Qaliblər mükafatlandırılıb
Region

Qaliblər mükafatlandırılıb

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən "Şuşa İli"nə həsr olunmuş Rus dili olimpiadasının qalibləri ilə görüşüblər.

Görüşdə şəhər icra hakimiyyətinin məsul əməkdaşları, məktəb direktorları iştirak ediblər. Görüş zamanı şəhər rəhbəri Vüqar Novruzov, ölkəmizdə təhsilin hamisi Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş təhsil strategiyasından, inkişafından, Azərbaycan təhsilinə göstərilən yüksək diqqət və qayğıdan ətraflı söhbət açmışdır.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev dövlət siyasətinin əsas məqsədinin istedadlı uşaqların üzə çıxarılması, savadlı gəncliyin yetişdirilməsi, onlara göstərilən qayğının daha da artırılması və həyat səviyyəsinin yüksəldilməsindən ibarət olduğunu qeyd edərək qalibləri təbrik edib. Şagirdlər yaxşı təhsil almaları üçün dövlətimiz tərəfindən onlara yaradılan münbit şəraitə, göstərilən sonsuz diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

Sonda müsabiqə qaliblərinə Fəxri fərman və hədiyyələr təqdim edilib.

Zabit XƏLİLOV,

"Respublika".