Elin igid oğlu
Region

Elin igid oğlu

Doğma Azərbaycanımızın yeni, şanlı zəfər  tarixini yazanlar arasında  Masallının İmanlı kəndində boya-başa çatan  Məhəmməd Nail oğlu Vəliyevin adı da vardır. Elin qəhrəman oğlu İkinci Qarabağ müharibəsi  zamanı  24 yaşında canını Vətənə fəda etməklə bu şərəfə  çatıbdır.  Məhz elə buna görə də Məhəmmədin qısa, mənalı ömür yolu gələcək nəsillərə  də örnək olacaqdır.

Vətəninə, millətinə  başucalığı gətirən  Məhəmməd Vəliyev  hələ uşaq yaşlarından  erməni quldurlarının Azərbaycanın müqəddəs bir parçası, əzəli, əbədi yurd yeri   Qarabağın işğalına heç cür dözə bilmir. Günlər, aylar keçdikcə qəlbində dığalardan intiqam, qisas almaq alovu get-gedə güclənir. 2014-cü ildə ordu sıralarına yola düşəndə doğma Vətənini gözbəbəyi kimi qorumağa, məqamı gələndə uğrunda canından keçməyə and içir.

Məhəmməd ön xətdə yerləşən bölmələrdən birində Vətəninə, dövlətinə ləyaqətlə xidmət edir. Verilən tapşırıqları yerinə yetirməklə qısa zaman kəsiyində  zabitlərin, əsgərlərin hörmətini qazanır. 2016-cı ilin Aprel döyüşlərində gücünü düşmənə göstərə bilir. Belə ki, Lələtəpənin azad olmasında  Məhəmmədin adı  qeyrətli  oğulların sırasında iftixarla çəkilir.  Həm də   igid əsgər  qəhrəman kimi  evinə qayıdır. 

 El-oba da öz qəhrəman oğluna əsl  övlad məhəbbəti bəsləyir, hər yerdə ona dərin ehtiram göstərirlər.  Bütün bunlara baxmayaraq, Məhəmmədi Qarabağın taleyi daha çox düşündürür. Və Vətənin qeyrətini hər şeydən üstün tutaraq bu  yolda düşmənlə mübarizə meydanında  canından belə keçməyə hər an hazır durur.  2020-ci il sentyabrın 27-də İkinci Qarabağ  savaşı başlanan ilk gündən  əlinə silah alıb  ön cəbhəyə  yollanır. Füzuli və Qubadlı rayonlarının azadlığı uğrunda düşmənə qarşı vuruşur.  Dəfələrlə erməni dığalarını məhv etməklə odlu-alovlu səngərlərdən zəfərlə çıxır.  Məhəmməd son savaşında da  yüksək şəxsi  rəşadət, şücaət nümayiş etdirir, şəhid olur. Ölümündən sonra  “Vətən uğrunda”, Füzulinin, Qubadlının   azadlığına görə medallarına layiq görülür.

 Zəfər ORUCOĞLU.