102 yaşlı ağbirçək seçkilərdə seçdiyi namizədə səs verəcək
Region

102 yaşlı ağbirçək seçkilərdə seçdiyi namizədə səs verəcək

Kifayət Əliyeva ömrünün ixtiyar çağlarını yaşayır. 1922-ci ilin yanvar ayında Lerik rayonunun Buruq kəndində dünyaya göz açıb. Ailədə beş bacı, bir qardaş olublar. Bir evin, bir elin ağsaqqalı olan ataları Fərzi kişinin İkinci Dünya Müharibəsindən “qara kağız”ı gəlib. Elə o vaxtdan ailənin çətin günləri başlayıb. Təsadüf nəticəsində evləri yanıb və ailə Masallı rayonunun Ağakişibəyli kəndinə pənah gətirib.  

Kifayət xanım taleyini kəndin say-seçmə cavanlarından olan Əsədulla Əsədovla bağlayıb. Sovxozda fəhlə, həyat yoldaşı isə usta işləyib. Halal zəhmətlə dolanıb özlərinə ev-eşik qurublar.

Ailədə 4 oğlan, 3 qız uşağı dünyaya gəlib. Xoşbəxt, firavan günlər yaşayıblar. Lakin taleyin qəfil, acı küləyi ailənin başı üstündən əsib. Böyük övladları Sədulla 16, evin sonbeşiyi Sədaqət 2 yaşda olanda Əsədulla kişi dünyasını dəyişib. Çoxuşaqlı ailənin ağır yükü, çətinlikləri Kifayət ananın zərif çiyinlərinə düşüb.

Çoxlu nəvə, nəticə və kötükcəsi olan Kifayət nənə doğma ocaqda oğlu Feyzi, gəlini və nəvələri ilə birlikdə yaşayır. Yaşı əsri ötmüş ananı rayon rəhbərliyi də diqqətdə saxlayır. Bu günlərdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Kifayət nənəni ziyarət edib. Səhhəti, vəziyyəti, qayğıları ilə maraqlanıb.

102 yaşlı ağbirçək ahıllara, yaşlı nəslə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını ifadə edib. Qarşıdakı seçkilərdə övladları, nəvə-nəticələri ilə birlikdə torpaqlarımızı işğaldan azad edən, Azərbaycanı dünyada tanıdan, xalqımızı işıqlı sabaha aparan liderə səs verəcəyini bildirib.

Əlisəfa Həsənov,

“Respublika”.