DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

VİKTOR ORBANDAN DÜNYA MÜHARİBƏSİ XƏBƏRDARLIĞI

Avropa liderləri Ukraynada yeni dünya müharibəsinə səbəb ola biləcək münaqişəyə müdaxilə etməklə odla oynayırlar. “Trend” agentliyinin xəbərinə görə, bu barədə Macarıstanın baş naziri Viktor Orban bəyan edib.

“Mən Avropa liderlərinin müharibəyə doğru getdiyini demirəm, lakin onlar bu istiqamətdə hər gün yeni addımlar atırlar”, - deyə Viktor Orban bildirib.

Baş nazirin sözlərinə görə, ölkəsi nə birinci, nə də ikinci dünya müharibəsində iştirak etmək istəməyib və Macarıstanın üçüncü dünya müharibəsinə cəlb olunmasına imkan verməyəcək.

Viktor Orban həmçinin, bəzi Avropa liderlərinin Qərb qoşunlarının Ukraynaya göndərilməsi ehtimalı ilə bağlı fikirlərini çox təhlükəli hesab etdiyini və Avropanın gələcəyindən narahat olduğunu vurğulayıb.

Eyni zamanda, Macarıstanın baş naziri Ukraynadakı münaqişənin və Rusiyaya qarşı sanksiyaların Avropa iqtisadiyyatına son dərəcə mənfi təsir göstərdiyini də qeyd edib.

ABŞ-IN TƏRK EDƏCƏYİ AVİABAZAYA RUSİYA HƏRBÇİLƏRİ YERLƏŞDİRİLİB

Rusiya hərbçiləri Nigerdə Amerika hərbçilərinin yerləşdiyi 101 saylı aviabazanın ərazisində məskunlaşıblar. Bu barədə “Röyters” agentliyi və “CNN” telekanalı Pentaqondakı mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, rusiyalılar aviabazada ayrıca anqardan istifadə edirlər. Bununla belə, telekanalın mənbələrindən biri qeyd edib ki, baza o qədər də böyük əraziyə malik deyil.

Agentlik müəyyən edib ki, ABŞ Niger hakimiyyətinə amerikalıların Rusiya hərbçiləri ilə birlikdə bazada ola bilməyəcəyini açıqlayıb.

Qeyd edək ki, Nigerdə təxminən min Amerika əsgəri yerləşdirilib, onlar antiterror fəaliyyəti ilə məşğul olublar və yerli hərbçilərlə birlikdə ölkə ərazisində patrul həyata keçiriblər.

Xatırladaq ki, ötən il ölkədə hərbi çevriliş baş verib. Mart ayında Nigerin hazırkı rəhbərliyi problemi həll etmək üçün bir sıra cəhdlərdən sonra ABŞ kontingentinin ölkədən çıxarılmasını tələb edib, Vaşinqton isə bunu bir neçə ay ərzində etməyə razı olub.

KREML MAKRONUN AÇIQLAMASINA REAKSİYA VERİB

Kremlin mətbuat katibi Dmitri Peskov Fransa prezidenti Emmanuel Makronun quru qoşunların Ukraynaya göndərilməsi ilə bağlı açıqlamasını “çox təhlükəli” adlandırıb. “Teleqarf.com”un xəbərinə görə, o, Fransanın münaqişəyə birbaşa müdaxiləsinin təhlükəsi barədə xəbərdarlıq edib.

“Bəyanat çox vacib və çox təhlükəlidir. Fransa dövlətinin başçısı ölkəsinin Ukrayna ətrafındakı münaqişədə birbaşa, yerdə iştirakının mümkünlüyü barədə mütəmadi danışmağa davam edir. Bu, çox təhlükəli tendensiyadır”, - deyə Dmitri Peskov vurğulayıb.

Xatırladaq ki, Emmanuel Makron bir neçə gün öncə “The Economist” nəşrinə müsahibəsində Ukraynaya quru qoşunlarını göndərə biləcəklərini açıqlayıb. Onun sözlərinə görə, Ukrayna tələb etsə və Rusiya cəbhə xəttində ciddi şəkildə irəliləsə, bu addımı atacaqlar.

İRANDA SON İKİ HƏFTƏDƏ 63 NƏFƏR EDAM OLUNUB

İranda aprelin 17-dən mayın 1-dək barələrində ölüm hökmü çıxarılmış 63 məhbus edam olunub. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə məlumatı İran İnsan Hüquqları Müdafiə təşkilatının sədri Mahmud Əmiri-Müqəddəm yayıb.

Xəbər verilir ki, edamlar hər 5 saatdan-bir icra edilib. Təşkilatın hesabatına əsasən, bu ilin əvvəlindən İrandakı müxtəlif həbsxanalarda 171 nəfər barəsində çıxarılan ölüm hökmü icra olunub.

Eyni zamanda, Mahmud Əmiri-Müqəddəmin sözlərinə görə, beynəlxalq ictimaiyyətin edamlara münasibət bildirməməsi yenilərinin baş verməsinə yol açır: “İnsan hüquqlarına əməl edib, İranla diplomatik əlaqə saxlayan dövlətlər bu məsələyə diqqət etməlidir”.

