Sel və daşqınlara qarşı mübarizə tədbirləri
Region

Sel və daşqınlara qarşı mübarizə tədbirləri

Ölkə melioratorları kənd təsərrüfatı sektoruna, əkin sahələrinə ciddi təhlükə törədən, bütövlükdə isə infrastruktura təhdid olan daşqınlara və sel sularına qarışı mübarizə tədbirlərini həmişə diqqət mərkəzində saxlayırlar.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bildirir ki, Balakən Suvarma Sistemləri İdarəsi kənd təsərrüfatı bitkilərini suvarma suyu ilə təmin edir. Əkin sahələrində hər il müxtəlif təyinatlı kənd təsərrüfatı bitkiləri əkilir və onların suvarılması yerinə yetirilir. Suvarma dağ çaylarından gələn suların hesabına, habelə 65 ədəd subartezian və eləcə də 90 artezian quyuları ilə aparılır. Rayonda 209 kilometrdən artıq uzunluğunda suvarma kanalları fəaliyyət göstərir. Ondan 40 kilometri təsərrüfatarası, 169 kilometri isə təsərrüfatdaxili kanallardır. Suvarma suyu çaylardan suvarma kanallarına texnikaların köməyi ilə verilir. Su itkisinin qarşısını almaq üçün rayon ərazisində yerləşən torpaq məcralı kanallarda hər il beton işləri görülür, sel və çay daşqınlarına qarşı daş-beton bəndlər çəkilir.

Qeyd edək ki, Balakən Suvarma Sistemləri İdarəsinin balansında 8400 hektar suvarılan torpaq sahəsi mövcuddur. Bundan 2252 hektar əkin sahəsi, 3778 hektarı həyətyanı, 2370 hektarı isə çoxillik əkmələrdir. Suvarma əsasən öz axını ilə, yəni təbii yolla həyata keçirilir.

N.CAVADOV,

"Respublika".