GÜNEYDƏN SƏSLƏR
Güneydən səslər

GÜNEYDƏN SƏSLƏR

“Türk dünyasında gənc nəslin yaşadıqları ölkələrdə məktəblərdə öz ana dilində təhsil almaq imkanı olmalıdır”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev ötən il noyabrın 11-də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündəki çıxışında bəyan edib.

Dövlət başçısının bu fikri yaddaşımızı bir qədər təzələmək üçün sanki bir təkan oldu. Azərbaycanlıların daha kompakt yaşadığı Güney Azərbaycanını göz önünə gətirdik. Quzeydə hələ də yetərincə tanınmayan Güney barədə düşüncələrimizin fonunda onun ədəbiyyatını, nəsrini, poeziyasını, yazar soydaşlarımızın mücadiləsini ifadə edən nümunələri xatırladıq.

Qəzetimizdə "Güneydən səslər..." rubrikası altında Güney ədəbiyyatının, folklorunun, mədəniyyətinin, incəsənətinin ən gözəl nümunələri ilə oxucularımızı da tanış edirik.

 

ŞƏLALƏ CAVANŞİR

1986-cı ildə Muğan bölgəsinin Limli kəndində anadan olub. İlk və orta təhsilini başa vurduqdan sonra Ərdəbil Universitetində kompüter mühəndisliyi üzrə ali təhsil alıb. Hazırda Ərdəbil şəhərində yaşayır. Bir sıra şeirləri Güney Azərbaycanın müxtəlif ədəbiyyat dərgilərində dərc olunmuşdur.

 

Torpaq altında

qalan dilimiz

Ana dilim,    

Sən basqı altında qaldın,

Əzildikçə dirəniş gücün artdı

Sən ölkəmizə

oba-oba, kənd-kənd,

şəhər-şəhər sıxışdırıldın,

Sıxışdırıldıqca

Bağrımıza təpildin,

köksümüzdə yuvalandın.

Səni Füzulinin qəzəllərində sevdik,

Qorqud Dədənin qopuzunda.

Sən bizim soyumuzun,

kimliyimizin canlı tablosu oldun.

Yox olmadın, yox olmayacaqsan!

Sən ölmədin, mənim Türkcəm!

Sən yaşayırsan bağrımızda,

Sən yaşayacaqsan ağlımızda,

Sənin üçün, yalnız sənin üçün

yaşayanlar var, Ana dilim!

Sən bizim gerçək qurtuluş

bayrağımızsan Türkcəm,

Qəlbimizdə dalğalanan bayrağımızsan,

Bayrağımızsan!

 

VAHAB HACIZADƏ

1989-cu ildə Makuda anadan olub. İbtidai və orta təhsilini doğma şəhərində alıb. Binab Universitetində elektrik mühəndisliyi fakültəsindən məzun olub, hazırda İran Bilim və Texnika Universitetində yüksək lisans dərəcəsi almaqdadır.

Vahab 10 yaşındaykən içindəki hissləri şeirlə ifadə etməyə, 6 il sonra klassik formada şeir yazmağa başlayıb. 2011-ci ildən ciddi olaraq sərbəst formaya üz tutub.

 

Bu yağış mənəm, baaa,

özgəsi deyil!

 

İslanırsan əyər leysandan iraq,

Bu yağış mənəm, baaa, özgəsi deyil!

Açıbsa yeddi göy, yetmiş bir qucaq,

Bu yağış mənəm, baaa, özgəsi deyil!

 

Dığlayır buludlar səni görürsə,

Havalar qısqanıb dodaq büzürsə,

Bağışla dediyim dilək üzürsə,

Bu yağış mənəm, baaa, özgəsi deyil!

 

Haralarda dursan islanacaqsan,

Yağışla bilirəm dostlanacaqsan,

Boyunundan tutub aslanacaqsan,

Bu yağış mənəm, baaa, özgəsi deyil!

 

 

Folklor xalq həyatının əks-sədasıdır

O taylı-bu taylı - Güney və Quzey Azərbaycanda dildən-dilə, ağızdan-ağıza keçərək dövrümüzədək gəlib çatmış folklor inciləri məhz kollektiv yaradıcılığın məhsuludur və müəllifləri məlum olmayan ədəbi janrdır. Əski çağlardan, tarixin dərin qatlarından xəbər verən şifahi xalq yaradıcılığı Azərbaycan xalqının ruhundan süzülən özünəməxsus bir mədəniyyət sahəsidir. Bütün xalqların ədəbiyyatları üçün ilk və səciyyəvi olan kollektiv yaradıcılıq - ağız ədəbiyyatı Azərbaycan ədəbiyyatının inkişaf edərək bugünkü səviyyəyə çatmasında da özül funksiyasını yerinə yetirib.

