LERİKİN YOLLARI: PROBLEMLƏR HƏLƏ DƏ QALIR
Region

LERİKİN YOLLARI: PROBLEMLƏR HƏLƏ DƏ QALIR

Lerik. Ölkəmizin cənub şərqində yerləşən, uca dağları, çayları, şəlalələri, əsrarəngiz gözəllikləri ilə gözoxşayan, əzəmətli, füsunkar diyar. Ulu keçmişi, zəngin təbiəti, zəhmətkeş, qədirbilən, uzunömürlü insanları ilə tanınan qədim yurd yerimiz.

Loğman təbiəti, möcüzəli havası, özünəməxsus gözəlliyi ilə bütün fəsillərdə diqqəti cəlb edən dağlar diyarının həyati əhəmiyyətli problemlərindən biri və başlıcası yol problemidir. Rayonun avtomobil yolları əsasən torpaq örüklüdür. Yerli camaat illərlə yol sarıdan əziyyət çəkib.

İqtisadiyyat yoldan başlanır. Yol həm də abadlıqdır, mədəniyyətdir, - deyə Daster kəndinin ağsaqqalı Hüseynağa Hüseynov söhbətimizə qoşulur. 2018-ci ilə kimi bizim kəndlərə yol olmayıb. Yağışlı, qarlı havalarda rayon mərkəzinə, qonşu Lənkəran şəhərinə gedib-gəlmək çətinləşirdi. Dəfələrlə ağır xəstəni traktorla Lənkəran-Lerik yoluna çıxarıb xəstəxanaya çatdırmışıq.

Rayonda 799,3 kilometr uzunluğunda bələdiyyələrə məxsus avtomobil yolları mövcuddur. Bu yollar tamamilə torpaq örtüklüdür. Bələdiyyələrin büdcələrinə uyğun olaraq yollarda cari təmir işləri aparılır. Bu yollar əsasən yaz-yay aylarında işlək vəziyyətdə olur. Yağmurlu havalarda avtomobillərin hərəkəti çətinləşir.

2017-ci ildə inşası başa çatdırılmış 36 kilometrlik Noda-Şingədulan-Xanagah avtomobil yolunun müəyyən hissəsi dağılıb. İntensiv yağışlar nəticəsində yolda aktiv torpaq sürüşmələri, çökmələr baş verib. Ağırtonajlı maşınların hərəkəti üzündən yolun kilometrlərlə asfalt qatı sıradan çıxıb. Lerik Rayon İcra Hakimiyyəti yolun vəziyyəti barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət edib, mütəxəssislər tərəfindən yola baxış keçirilib. Podratçı təşkilat olan "Yoltikintinəqliyyatservis" MMC-yə qısa vaxtda tikintinin norma və qaydalarına uyğun yolun tikilib istifadəyə verilməsi barədə tapşırıq verilib. Lakin indiyə kimi yolda heç bir iş görülməyib.

Rayonun bəzi ərazilərində yollar bərbad vəziyyətdədir. Uzunluğu 31,9 kilometr olan Əliabad-Kirəvud-Nücü-Vamazğon, 11,7 kilometrlik Ağçay-Təkdam (Yardımlı), 23 kilometrlik Blaband-Çayrud-Tikəband, 40 kilometrlik-Nüvədi-Əliabad, 25 kilometrlik Piran-Bürsülüm-Bobla, 18 kilometrlik Piran-Veri-Əliabadı-Veri, 14 kilometrlik Lerik-Mastayıl-Livədirqə-Laman, 15 kilometrlik Nisli-Rvarud-Rəzgov avtomobil yolları əsaslı şəkildə təmir olunmalıdır. Bu ərazilərdə yaşayan əhali yol sarıdan çox əziyyət çəkir.

Lərmərud kənd tam orta məktəbinin müəllimi, "Tərəqqi" medallı Əfrəddin Abdullayev nə sovet dönəmində, nə də sonralar kəndlərinə yol çəkilmədiyini vurğulayaraq deyir: "Nücü kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə daxil olan Lərmərud, Haftoni, Davidonu, Vamazğon kəndləri Lerikin ən ucqar əraziləri sayılır. Kəndlərimiz rayon mərkəzindən 30-35 kilometr uzaqda yerləşir. Torpaq yolla Masallı-Yardımlı magistral yoluna da çıxışımız var. Kənd sakinlərinin təşəbbüsü ilə Lərmərud-Haftoni, Lərmərud-Nücü, Nücü-Vamazğon istiqamətində yollarda cari təmir işləri aparılıb. Amma qarlı-şaxtalı havalarda rayon mərkəzinə, qonşu Masallı rayonuna gediş-gəliş çətinləşir. Belə havalarda ağır xəstəmiz olanda əlimiz hər yerdən üzülür. Dəfələrlə respublikamızın müvafiq dövlət orqanlarına yüzlərlə imzalı şikayət məktubları göndərmişik. Hələlik heç bir nəticə yoxdur. Yol olmadığından təcili yardım, yangınsöndürən maşınlar, biçin vaxtı kombaynlar əraziyə gələ bilmir. Ərazimizdəki məktəblərə işə qəbul olunan gənc müəllimlər yolun bərbadlığı üzündən kənddən gedirlər. Kəndlərimizdə ixtisaslı müəllimlərə, həkimlərə, orta tibb işçilərinə ehtiyac çoxdur. Lakin belə bir şəraitdə heç kim gəlib işləmək istəmir.

Mövcud vəziyyət gənc ailələrin şəhərlərə köçməsinə, kəndlərimizin boşalmasına səbəb olub. Lərmərud kəndində 50-yə yaxın, Nücü kəndində 20-yə yaxın evdə heç kim yaşamır. Bir vaxtlar 300-ə yaxın şagirdin oxuduğu 192 yerlik Lərmərud kənd tam orta məktəbində cəmi 60 şagird, 180 yerlik Nücü kənd tam orta məktəbində 29 şagird oxuyur. Bəzi siniflərdə 2-3 şagird vardır. Sosial problemlərin illərlə yığılıb qalması, xüsəsən, yolun olmaması çox ciddi çətinliklər yaradıb", - deyə Əfrəddin müəllim bildirir.

Bir məsələni də diqqətə çatdıraq ki, iki qonşu rayon olan Lerik və Yardımlı arasında tarixən abad yol olmayıb. Aralarında 25-30 kilometr məsafə olmasına baxmayaraq yolun bərbadlığı üzündən əhali 180 kilometrlik Lerik-Lənkəran-Masallı-Yardımlı dairəvi yolunu qət edir.

Göründüyü kimi Lerikin yollarla bağlı kifayət qədər problemləri mövcuddur. Payızın yağışlı-çiskinli, qışın qarlı-şaxtalı günlərində problem daha qabarıq nəzərə çarpır.

Əlisəfa HƏSƏNOV,

"Respublika".