Görkəmli səhiyyə təşkilatçısı
Sosial həyat

Görkəmli səhiyyə təşkilatçısı

Bu həyata gəlişimiz, gedişimiz əlimizdə olmasa da, bizə ayrılan ömür payını dəyərli, mənalı etmək insanın özündən asılıdır. Ömür dolanbaclarını bir nəfəsə ötüb keçənlər də olur, arxaya dönüb boylananlar, yaşadıqlarını saf-çürük edənlər də. Məqsədə doğru getmək üçünsə bu, əsas şərtdir. Əzab-əziyyət yaşamış bir kənd uşağının sınaqlardan çıxıb ayaq üstə dik durması, həyatda öz yerini müəyyənləşdirməsi də elə düşünülərək verilən qərarların nəticəsidir. Və bir də zəhmətin... O da elə bu zəhmətin, əməyin sayəsində seçdiyi peşəni ucaltmış, ucalmışdı...

Başqalarından heç nə ilə seçilməyən sadə kəndli ailəsində doğulub böyümüşdü. Zəngibasar rayonunun Zəngilər kəndi İrəvanın 10-12 kilometrliyində yerləşsə də, burada əsasən azərbaycanlılar məskunlaşmışdı. Əhali əkinçiliklə məşğul idi.

Maqsud Qasımov 1932-ci il noyabr ayının 21-də bu kənddə dünyaya gəlmişdi. Atası Səfər Nəcəfdə ali ruhani təhsili almış, axund adı, "şeyx" rütbəsi ilə geri dönmüşdü. O, yeni doğulanların və evlənənlərin qeydiyyatını aparır və bu işlərlə bağlı olan ayinlərin icrasında iştirak edirdi. Onun təşəbbüsü ilə kənddə iki məscid tikilmişdi. Xeyirxahlığına, canıyananlığına, ağıllı məsləhətlərinə görə ona hörmətlə yanaşardılar. Əhali arasında böyük nüfuzu vardı. 320 hektarlıq torpaq sahəsini qohumları, yaxınları ilə birgə idarə edir, burada meyvə bağı salır, pambıqçılıqla məşğul olur, bostan bitkiləri becərir, yaxşı gəlir götürürdü. Kollektivləşmə dövründə isə öz şəxsi təsərrüfatını dövlətə təhvil vermişdi.

Kolxozlaşma dövrünün ilk illərində axund Səfərin dini fəaliyyətini heç nə məhdudlaşdırmırdı. 30-cu illərin ikinci yarısında isə vəziyyət dəyişmişdi, onun evlərə gedib dini ibadətlər keçirməsi yasaq edilmiş, məscidlər bağlanmışdı. Səfər kişi yalnız kəbinlərin, ölüm və doğum tarixlərinin qeydiyyatını aparırdı. Ərəb, fars dillərini mükəmməl bildiyi üçün vaxtını İrandan, İraqdan gətirdiyi dini kitabları oxumaqla keçirirdi.

Ancaq vəziyyət heç də düzəlmir, hadisələr gərginləşməyə doğru gedirdi. Onu tez-tez gah kənd sovetinə, gah rayonun əlaqədar təşkilatlarına çağırır, sorğu-sual edirdilər, bəzən bu tədbirlərə şahidlər də dəvət olunurdu. Son vaxtlar özünün kolxoza bağışladığı, minbir əziyyətlə əkib-becərdiyi meyvə bağına, bostana gözətçilik edən Səfər kişini gözü götürməyənlərin sayı daha çox artmışdı. Ermənilər insanların ona inamına, etimadına qısqanclıqla yanaşır və onu aradan götürmək üçün yollar axtarırdılar.

