Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qüdrətli sərkərdə bacarığı, uzaqgörənliyi, silahlı qüvvələrimizin vətənpərvərliyi, peşəkarlığı, xalq-ordu vəhdətinin gücü parlaq qələbəmizi təmin etdi. Bu zəfər bizə işğal olunmuş dogma, müqəddəs Qarabağı qaytardı, öz vətənində qaçqına, köçkünə çevrilən bir milyon soydaşımızın həsrətinə son qoydu və xalqımızı doğma yurd yerlərinə qovuşdurdu. Bəli, misli görsənməyən qələbəmiz itkisiz, qurbansız olmadı... Sinəsini düşmən gülləsinə sipər edən vətənpərvər, sücaətli qəhrəman oğullarımızın hünəri hesabına qazanıldı bu qələbə. Cəsur övladlarımız şəhid olub əbədiyyətə qovuşdu, yaralanıb, sağlamlığını itirib qazi oldular.
Bu gün hər an şəhid ailələrinə, qazilərə dövlət və xalq səviyyəsində ən ali ehtiram və böyük qayğı göstərilir. Onlar ziyarət olunur, problemləri həll olunur. Heç zaman, heç kəs unutmamalıdır ki, bizim onlara namus, qeyrət və şərəf borcumuz var. Onlar həyatları bahasına bunu özlərinə haqq ediblər. Goranboy rayon rəhbərliyi tərəfindən şəhidlərin məzarlarının və ailələrinin ziyarəti davam edir. Rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbərliyi və bir qrup ictimai fəallarla birgə, rayonun Qaradağlı kəndində şəhidlərimizin ailələrini ziyarət etmişdir. Şəhid ailələri ilə görüşdə ölkə başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Anım Günündə keçirilən paradda, şəxsən iştirak etmələrini, şəhid olan qəhrəmanlarımızın ruhu qarşısında duyduqları dərin hörmət və ehtiram hissinin təzahürü olduğunu bildirib. Əlavə edib ki, bütün dövlət qurumlarının birmənalı şəkildə şəhid ailələrinin problem və qayğıları ilə maraqlanması, öz səlahiyyətləri daxilində bu məsələləri həll etmələri Prezident İlham Əliyevin yürütdüyü sosial siyasətin tərkib hissəsidir. Bildirildi ki, möhtərəm Prezidentimizin müvafiq Sərəncamı ilə, Qaradağlı kəndindən Vətən müharibəsi şəhidlərimiz Sadıqov Elvin Namiq oğlu və Əliyev Yadigar Səfxan oğlu “Xocavəndin azad edilməsinə görə” medalı ilə təltif olunmuşdur. Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev medalları ailə üzvlərinə təqdim etdi.
Zabit XƏLİLOV,
“Respublika”.