Abadlıq xoş ovqat yaradır
Region

Abadlıq xoş ovqat yaradır

İsmayıllı

Regionda turizmin inkişafı ilə əlaqədar yaşıllıq zonaları genişləndirilir, yerli iqlimə uyğun ağaclar, gül kolları əkilir və onlara qulluq göstərilir.

Qədim Şirvan torpağının bir parçası olan İsmayıllı nadir sənətkarlar yurdu kimi tanınmaqla yanaşı, həm də təbiətinin gözəlliyi və füsunkarlığı ilə də dillər əzbəri olub. Çünki zəngin tarixə və mədəniyyətə malik olan bu rayon Azərbaycan coğrafiyasında önəmli yer tutur.

Rayonda abadlığın yaradılması ənənəvi hal aldığından və daimi olaraq davam etdirildiyindən diqqəti hər an cəlb edir. Böyük Qafqaz silsiləsinin cənub yamacında yerləşən, dağların və meşələrin əhatəsində yaşıllıqlara qərq olan rayon ölkənin ən dilbər guşələrindən biri kimi şöhrətini qoruyur.

Rayon kommunal müəssisələri kombinatının rəisi Anar Əlizadə bildirdi ki, kollektivimiz ərazinin abadlaşdırılması və yaşıllıqlara qulluq edilməsi üçün üzərinə düşən vəzifəyə uğurlu fəaliyyəti ilə cavab verməyə çalışır. Belə ki, ötən il ərzində kombinat tərəfindən 25 hektar yaşıllıq sahəsinə qulluq edilib və bərk tullantılar daşınaraq poliqonda zərərsizləşdirilib. Bununla yanaşı, rayon mərkəzində olan bütün fəvvarələr təmizlənərək su ilə doldurulub. Gecələr işıqlı məkana çevrilən rayon ərazisi insanlara bəxş etdiyi xoş ovqatı ilə diqqəti cəlb edir.

İsmayıllı şəhərindən əlavə, Lahıc, Basqal, Qalacıq və İvanovka kəndlərindən də məişət tullantıları daşınır. Kombinatın 295 nəfər işçisi İsmayıllı şəhərində, Lahıc və Basqal qəsəbələrində magistral yola yaxın olan kəndlərdə çalışırlar.

Şəhər ərazisindəki ağaclar aqrotexniki qaydada budanmış və dibləri bellənmiş, Heydər Əliyev prospekti, Şəhidlər xiyabanı, Ə.Ələkbərzadə küçəsi, Zəfər parkında 600 ədəd şam ağacı və 2500 ədəd müxtəlif çeşiddə qızılgül kolları əkilib. Şəhərin mərkəzində, o cümlədən Heydər Əliyev adına mədəniyyət və istirahət parkında və digər ərazilərdə sıradan çıxmış qazon örtüyü yenidən bərpa edilib, yaşıllıq zolaqlarının suvarılması təmin edilir. İri gövdəli ağacların budanmasından əldə edilmiş oduncaqlar kombinatda çalışan imkansız işçilərə və ehtiyacı olanlara təmənnasız verilir.

Rayon ərazisində küçələrin təmiri və asfalt döşənilməsi istiqamətində də mütəmadi işlər görülür. Kamil Əhmədov, Əziz Hüseyinov, Mehdi Abbasov, Şahməmməd Seyfəliyev və Adil Mədətov küçələri ilə yanaşı, onlarla digər küçə də asfaltlanıb. Şəhərin prospekt və küçələrinin ətrafı tam abadlaşdırılıb, aqlay plitələr yenilənib, məhəccərlər rənglənib, binaların dam örtükləri dəyişdirilib, kommunal yaşayış binasının fasadında əsaslı işlər görülüb. Müvafiq yerlərdə və istirahət məkanlarında yeni oturacaqlar quraşdırılıb, ümumyaşayış binalarının həyətində salınmış məhəllədaxili uşaq əyləncə meydançalarının ətrafı abadlaşdırılıb.

M.NƏRİMANOĞLU,

"Respublika".