1941-ci ilin iyun ayı idi, İkinci Cahan savaşına az qalırdı. Bir gün yenə evlərinə "yoxlama" gəldi, çox sorğu-sualdan sonra Səfər kişi şöbəyə aparıldı və bir daha geri dönmədi... Beləcə, yeddi qız və iki oğlan uşağı analarının ümidinə qaldılar. Onda ailənin sonuncu uşağı Maqsudun cəmi 9 yaşı vardı. Fiziki cəhətdən möhkəm idi, atlarla işləməyi yaxşı bacarırdı, bilirdi ki, yaşamaq üçün işləməli, anasına kömək etməlidir. Ona görə də kolxozun bağ-bostan gözətçiliyi işini tərəddüdsüz öz üzərinə götürdü. Onun zəhmətlə dolu həyatı belə başladı... Maqsud müəllim öz xatirələrində deyirdi: "...Məni məsul işə qoymuşdular, kolxozun var-dövlətini qorumalıydım. Böyük etimad idi, çünki bu işi başqa yaşıdlarıma, hətta məndən böyüklərə deyil, mənə tapşırmışdılar. Bu inamı doğrultmalıydım və bacardıqca da doğruldurdum. Kolxozda böyüklərlə bir sırada mənə də əməkgün yazılmasından necə də sevinib öyünürdüm!".

Ailəsini dolandırmaq üçün hər cür zəhmətə qatlaşan Maqsud hələ atasının sağlığında aldığı təhsil sayəsində az-çox yazıb-oxumaq öyrənmişdi, ancaq savadını artırmaq barədə düşünür, müharibənin bitməsini hamı kimi, o da səbirsizliklə gözləyirdi. Nəhayət, müharibə başa çatdı. 1946-cı ilin oktyabrında həyatının sonuna qədər unutmadığı bir hadisə baş verdi. ...Bir gün onu da kolxoz yığıncağına çağırdılar: "Axı, uşağın belə toplantıda nə işi ola bilər?" - düşüncəsi ilə qatıldığı tədbirdə müharibə illərində arxa cəbhədə fərqlənənlərə medallar verilirdi. Onları bir-bir səhnəyə çağırır, mükafatları təqdim edirdilər. Maqsud adının çəkildiyini eşidəndə duruxdu, nə edəcəyini bilmədi, yanında oturanlar: "Səni çağırırlar", - deyəndə bir az özünə gəldi, səhnəyə doğru addımladı. Rəyasət heyətində oturanlardan biri ona yaxınlaşaraq karton kitabçanı verib əlini sıxdı, sonra özünün dediyi kimi, "gün tək parlayan" iri medalı onun sinəsinə taxdı. Bu, 14 yaşlı Maqsudun əməyinə verilən ilk dəyər, mükafat idi.

Artıq vəziyyət yavaş-yavaş düzəlirdi, insanlar özlərinə gəlməyə başlamışdılar. Maqsud da kolxozda işləyə-işləyə rayon mərkəzində yerləşən orta məktəbdə təhsilini davam etdirirdi. O, 1949-cu ildə orta məktəbi başa vurub 1950-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun sanitar-gigiyena fakültəsinə daxil oldu. Oxuya-oxuya həm də E.Əfəndiyev adına şəhər xəstəxanasında orta tibb işçisi vəzifəsində çalışırdı.

1956-cı ildə həyatında daha bir gözlənilməz hadisə baş verir. Belə ki, o, Tibb İnstitutunu bitirdikdən sonra bir qrup məzunla gənc mütəxəssis kimi Taciskistana təyinat alır. Onu da deyək ki, o zaman tibb işçiləri çatışmazlığı ilə üzləşən Tacikistan rəhbərliyi Azərbaycandan yardım istəmiş və gənc həkimlər könüllülük əsasında bu ölkəyə göndərilmişdilər. Təbii ki, oradakı işin çətinliyini bilənlərin çoxu bu bölgüdən boyun qaçırmışdı. Gənc Maqsudu isə heç nə qorxutmurdu.

