Qərbi Azərbaycana qayıdış tarixi ədaləti bərpa edəcək
Digər xəbərlər

Qərbi Azərbaycana qayıdış tarixi ədaləti bərpa edəcək

Ötən iki əsr boyu soydaşlarımıza qarşı törədilən soyqırımı, kütləvi qətliam, insan hüquqlarının kobud şəkildə pozulması və etnik təmizləmə aktı mərkəzi hakimiyyət orqanlarının sistemli fəaliyyəti ilə həyata keçirilmişdir. Sovet İttifaqının 1918-1921-ci illərdə "Ermənistan respublikası" və "Dağlıq Ermənistan respublikası" adlanan qurumlara dəstəyinin nəticəsində soydaşlarımızın üstünlük təşkil etdiyi bir çox bölgələr Ermənistana verildi və yüz min azərbaycanlının doğma yurd yerlərindən deportasiyası prosesi başlandı.

"Azərbaycan Qaçqınlar Cəmiyyəti" kimi təsis edilmiş, 2022-ci ildə "Qərbi Azərbaycan İcması" adlandırılmış təşkilat indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğuldur. Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə - doğma torpaqlarına qayıtması üçün İcmanın fəaliyyətinin məqsədi, prinsipləri, hazırlıq və icra tədbirləri ümumi çərçivəni müəyyən edir. Qərbi Azərbaycana Qayıdış Konsepsiyası isə beynəlxalq hüquqa, dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir.

Bu barədə millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, tibb üzrə fəlsəfə doktoru, şair-publisist Musa Quliyev bildirdi ki, Qərbi Azərbaycan İcmasının yaranması tarixi səbəbdən doğan sosial sifarişdir. İcmanın binasının açılışında Prezident İlham Əliyevin iştirak etməsi, orada konseptual baxımdan əhəmiyyətli fikirlər söyləməsi və bu fikirlərin Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının əsasını təşkil etməsi məsələnin tarixi və mənəvi önəmini göstərir. Konsepsiya çoxşaxəlidir, amma əsas qayəsi bizim Qərbi Azərbaycana qayıdıb orada yaşamağımızı və sönmüş ocaqları yenidən isitməyimizi əhatə edir.

Qərbi Azərbaycan etnik azərbaycanlıların doğma vətənidir. Bizim Qərbi Azərbaycana qayıtmağımız tarixi, humanitar və ədalətin bərpası baxımından doğru yoldur. Biz oraya əməkdaşlıq, sülh və barış məqsədilə qayıdacağıq. Azərbaycan tarixi haqqı olmasına baxmayaraq, torpaq iddiasında deyil və məqsədimiz həmin ərazilərdə öz ata-baba yurdumuzu bərpa edərək birgəyaşayışı təmin etməkdir. Əlbəttə, bu konsepsiyanın hazırlanması ölkə başçımızın tövsiyələri, Azərbaycanın elm, bilik, siyasət adamlarının təklifləri və ictimai fikrin formalaşması əsasında mümkün olmuşdur və konsepsiya qəbul olunduqdan sonra praktiki fəaliyyət sənədinə çevrilmişdir. Burada təşkilatlanma, icma üzvlərinin siyahısının dəqiqləşdirilməsi və doğma yerlərinə qayıtmaq arzusunda olan soydaşlarımızın qeydə alınması, beynəlxalq aləmdə məsələnin hüquqi tərəfinin müəyyənləşdirilməsi, beynəlxalq təşkilatlara Qərbi Azərbaycan İcmasının təklif və görüşlərinin çatdırılması, geniş informasiya platformasının yaradılması istiqamətlərində fəaliyyətimizi artıraraq qayıdışı gözləməliyik. Qeyd edim ki, vaxt lehimizə işləyir. Böyük Qayıdış istiqamətində dövlətimizin dəstəyinə arxalanırıq, beynəlxalq məkanda da öz işimizi davam etdirəcəyik. Konsepsiyanın qəbul olunmasından qısa müddət keçməsinə baxmayaraq, iş planı artıq müəyyənləşdirilib və icmanın müvafiq şöbələri yaradılmaqdadır. Görüləcək işlərin vahid bir mərkəzdən idarə olunması bizim daha böyük məqsədlərə çatmağımıza və birləşməyimizə kömək edir.

Mən inanıram ki, biz qayıdacağıq. Necə ki, "Şuşada görüşənədək" deyirdik və bü gün Şuşa, Qarabağ və Şərqi Zəngəzur işğaldan azad olunub və ərazilərimizdə quruculuq işləri gedir. Bundan sonrakı çağırışımız isə "İrəvanda görüşənədək" olmalıdır.

Nurlan ABDALOV,

"Respublika".