Tarixən Azərbaycan türklərinin yaratdıqları zəngin ağız ədəbiyyatı xəzinəsi XIX əsrdən başlayaraq həm də folklor adlandırılıb. İngilis dilindən gələn bu termin - folk - xalq, lore isə bilik, hikmət (xalq müdrikliyi) anlamındadır. Tanınmış folklorşünas alim Azad Nəbiyev yazırdı ki, "Şifahi xalq ədəbiyyatının ilk nümunələri - ibtidai insanların məişət, təbiət hadisələri, ovçuluq, əmək və digər bu kimi məsələləri haqqında təsəvvürləri və bununla əlaqədar keçirdikləri hisslərin tərənnümüdür. Bunlar qədim dövrlərdə yaranaraq, dildən-dilə, ağızdan-ağıza keçərək yaşamış və zənginləşmisdir. Folklor nümunələri xalq zəkasının qüdrətini, bədii təfəkkürünün gücünü parlaq əks etdirən, məzmun cəhətdən maraqlı, ideya baxımından zəngin, əsrlərin sınağından çıxmış əsərlərdir. Bu sənət inciləri janr əlvanlığı, dil-üslub aydınlığı, poetik tutumu və xəlqiliyi ilə seçilir. Şifahi ədəbiyyatda xalqımızın insan taleyi ilə bağlı düşüncələri, vətənpərvərliyi, humanizmi, arzu və istəyi, sevgisi, nifrəti, müxtəlif tarixi dönəmlərdə üzləşdiyi mühüm ictimai-siyasi hadisələrə münasibəti geniş bədii əksini tapmışdır...".

Azərbaycan dünyanın ən zəngin folklor sərvətlərinə sahib olan ölkələrindən biridir. Nizami, Füzuli, Xətai, Nəsimi, Sabir, Şəhriyar kimi korifey sənətkarların yaratdığı Azərbaycan ədəbiyyatının qaynağında, söz sənətinin nüvəsində məhz zəngin və dərin məzmuna malik Azərbaycan folkloru durur.

Folklor inciləri xalqın bədii təfəkkürünün, ağıl və zəkasının gücünü parlaq şəkildə özündə əks etdirən, maraqlı, diqqətçəkən məzmuna, zəngin ideyaya malik olan və əsrlərin sınağından çıxmış kollektiv yaradıcılıq məhsullarıdır. Bu sənət inciləri janr əlvanlığı, dil-üslub aydınlığı, poetik tutumu və xəlqiliyi ilə seçilir. Şifahi ədəbiyyatda xalqımızın insan taleyi ilə bağlı düşüncələri, vətənpərvərliyi, humanizmi, sevgisi, nifrəti, müxtəlif tarixi dönəmlərdə üzləşdiyi mühüm ictimai-siyasi hadisələrə münasibəti, gələcəklə bağlı arzu və istəkləri geniş bədii əksini tapır. Təsadüfi deyil ki, əmək nəğmələri xalqın bu hisslərini parlaq şəkildə əks etdirən ilk nümunələrdir. Çünki əcdadlarımız yaşamaq, ayaqda qalmaq üçün böyük əmək sərf edib, təsərrüfatlarında tər tökərək çalışıb, "yaxud ov ovlamaq, quş quşlamaq" üçün səfərə çıxaraq xeyli zəhmət çəkiblər. Əmək nəğmələri də məhz bu proseslər zamanı yaranmış, insanları işə, əməyə daha da həvəsləndirmişdir:

Əmək nəğmələrinin geniş yayılmış növləri ağız ədəbiyyatının ən qədim örnəkləri - holavarlar və sayaçı sözlərdir. İstər Güney, istərsə də Quzey Azərbaycanda əkinçilik və cütçülüklə bağlı yaranmış holavarlarda etnoqrafik elementlər, istehsal alətlərinin adı, öküzün, kəlin vəsfi böyük maraq doğurur. Heç şübhəsiz, əkinçi-cütçü öz ağır əməyini yüngülləşdirmək, qəlbində ruh yüksəkliyi yaratmaq, işini daha əzmkarlıqla görmək üçün müəyyən ritmli, xoş ahəngli olan nəğmələr deyib. Cütçü söylədiyi holavarda öküzə müraciətlə ona güvəndiyini, işi tez görüb bitirəcəyini söyləyir. Öküzlə bağlı holavarlarda kəndli Tanrıdan onu bədnəzərdən, yaman gözdən qorumağı, isti havalarda "bağrı bişməsin" deyə yağış yağdırmasını, göyün üzünə bulud gəlib yerə nəm düşməsini təmənni edir, xışladığı torpaqdan bol məhsul götürəndə özü ilə bərabər öküzlərin də murada çatdığını qeyd edir:

 

Bizim öküz, buz öküz,

Qoparıbdı toz öküz.

Alıb yerin canını,

Çıxsın yaman göz, öküz.

 

Öküz qayıtdı qaşdan,

Ay Allah, saxla daşdan.

Bədnəzər qabaqdadı,

Yolunu sal bu başdan.

(davamı növbəti saylarımızda)

 

Esmira FUAD,

filologiya elmləri doktoru.