Qeyd edək ki, İran İnsan Hüquqları Müdafiə təşkilatının məlumatına görə, 2022-ci ilin sentyabrından 2023-cü ilin sentyabrına qədər hakimiyyət orqanları hökumət əleyhinə etiraz aksiyalarının yeddi iştirakçısı da daxil olmaqla, azı 697 nəfəri edam edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36 faiz çoxdur.

BRİTANİYA VƏ UKRAYNA 100 İLLİK TƏRƏFDAŞLIQ SAZİŞİNİ MÜZAKİRƏ EDİBLƏR

Böyük Britaniya və Ukrayna 100 illik tərəfdaşlığa dair razılaşma ilə bağlı danışıqlara başlayıb. “Report” agentliyinin  xəbərinə görə, bu barədə Böyük Britaniyanın Kiyevdəki səfirliyi məlumat yayıb.

Bildirilir ki, sözügedən məsələ Ukrayna prezidenti Volodimir Zelenski ilə Kiyevə səfəri çərçivəsində Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron arasında görüş zamanı müzakirə olunub.

“Söhbət ticarət, təhlükəsizlik və müdafiə sahəsindən tutmuş elm, texnologiya, təhsil, mədəniyyət və digər sahələrə qədər bütün əlaqələr spektri üzrə iki ölkə arasında güclü əlaqələrin qurulacağı yeni sazişdən gedir”, - deyə səfirliyin açıqlamasında qeyd olunub.

Bununla yanaşı, Devid Kemeron Ukraynanın enerji infrastrukturuna 36 milyon funt-sterlinq yardım ayrılacağını təsdiqləyib.

Qeyd edək ki, Britaniyanın xarici işlər naziri mayın 2-də Ukraynada səfərdə olub.

ABŞ RUSİYA İLƏ “ARTEMİDA SAZİŞİ”NI İMZALAMAĞA HAZIRDIR

Kosmosda davranışı tənzimləyən ikitərəfli “Artemida Sazişi”nin imzalanması ehtimalı Rusiya üçün hələ də açıqdır. “Sputnik” informasiya agentliyinin xəbərinə görə, bu sözləri NASA direktorunun müavini Pamela Melroy “Meridian Space Diplomacy 2024” forumunda bəyan edib.

“Hər kəs Kosmos Müqaviləsini imzaladığı kimi “Artemida Sazişi”ni də imzalaya bilər. Mənim fikrimcə, bu, gələcək üçün müəyyən prinsiplərə sadiqlikdir”, - deyə NASA rəsmisi bildirib.

Eyni zamanda, NASA rəhbərinin müavini kosmosun öyrənilməsi və istifadəsi zamanı davranış normaları və qaydaların hazırlanması və təkmilləşdirilməsinin zəruriliyini də vurğulayıb.

Məlumat üçün qeyd edək ki, “Artemida Sazişi” Ay, Mars, kometa və asteroidlərin dinc məqsədlərlə tədqiqi və istifadəsi üzrə “Artemida” proqramında iştirak edən ölkələrin hökumətləri arasında bağlanmış beynəlxalq müqavilədir. Bu günə qədər dördə yaxın ölkə belə sənədlər imzalayıb.

İSVEÇ DÖRDGÜNLÜK İŞ HƏFTƏSİNƏ KEÇİR

İsveçdə bu ilin payızından etibarən bir sıra müəssisələr altı ay müddətinə dördgünlük iş həftəsi və ya əmək haqqının saxlanması yolu ilə qısaldılmış iş günü tətbiq edəcəklər. “Trend” agentliyinin məlumatına görə, təklif “4 Day Week Global” qeyri-kommersiya təşkilatının nümayəndəsi Anna-Karin Alder tərəfindən irəli sürülüb.

“Hesab edirəm ki, iş həyatında həm işləyə, həm də yaxşı istirahət edə bilməyimiz üçün daha çox vaxt ayrılmalıdır. Bu gün xəstələrin sayının artması bir çox hallarda işdə həddindən artıq yorulmaqla əlaqələndirilir”, - deyə təşkilat nümayəndəsi bildirib.

Məlumata görə, prosesə Stokholm İqtisadiyyat Məktəbinin tədqiqatçısı və Karlstad Universitetinin müəllimi Lena Lid Falkmanın rəhbərlik etdiyi tədqiqat qrupu nəzarət edəcək. Həmçinin tədqiqatın nəticələri “4 Day Week Global” təşkilatının Kembric Universiteti və Boston Kolleci ilə birlikdə apardığı qlobal araşdırmaya daxil ediləcək.

Qeyd edək ki, bu məsələ siyasi mübahisələrə səbəb olub və nəticədə Sosial Demokratlar tərəfindən iş vaxtının azaldılması ilə bağlı təkliflər verəcək işçi qrupu yaradılıb. Bir neçə həmkarlar ittifaqı yeni qanunvericiliyi alqışlasalar da, İsveçin biznes və sənaye sahəsinin nümayəndələri bunun “İsveç iqtisadiyyatı üçün dağıdıcı” olacağını bildiriblər.           

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.