Maqsud Qasımov 10 il, 1966-cı ilin avqustuna kimi Tacikistanın ən ucqar rayonlarının birində, əvvəl rayonun Sanitar-Epidemioloji Stansiyasının baş həkimi, sonralar rayonun səhiyyə şöbəsinin müdiri və rayon mərkəzi xəstəxanasının baş həkimi vəzifələrində işlədi. Bu illərdə həyat yoldaşı həkim-ginekoloq Kamilə xanım da onunla qoşa addımladı. Qasımovlar ailəsi bu uzaq diyarda yaxşı ad qoydu. Yaxşı işləməklə yanaşı, hər ikisi elmi yardıcılığa da vaxt ayırırdı. Maqsud Qasımov işlədiyi Moskovskiy rayonunda Tacikistan Elmlər Akademiyasının Elmi-Tədqiqat Sahə Təbabət İnstitutunun rəhbərliyi ilə elmi axtarışlarını yekunlaşdırıb 1964-cü ildə tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün Alma-Ata şəhərində elmi işini uğurla müdafiə etdi.

1966-cı ildə ailə vəziyyətilə əlaqədar Bakı şəhərinə köçən Maqsud Qasımov N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun ümumi gigiyena kafedrasında müəllim-assistent vəzifəsinə təyin olunur. Tibb İnstitutunda dərs deməklə yanaşı, Azərbaycan SSR Səhiyyə Nazirliyinin Sanitar Epidemioloji İdarəsində zəhərli kimyəvi maddələrin xalq təsərrüfatında tətbiqi ilə əlaqdar əhalinin sağlamlığının mühafizəsi məsələləri üzrə baş müfəttiş, gigiyenist kimi də fəaliyyət göstərir.

1970-1980-ci illərdə Bakı şəhəri Sanitar-Epidemioloji Stansiyasının baş həkimi, Bakının baş sanitar həkimi, 1980-ci ilin sentyabrından 1994-cü ilin yanvar ayına kimi akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi, 1994-cü ilin yanvarından 1997-ci ilin aprelinə kimi Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini, Sanitar Epidemioloji İdarənin rəisi, respublikanın Baş sanitar həkimi vəzifələrində çalışır.

Bu illərdə elmi-tədqiqat işlərini, pedaqoji fəaliyyətini də davam etdirir. Elmi axtarış və müşahidələrində əhalinin sağlam həyat tərzi, zəhmətkeşlərin əmək şəraiti, istirahətinin təşkili problemləri ardıcıl tədqiq edilir və respublika mətbuatında işıqlandırılır. 150-dən artıq elmi məqalənin, 6 monoqrafiya, 8 kitab və 6 dərsliyin müəllifi olan professor Maqsud Qasımov Xəzərin qərb sahillərində Bakı aqlomerasiya əhalisinin istirahətinin təşkili məsələlərinin düzgün həll edilməsi məqsədilə Xəzər dənizi sahillərinin sanitar-iqlim xüsusiyyətlərinin öyrənilməsində bilavasitə iştirakçı olub. Və həmin mövzuda 1993-cü ilin fevralında doktorluq dissertasiyası müdafiə edib.

Səhiyyə sahəsində uzun illər göstərdiyi xidmətlərə görə, "Qırmızı Əmək Bayrağı", "Xalqlar dostluğu" və "Şərəf nişanı" ordenləri, "Əmək rəşadəti" medalı, Y.Məmmədəliyev adına medal və mükafatlara layiq görülüb, fəxri fərmanlarla təltif olunub.

Həyat yoldaşı, Tibb Universitetinin mama-ginekologiya kafedrasının dosenti Kamilə xanımla birgə iki qız övladı yetişdirib. Qızları Aybəniz və Xumar da ata-analarının yolunu davam etdirirlər. Hər ikisi həkimdir.

2022-ci il sentyabrın 10-da dünyasını dəyişən Maqsud müəllim uzun, həm də dəyərli bir ömür yaşadı. Yaşasaydı, 90 illiyini qeyd edəcəkdi. Cismən aramızda olmasa da, onu tanıyanların xatirəsində əbədi yaşayacaq!

Zümrüd QURBANQIZI,

"Respublika".