Mükəmməl mürəkkəb memarlıq
Maraqlı

Mükəmməl mürəkkəb memarlıq

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

«Bürc Xəlifə»

Dünyanın 8-ci möcüzəsi adlandırılan və planetin ən hündür binası hesab edilən «Bürc Xəlifə» insan tərəfindən yaradılmış müasir sənət əsəridir. Dubayın simvolu olan qüllənin rəsmi açılışı 2010-cu il yanvarın 4-də olub. 1,5 milyard dollara başa gələn nəhəng qüllənin layihəsinin müəllifi amerikalı memar Adrian Smitdir.    

163 mərtəbədən ibarət binanın hündürlüyü 829,8 metrdir. Smeta dəyəri 4,1 milyard dollar olan binanın tikintisində 330 min kubmetr betondan, 39 min ton armaturdan istifadə olunub. «Bürc Xəlifə»nin 3 girişi var və 57 liftlə təchiz olunub. 150-ci mərtəbəsindən sonrakı hissələrinin tikintisində dünyada beton kütlə üzərində polad konstruksiyalardan istifadə olunan ilk bina kimi tarixə düşüb. Dünya memarlığının nadir incilərindən olan «Bürc Xəlifə»nin tikintisi zamanı onun küləkdən qorunmasına diqqət yetirilib. Xüsusi membranlar sayəsində binanın daxilindəki hava nəinki soyudulur, həm də məxsusi olaraq «Bürc Xəlifə» üçün hazırlanmış ətirlərlə təravətləndirilir. Göydələnin şüşələri günəş şüalarının qarşısını alaraq daxildə optimal temperatur rejiminin saxlanmasına şərait yaradır, eyni zamanda tozun keçməsinə imkan vermir. Dəbdəbəli binanın aşağı hissəsində sahəsi 12 hektar olan süni göl yerləşir. Uzunluğu 275 metr, hündürlüyü 150 metr olan musiqili fontan 6600 işıq və 50 rəngli projektorla işıqlandırılır. Fasad güzgülərinin panellərini və pəncərələrini təmiz saxlamaq üçün hər birinin çəkisi 13 ton olan 12 xüsusi maşından istifadə edilir. Onlar xidmətçilərlə birlikdə rels sistemi boyunca hərəkət edirlər. Binada otel və ofislər, 900 mənzil, trenajor zalları, hovuzlar, ticarət mərkəzləri  yerləşir. Otelin dizaynını isə məşhur Giorgio Armani verib.  Binanın 100-cü mərtəbəsi bütünlükdə hindistanlı milyonçu B.R.Shettyə aiddir.

Yaxın Şərqin güclü inkişafının emblemi olan bu dəbdəbəli binanı görmək üçün dünyanın hər yerindən milyonlarla insan gəlir.

 

Kral Ontario Muzeyi—«Kristall» sərgi zalı

Sərhəd tanımayan memarlıqda ən unikal layihələrdən biri də Kanadanın Toronto şəhərindəki Kral Ontario Muzeyidir. Ölkənin bu ən böyük mədəniyyət müəssisəsi həm daxili məzmunu, həm də “kosmik” xarici görünüşü ilə məşhurdur. Qeyri-adi həndəsi fiqurlardan ibarət muzeydə sanki vaxt dayanır, ekspozisiyaların müxtəlifliyi o qədər asılılıq yaradır ki, zamanın necə keçdiyini anlamırsan.

Muzeyin əsası 1857-ci ildə qoyulmuş, lakin bina kiçik olduğu üçün 2007-ci ilin iyun ayında yenidən dizayn edilərək onu tamamilə dəyişdirən «Kristal» sərgi salonu da əlavə olundu. Yeni sərgi zalının hazırlanması üçün müsabiqə elan edildi və 50-dən çox layihənin içərisindən Daniel Libeskindin işi seçildi. 

