımız 2020- ci ilin sentyabrın 27- də başlamış və 44 gün davam edən İkinci Qarabağ savaşında Zəfər çaldı. Ermənistanın təcavüzkar siyasəti nəticəsində zəbt olunmuş əzəli Azərbaycan torpaqları işğaldan azad olundu. Azərbaycan, ona dost və qardaş olan ölkələr üçün böyük əhəmiyyət kəsb edən şanlı Zəfər günümüz bütün türk dünyasının tarixinə əbədi yazıldı. 10 noyabr 2020-ci il... Məhz bu gün Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanan üçtərəfli Bəyanat İkinci Qarabağ müharibəsinə Azərbaycanın qalibiyyəti ilə son qoydu. Fədakarlıq, igidlik, qəhrəmanlıq və şücaətlə qazanılmış böyük Qələbənin nəticəsi olan üçtərəfli Bəyanat təkcə hərbi əməliyyatların dayandırılmasını deyil, həm də Cənubi Qafqazda Ermənistanın təxminən 30 il ərzində davam etdirdiyi işğalçı siyasət nəticəsində bölgədə məhdudlaşan iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, inkişafı və bu istiqamətdə qlobal layihələrin həyata keçirilməsinə hüquqi zəmin yaratdı.
Azərbaycanın Qarabağda əldə etdiyi tarixi qələbənin əhəmiyyətli nəticələrindən biri də Naxçıvandan Azərbaycana birbaşa uzanan Zəngəzur dəhlizinin açılması oldu. 1921-ci ildə sovet Rusiyasının Ermənistana hədiyyə etdiyi, bir zamanlar türkdilli ölkələri parçalayan, bölən, qədim Zəngəzur mahalından keçəcək dəhliz indi coğrafi baxımdan iki yerə bölünən türk dünyası arasında quru əlaqəsi yaratmaqla bərabər bu gün elə həmin ölkələri birləşdirən bir yol olacaq. Bu strateji yol Naxçıvanla birbaşa əlaqənin bərpasına, muxtar respublikanın nəqliyyat blokadasından çıxmasına imkan yaratmaqla yanaşı, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin blokadadan çıxarılmasına xidmət edəcək. Ədalətin bərpası olan Zəngəzur dəhlizinin açılması nəinki Azərbaycanda, bütün türk dünyasında yeni bir mərhələnin başlanğıcını qoyacaq, Avropa ilə Asiyanı bağlayacaq əsas xətt, türk dünyası arasında yaranmış körpü olacaq. Zəngəzur dəhlizinin açılması ilə bağlı çıxışında Prezident İlham Əliyev demişdir: “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir... Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır”.
Naxçıvan - Qars dəmir yolunun tikintisi ilk növbədə, nəqliyyat sisteminin şaxələndirilməsini və mövcud kommunikasiya infrastrukturunun əhəmiyyətini daha da artırır. Hava və quru əlaqəsi yalnız İran və ya Türkiyə vasitəsilə mümkün olan Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas ərazisini birləşdirən dəmir və avtomobil yollarının tezliklə bərpa edilərək istifadəyə verilməsi, eyni zamanda Naxçıvanı Azərbaycan və Türkiyə ilə də birləşdirəcək. Azərbaycanla Naxçıvan arasında olan ərazi şimal-cənub və qərb istiqamətində olan bütün kommunikasiyaların məhz Naxçıvandan Türkiyəyə, oradan da Aralıq dənizi vasitəsilə digər qərb dövlətlərinə, Çin, Orta Asiya-Azərbaycan-Türkiyə-Avropa tranzit-nəqliyyat xəttindən istifadə etmək imkanı yaradacaq. Nəticədə Azərbaycanın Bakı-Tbilisi-Qars dəmiryolu ilə yanaşı, Naxçıvan vasitəsilə də Türkiyə üzərindən Avropaya çıxışı olacaq.
Naxçıvan - Qars dəmir yolunun tikintisi hər iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə, bərpa olunmasına, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinə imkan verəcək ki, bununla da Naxçıvan regional nəqliyyat sisteminin əsas subyektinə çevriləcək. Belə ki, Türkiyənin Azərbaycanla nəqliyyat əlaqələrinin daha da genişlənməsi ,Türkiyənin Azərbaycanla birgə həyata keçirdiyi layihələr təkcə iqtisadi deyil, həm də regionun təhlükəsizliyini və sabitliyini artırır. Bütün bunlar da hər iki ölkənin gücünü artırmaqla yanaşı, regionda nəqliyyat infrastrukturunun inkişafına da zəmin yaradır.
Qars-İğdır-Aralık-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti Naxçıvan Muxtar Respublikasının ixrac imkanlarını artıracaq və Naxçıvanı bölgənin mühüm tranzit mərkəzinə çevirərək onu Çin, Avropa ölkələri, eyni zamanda, Fars körfəzi ölkələri ilə də birləşdirəcək.
