Güneydən səslər...
Güneydən səslər

Güneydən səslər...

“Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev bu il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

MƏSUMƏ ELQIZI

1976-cı ildə Təbriz şəhərinin yaxınlığındakı Gəcin kəndində anadan olub. Orta təhsilini Gəcin və Təbrizdə tamamladıqdan sonra Təbriz Universitetinə daxil olaraq burada ali təhsil alıb. Təhsilini qrafika, bilgisayar, türk dili və ədəbiyyatı sahəsində davam etdirərək magistr dərəcəsi alıb. Rəssam, şair və yazıçılıqda uğurlar qazanan Məsumə Elqızı türk dili və ədəbiyyatı müəllimi kimi də fəaliyyət göstərir, özəl olaraq dərslər verir.

Bu günədək Babək, Atatürk, Heydər Əliyev, Koroğlu, Səttarxan, Ustad Şəhriyar, Şəms Təbrizli, Mövlana, Füzuli kimi bir çox tarixi şəxsiyyətlərin yüksək səviyyəli rəsmlərini yaratmışdır. İran və Türkiyədə keçirilən dövlətlərarası rəsm və qrafika sərgilərinin qalibidir.

2011-ci ildə Təbrizin "Əxtər" nəşriyyatında "Qartal qanadlım" adlı poeması, 2014-cü ildə "Anas" yayın evində "Küllənməz köz" adlı şeir toplusu nəşr edilib.

 

Türk qardaşım

Danışdığım dilim sənsən,

Yerim-yurdum, elim sənsən,

Güclü axan selim sənsən,

Ol şöhrətim, yar-yoldaşım,

Türk qardaşım!

 

Gözün yaşı selə dönüb,

Ürək yanıb külə dönüb,

Duru sular lilə dönüb,

Ol sərdarım, qızıl başım,

Türk qardaşım!

Həsrətindən boğulmuşuq,

Zor altında oğulmuşuq,

Türk Anadan doğulmuşuq,

Ol şərəfim, vətən daşım,

Türk qardaşım!

 

Elqızıyam budur sözüm,

Ayrılığa necə dözüm?

Vətənə qurbanam özüm,

Ol kəfənim, həm baş daşım,

Türk qardaşım!

 

HEYDƏR BAYAT

1976-cı ildə Zəncanın Ağbulaq kəndində dünyaya göz açıb. 2000-ci ildən ədəbiyyat sahəsində elmi fəaliyyətə başlayıb. O, 2003-cü ildə Qum şəhərində "Türk ədəbiyyatı otağı" adlı mərkəz yaradıb. Tanınmış yazıçı, həmçinin "Pəyam-i Qum" həftəlik dərgisinin türk bölümünün təsisçisidir.

Heydər Bayat dərin məzmunlu şeirlərin, bir çox məqalənin, həmçinin türk dilində "Alma yolu" adlı şeir toplusunun və fars dilində "İki ayna arasında alma" kitabının müəllifidir.

 

Bu ölkə

Boynumu qucaqlamağa

Bilirəm

Boyun çatmaz

Bu ölkənin dar ağacları

Ucadır

Belə ki, darları uca qururlar

Son görüşdə

Boynumu qucaqlamağa

Bilirəm

Boyun çatmaz.

 

Tarixi abidələr

(əvvəli 14, 15, 17, 18, 19 və 20 yanvar tarixli saylarımızda)

Təbriz ölçü muzeyi Qacarlar dövründə tikilən tarixi Səlmasi evində yerləşir. Muzeydə müxtəlif çəki alətləri ilə yanaşı, astronomik ölçü alətləri də nümayiş etdirilir. XIX əsrin ortalarında tikilən Səlmasi evi 1998-ci ildə Şərqi Azərbaycan ostanının bələdiyyəsi tərəfindən alınaraq tarixi abidə kimi qeydiyyata salınıb. Sonradan isə burada ölçü muzeyi təşkil edilib. Muzeyin ekspozisiyasını müxtəlif dövrlərdə və müxtəlif sahələrdə istifadə olunan ölçü alətləri təşkil edir. Burada həm zərgər tərəzisi, həm bazar tərəzisi, həm də ağır çəkidə tərəvəz məhsullarını satmaq üçün çəkilən tərəziləri görmək olar. Bundan əlavə, muzeydə astrolyabiya kimi astronomiya alətinə, qədim kompas və saatlara, meteorologiyada işlənən alətlərə rast gəlinir.

Təbriz xalçaçılıq məktəbi Azərbaycanın ən qədim və məşhur xalçaçılıq məktəblərindən biri olub və bu ulu şəhərə dünya şöhrəti qazandırıb.

Məhəmmədrza şahın hakimiyyəti dövründə Şah gölü, yaxud Rzaiyyə adlandırılan, sonralar isə Güney Azərbaycan xalqının istəyi və tələbi ilə öz ilkin adına qovuşan El gölü parkının Elxanilər dövründə yarandığı ehtimal olunur. Park Pəhləvilərin hakimiyyəti dövründə yenidən qurulub və hazırda şəhərin ən gözəl istirahət məkanlarından biridir. Təbrizin 2018-ci ildə İslam Mədəniyyət paytaxtı seçilməsi təsadüfi deyil. Çünki şəhər həqiqətən turizm və mədəniyyət paytaxtıdır.

Kəndovan Güney Azərbaycanda ən maraqlı, qeyri-adi və tarixi yaşayış məkanlarından biridir. Təbriz şəhəri yaxınlığında yerləşir və turistlərin ən çox səfər etdiyi qədim tarixi olan bir dağ kəndidir. Kənduvan//Kəndovana daşların arasında tikilmiş evləri özünəməxsus gözəllik verir. Azərbaycan Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi Təlim-tədris şöbəsinin müdiri Nəzakət Rəhmanova yazır ki, bu kənd Türkiyədəki Kapadokiyaya bənzədiyi üçün buraya İranın Kapadokiyası da deyilir. Deyilənlərə görə, bütün dünya üzrə üç belə yer mövcuddur. Onlardan biri Türkiyədəki Kapadokiya, digəri Amerika Birləşmiş Ştatlarındakı Dakotadır. Belə güman edilir ki, Kapadokiya uca Tanrının yer üzünə bəxş elədiyi qeyri-adi bir hədiyyədir. Kapadokiyadan fəqli olaraq qayalıqda yerləşən və turistlərin çox böyük maraq göstərdiyi, sevdiyi məkan olan Kənduvanda yaşayış mövcuddur. Təbrizdən 50 km uzaqlıqda, Səhənd dağının ətəyində yerləşən kəndin vulkan püskürməsi nəticəsində yarandığı iddia edilir. Kəndin ümumi quruluşuna nəzər yetirdikdə isə insana elə gəlir ki, sanki o, göylərə çəkilib yenidən geri qayıdan nəhəng bir dəniz dalğasıdır. Qayalıqlar arasında yerləşən kəndə bir az yaxından baxdıqda isə onun arı pətəyinə, arı yuvalarına bənzədiyi də aydın görünür. Bəzi mənbələrdə kəndin adı Gündoğan, bəzilərində isə Xandabandır. Lakin hər kəs onu Kənduvan kimi tanıyır. Qeyd etdiyimiz kimi, vulkan püskürməsindən sonra yaranan və əsrarəngiz Səhənd dağlarının ətəklərindəki qayaların içində qərarlaşan kəndin düşməndən qorunmaq, gizlənmək üçün sığınacaq yeri olaraq seçildiyini iddia edənlər də var.

(davamı növbəti saylarımızda)

Esmira FUAD,

filologiya elmləri doktoru.