“Yeni Tərtər
Region

“Yeni Tərtər" qəzeti təltif edilib

Mayın 1-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev ispaniyalı fotoqraf Qervasio Sançez Fernandezlə "Yeni Tərtər" qəzetinin redaksiyasında olub. "Yeni Tərtər"in 90 illik yubileyi münasibətilə baş redaktor Svetlana Bağırova və qəzetin kollektivi region mətbuatının inkişafındakı xidmətlərinə görə təltif edilib.

Umud Mirzəyev deyib: "Uzun illərdir qəzetlə əməkdaşlıq edirik. Müstəqilliyin ilk illərində qəzet çətinliklər yaşayıb. Bütün bunlar gözümüzün qarşısında olub. Redaksiyanın əməkdaşları bu gün böyük fədakarlıq göstərirlər. Svetlana Bağırova 50 ildən çoxdur ki, bu qəzetdə çalışır, peşəkar jurnalistdir". 

Sançez Fernandez də "Yeni Tərtər" qəzetini yubiley münasibətilə təbrik edib: "Mən də region qəzetində çalışmışam. Qəzetin nə olduğunu yaxşı bilirəm. Bu günlərdə bizim qəzet də 130 yaşını qeyd edib. Qəzetin fəaliyyətində uğurlar diləyirəm".

Qeyd edək ki, Sançez Fernandez Azərbaycanın mina problemi, minadan zərərçəkənlər, o cümlədən Qarabağ həqiqətləri ilə bağlı kitab hazırlayır. O, BAMF və ANAMA ilə əməkdaşlıq edir. Bu qurumlar onun Ağdam və Tərtərə səfərini təşkil edib.

Q.Sançez işğaldan azad edilən ərazilərdə olub, mina qurbanları ilə görüş keçirib. İspan fotoqraf Şuşa, Laçın, Zəngilana da səfər edəcək. O, Qarabağın müharibədən sonrakı vəziyyətini fotoya köçürəcək.

Xatırladaq ki, ötən illər ərzində Mətbuat Şurası da qəzetə dəstəyini əsirgəməyib.

Zümrüd ABDULLAYEVA,

"Respublika".