Şamaxıda böyük üzüm bağlarını dolu vurub
Region

Şamaxıda böyük üzüm bağlarını dolu vurub

Azərbaycanda qeyri-sabit hava şəraiti kənd təsərrüfatı və əkinlərə ciddi zərər vurmaqdadır. Sığortalı təsərrüfatlara dəyən zərər Aqrar Sığorta Fondu tərəfindən qarşılanır. May ayında baş verən dolu yağması nəticəsində daha bir təsərrüfata zərər dəyib. Şamaxıda yerləşən böyük üzüm sahəsini dolu vurub. Dolu yetişməkdə olan meyvələrin bir hissəsini məhv edib, eləcə də əkinləri zədələyib. Dolu nəticəsində zərər çəkən üzüm bağları Aqrar Sığorta Fondu tərəfindən sığortalıdır.

Hadisə barədə Aqrar Sığorta Fonduna məlumat verilib, Fondun mütəxəssisləri və müstəqil aqrar sığorta ekspertləri sahəyə gələrək ilkin araşdırma və dəyən zərərin məbləğinin hesablanmasını həyata keçiriblər. Araşdırma prosesinə yerli və Türkiyədən gələn ekspertlər də cəlb olunub. Zərərin məbləği dəqiqləşəndən sonra təsərrüfata dəyən zərərin ödənilməsinə başlanılacaq.

Xatırladaq ki, hazırda aqrar sığorta 41 bitki üzrə 29 riskdən təminat verir. Bura təbiət hadisələri - fırtına, qasırğa, sel, subasmaları, daşqınlar, eləcə də üçüncü şəxslərin hərəkətləri, bitki xəstəlikləri, zərərvericilər və insan faktorundan asılı olmayan müxtəlif hadisələr aiddir.

Aqrar sığorta güzəştli şərtlərlə təqdim edilir - fermerlərə dəstək məqsədilə sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənilir.

Nəriman CAVADOV,

"Respublika".