Sübhan Həsənov ehtiramla anılıb
Sosial həyat

Sübhan Həsənov ehtiramla anılıb

Sübhan Həsənov Masallı şəhərində dünyaya gəlib. İsfəndiyar Zülalov adına Masallı şəhər 5 nömrəli tam orta məktəbini bitirib. Rayon uşaq gənclər idman məktəbinin cüdo bölməsinin yetirməsi kimi dəfələrlə məsul yarışların qalibi olub.

2019-cu ilin iyul ayında həqiqi hərbi xidmətə çağrılıb. Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət edib. Nümunəvi əsgər, mahir snayperçi kimi hərbi hissədə hörmət qazanıb. Tovuz döyüşlərinin fəal iştirakçısı olub.

Keçən il sentyabr ayının 27-də erməni işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsində igidliklə döyüşüb.  Füzuli, Ağdərə və Suqovuşan istiqamətində gedən döyüşlərdə cəsarəti, fədakarlığı ilə seçilib. Dəfələrlə sərrast atəşlərlə düşmən mövqeyini susdurub, strateji yüksəkliklərin alınmasında əzmkarlıq göstərib. Oktyabr ayının 2-də Suqovuşan qəsəbəsi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Nəşi iki aydan sonra tapılıb. Masallı şəhər qəbiristanlığında böyük izdihamla torpağa tapşırılıb.

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad edilməsi zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərdiyinə, vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Sübhan Rauf oğlu Həsənov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın  azad olunmasına görə” medalları ilə təltif edilib.

Sübhan ailənin yeganə oğlu idi. Qəlbində sonsuz arzuları vardı. Hələ ailə qurmamışdı. Yaşasaydı 20 yaşı olacaqdı.

Doğulub boya-başa çatdığı Masallı şəhərində  doğum günü qeyd edilib. Şəhərin ağsaqqaları, tanınmış ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri şəhidin məzarını ziyarət edərək üstünə gül dəstələri düzüblər, ruhuna dualar oxunub.

Tədbir iştirakçıları şəhidin ailəsinə baş

çəkiblər. Masallı rayon ağsaqqallar şurasının sədri, İİİ dərəcəli “Vətənə xidmətə görə” ordenli Ələşrəf Niftiyev Sübhan Həsənovun qısa və şərəfli ömür yolundan söhbət açıb, Vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərin əbədi ehtirama layiq olduqlarını qeyd edib. Masallıda şəhidlərin doğum və anım günlərinin qeyd edilməsinin artıq ənənə halını aldığını vurğulayıb.

Qarabağ müharibəsi əlilləri, veteran

ları və şəhid ailələri ictimai birliyinin Masallı filialının sədri Nahid Rəhimov, rayon mədəniyyət mərkəzinin direktoru Vəkil İsmailov, “Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayev Sübhanın Vətənə, torpağa bağlılığından, Masallının mərd, igid oğullarının  döyüşlərdə qəhrəmanlığından danışıblar.

Vətən müharibəsinin iştirakçısı Cavid Nuri, şəhidin döyüş yoldaşı Ceyhun Şiriyev şəhidlərin qanının yerdə qalmadığını, Sübhan kimi qəhrəman oğulların uyuduqları torpağın hər birimizin and yerinə, ziyarətgaha çevrildiyini bildiriblər.

Şəhid Fuad Novruzovun atası Qorxmaz Novruzov, “Viləş” uşaq bağçasının direktoru Şəfa Allahverdiyeva, Masallı şəhərinin “İmam Əli” məscidi dini icmasının sədri və imamı, ilahiyyat üzrə fəlsəfə doktoru Əliqulu Qardaşov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, əsgər və zabitlərimizin şücaəti, qəhrəmanlığı sayəsində   möhtəşəm qələbənin əldə olunduğunu, Azərbaycanın ərazi bütövlüyün bərpa edildiyini, şəhidlərin daim ehtiramla xatırlanacağını bildiriblər.

Masallı şəhər 5 nömrəli tam orta məktəbin direktoru Cəsarət Həmidov Sübhan Həsənovun məktəbdə oxuyarkən nümunəvi davranışı, etikası, mədəniyyəti ilə yaşıdlarından fərqləndiyini qeyd edib. Məktəbin şəhidlik zirvəsinə ucalan məzunlarından Rafael Abbasov, Emin Əliyev, Fuad Novruzov, Zeynal Şahhüseynli və Sübhan Həsənovun mənalı ömür yolunun gənclərə nümunə, örnək olduğunu söyləyib.

Şəhidin atası Rauf Həsənov ailələrinə göstərilən diqqət və qayğıdan razılıq edərək ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.