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur ərazisində dövlət başçısının tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq 10 yol infrastrukturu layihələrindən biridir.
Yeni Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının ərazisindən keçir və hazırda inşası aparılan Əhmədbəyli-Füzuli-Şuşa, Şükürbəyli-Cəbrayıl-Hadrut və Xudafərin-Qubadlı-Laçın avtomobil yolları başlanğıcını məhz bu yoldan götürür. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu həm də strateji əhəmiyyətə malikdir. Bu yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan MR ilə birləşdirmək baxımından çox böyük əhəmiyyət kəsb edir. Başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürməklə layihələndirilən avtomobil yolunun uzunluğu 124 kilometrdir. Ölkə başçısının tapşırığına əsasən Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Qarabağın inkişaf planına əsasən 6 və 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Yolun ilk 76 kilometrlik hissəsi 3 gediş – 3 gəliş olmaqla 6, qalan 48 kilometrlik hissəsi isə 2 gediş – 2 gəliş olmaqla 4 hərəkət zolaqlı olacaq.
Zəngəzur dəhlizi həm türk dünyası, həm də region ölkələri üçün gələcəyə açılan bir qapıdır. Bütövlükdə Qafqazın sülh və inkişaf bölgəsinə çevrilməsində regional və beynəlxalq əhəmiyyət daşıyacaq bu dəhlizdən keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirməklə bərabər, eyni zamanda, digər ölkələr üçün də əlavə imkanlar yaradacaq.
Tarixi Azərbaycan ərazisi olan Zəngəzurdan keçəcək kommunikasiyalar bölgənin tranzit xəritəsinə mühüm yeniliklər gətirəcək. Rusiya, Çin, İran, Avropa İttifaqı və digər ölkələr üçün də regionda yeni nəqliyyat imkanlarının yaradılması kimi strateji əhəmiyyət kəsb edən Zəngəzur dəhlizi effektiv nəqliyyat infrastrukturu olmaqla xarici şirkətlərin regiona sərmayə yatırmaq istəklərini də əhəmiyyətli dərəcədə artıracaq. Belə ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi türk dünyasının ümumi daxili məhsulunun həcminin artmasına səbəb olacaq, Türkiyədən başlayaraq quru yol xətti ilə Azərbaycana, daha sonra Xəzər dənizi vasitəsilə Orta Asiya ölkələrinə çıxış imkanlarının yaranmasını təmin edəcəkdir.
Yerləşdiyi coğrafi məkana görə daim dünyanın diqqətində olan Azərbaycanın geosiyasi və geostrateji mövqeyi gündən-günə daha da möhkəmlənir. Azərbaycanla Naxçıvan arasında dəmir yolu əlaqəsinin bərpa edilməsi, Zəngəzur dəhlizinin istifadəyə verilməsi, nəqliyyat layihələrinin həyata keçirilməsi artıq Azərbaycan ilə Türkiyə arasında yeni əlaqələri formalaşdıracaq. Hər şeydən əvvəl isə Zəngəzur dəhlizinin açılması bölgədə məhdudlaşan iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, inkişafı və bu istiqamətdə qlobal layihələrin həyata keçirilməsinə hüquqi zəmin yaradacaq. Prezident İlham Əliyevin dediyi kimi , “...regional işbirliyi, sabitliyin təmin olunması və gələcəkdə müharibə riskinin sıfra endirilməsi üçün bölgə ölkələri arasındakı əlaqələr çox önəmlidir. Burada konkret layihələr də müzakirə oluna bilər. Çünki bu, sadəcə olaraq, siyasi təşəbbüs deyil. Burada, ilk növbədə, Zəngəzur dəhlizinin və digər yolların açılması, - çünki təkcə Zəngəzur dəhlizindən söhbət getmir, - bizim Ermənistanla digər nəqliyyat layihələrimiz ola bilər. Ondan sonra ticarət əlaqələrinin bərpası, Cənubi Qafqazda uzunmüddətli sülhün təmin edilməsi. Yəni, bütün bunlar çox önəmli məsələlərdir. Çünki biz artıq öz tarixi missiyamızı yerinə yetirdik”.
Bu gün Azərbaycan çox strateji əhəmiyyətli dövlətlərdən birinə çevrilir. Avropa ilə Asiyanı birləşdirəcək Zəngəzur dəhlizi Azərbaycan üzərindən Orta Asiyaya çıxışı da təmin edəcək. Vaxtilə bütün türk dünyasında, xüsusilə Azərbaycan və Türkiyənin qarşılıqlı münasibətlərin inkişafına mane olmaq məqsədilə Azərbaycandan alınıb Ermənistana birləşdirilən qədim Azərbaycan torpağı olan Zəngəzur indi bütün türk dünyasını birləşdirən körpü rolunu oynayacaq. Başqa sözlə desək, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsilə birləşəcək.
Mehparə ƏLİYEVA ,
“Respublika”.