Destruktivizm üslubunda tikilən binanın tikintisinə işçilərin əmək haqları da daxil olmaqla 270  milyon dollar xərclənmişdi. Yeni sərgi zalının tikintisi üçün   30.000.000 dollar ayıran kanadalı iş adamı Maykl Li-Çinin bu xeyirxahlığı Toronto rəhbərliyinin diqqətindən kənarda qalmadı və yenidən inşa olunan zalı onun şərəfinə «Kristal Li Çin” adlandırdılar. 75 faiz bahalı alüminiumdan və 25 faiz şüşədən ibarət binanın özünün tikintisi 4 il çəkdi. Ümumi sahəsi 18 600 kvadratmetr olan bu unikal tikilinin yeddi mərtəbəsində yeni qalereya, ofis və restoranlar da fəailiyyət göstərir.

Əvvəlki və müasir  40 qalereyada dünyanın hər yerindən gətirilən 6 milyon eksponat sərgilənir. Ekspozisiyanı hər il 1 milyondan çox insan ziyarət edir. Müasir  memarlar "Kristal" sərgi zalını gələcəyin binası və ya XXI əsrin məkanı adlandırırlar.

 

Paneum «Çörək evi»

Avstriyanın ən məşhur memarlıq bürolarından biri olan Coop Himmelb(l)aunun mütəxəssisləri Wolf D. Prix-in rəhbərliyi ilə daha bir maraqlı layihə həyata keçiriblər. Backaldrin sahibi Peter Ogendopler tərəfindən təsis edilən Paneum «Çörək evi» muzeyi 2017-ci il oktyabrın 9-da istifadəyə verilib. Minillik tarixi olan çörəkbişirmə mədəniyyətini əks etdirən muzeyin layihəsini məhz bu formada hazırlamaqla, memarlar çörəyin insan həyatında vacibliyini göstərmək istəyiblər.

Ümumi sahəsi 1850 kvadratmetr, hündürlüyü  isə  20 metr olan muzeyin binası iki hissədən ibarətdir.  Paslanmayan polad plitələrlə örtülmüş yuvarlaq taxta çərçivədən hazırlanan binanın birinci mərtəbəsində konfrans otaqları, təqdimat və seminarlar keçirmək üçün 120 nəfərlik qəbul otaqları yerləşir. İkinci mərtəbədə çörəyin çoxəsrlik tarixi və necə hazırlanması haqqında məlumat toplanan muzeyin bu hissəsi "Sehrli Çörək Palatası" adlanır. Ziyarətçilərin sərgidə nümayiş etdirilən əşyalara müxtəlif bucaqlardan baxa bilmələri üçün spiral pilləkənlə əhatə olunmuş dairəvi atriumda ayrı-ayrı əşyalar birbaşa tavandan asılıb. Pilləkən iki sərgi səviyyəsinə çıxışı təmin edir, burada nümunə divarlara, eləcə də xüsusi quraşdırılmış masa və şkaflara yerləşdirilir. Bundan əlavə, bina liftlə təchiz olunub. Təbii işıq yuxarıdan atriuma daxil olur, sərgi məkanları isə süni işıqlandırma ilə təmin edilir. Atrium taxta laminat ağac dairələrindən ibarətdir. Məhz bu materialdan istifadə olunması  belə bir orijinal formanı əldə etməyə imkan verib. Burada 3D texnologiyasından istifadə edilib ki, bunun da sayəsində konstruksiyanın yığılma müddəti xeyli azalıb. Bundan əlavə, bir boya təbəqəsi ilə örtülmüş ağacın estetik görünüşü həddindən artıq binaya xüsusi görkəm verib.

Məşhur Avstriya çörəyi formasında inşa olunan «Çörək evi» həm estetik, həm də insanlara çörəyə sevginin aşılanması baxımından ən məşhur binalar sırasındadır.

Hazırladı:

Arzu ASİFQIZI,

«Respublika».