DARMADAĞIN KÖNÜLLƏRİN ŞAİRİ
Güneydən səslər

DARMADAĞIN KÖNÜLLƏRİN ŞAİRİ

CƏNUBDAN SƏSLƏR...

Çağdaş Cənubi Azərbaycan ədəbiyyatının istedadlı yaradıcılarından biri olan Məsud Harayın adı təkcə o taylı-bu taylı Azərbaycanda deyil, Türkiyədə, İraq və digər türk ellərində yaxşı tanınır. Bəziləri imzasının "Haray" olmasının özəl bir anlamı olduğunu qeyd edir və vurğulayırlar ki, bu haray, "Cənubi Azərbaycanın 1925-ci ildən, yəni pəhləvilər dönəminin başlanğıcından bu günə kimi "parn-urdu" və "fars" qəlibində yaşamağa məhkum edilmiş Cənub türklərinin harayı, fəryad səsi, ünüdür". Və bu "Haray" kəlməsi mahiyyətində sıxıntı və basqılara, zorakılığa, assimilyasiyaya uğradılan Azərbaycan türklərinin fəryadını daşıyır: "Öz kimliyinə, kültürünə və ədəbiyyatına sahib çıxmaq hər bir toplumun ən qutsal görəvidir, əks təqdirdə, həmin toplum yox olmaq təhlükəsi ilə üz-üzə qalır, məhvə məhkum edilir". Bu yanaşma Məsudun şeirlərində göstərdiyi gerçəkliyin acı mahiyyəti, fəlsəfəsidir.

Belə ki, 1974-cü ildə Cənubi Azərbaycanda, Xoy şəhərinin yuxarı Şavanlı (Şamanlı) kəndində dünyaya göz açan kiçik Məsud məktəb yaşına çatanda beşikdəykən laylalarını dinlədiyi anasının dilində deyil, yabançı bir dildə təhsil almaq məcburiyyətində qalır və mövcud duruma qarşı üsyanını hayqırmaqla poeziya dünyasına ilk addımlarını atır. Lakin 1996-cı ildə 22 yaşlı gənc ikən kimliyini, soykökünü, hardan gəlib hara getdiyini o qədər dərindən anlayıb dərk edir ki, farsca yazdığı bütün şeirlərini, şeirləri çap olunan dərgiləri, aldığı təqdir və təltif məktublarını bir araya gətirir və od vurub yandırır…

Bir il sonra, 1997-ci ildə isə "Haray" şeirini yazır və şeir "Ümidi Zəncan" həftəliyində yayımlanır. Məsud bu şeirə görə həbs olunur. Beləliklə, elə həmin şeirdən sonra da ədəbi aləmdə Məsud Haray adı ilə tanınmağa başlayır.

İlk əsərlərini klassik şeir qəliblərində - əruz vəzninin müxtəlif bəhrlərində yazsa da, Cənubi Azərbaycanda ilk sərbəst şeir, ən kiçik həcmli minimalist modern şeirlər - “flash fiction” yazanlardan biri olur:

Sən, Vətəndən uzaq vətənsizsən,

Mən isə Vətəndə vətənsiz.

Çağdaş Türkiyə ədəbiyyatında Tevfik Fikrət, Oktay Rıfat, Fazil Hüsnü Dağlarca, Orxan Vəli Qınıq, Orxan Tiryakioğlu, Əli Kamal Turan, Turqay Günənc, İsmət Özəl, Turğay Kantürk, Betül Yazıçı, Ertan Misirli, Hariye Ərsöz, Toğrul Tanyol, Turqut Uyar, Mehmet Taner, Haydar Ərgülən, Mehmet Can Doğar, Aydın Şimşək, Turqay Fişəkçi, Berhan Kəskin və s. kimi ünlü modern ədəbi söz ustalarının önə çəkdikləri "fikir və düşüncə, əslində XX və XXI yüzil türk düşüncə tərzinin yeni sinerjetik qaynağı sayılır...".

Bu yolun dönməz yolçuları sırasında Mirzə Tağı Rüfətdən başlanan yeni düşüncə ədəbiyyatının nümayəndələri - Mirzə Həsən Rüşdiyyə, Məhəmmədhüseyn Şəhriyar, Həmidə Rəiszadə Səhər, Əli Təbrizli, Əlirza Nabdil Oxtay, Bulud Qaraçorlu Səhənd, Həbib Sahir, Mərziyə Üskülü Dalğa, Həmid Nitqi Aytan, Manuçöhr Əzizi Haray, Məcid Şəbbağ Yalqız, Telimxan, Hüseyn Fəzlullahi Vəhid kimi tanınmış şairlər yer alır. Onların keçdikləri ömür və yaradıcılıq, sağlam ədəbi düşüncə yolunu bu gün Məsud Haray kimi güclü şairlərimiz davam etdirir, yeni səpkili şeirləri ilə ədəbiyyatda modernizm cərəyanını irəli aparırlar. Məsud Haray əksər şeirlərinə ad verməkdən çəkinsə də, zamanın ritmi onun gerçəkləri əks etdirən əsərlərində vurur, ədəbi təfəkkürünün, yaşamla, özgürlük, milli kimliklə bağlı anlayışının, qavramının doğurduğu möhtəşəm poeziya örnəklərinin ruhunu, ünvanını bəlli edir...

Vətəni son umudu sayan Məsud Harayın əsir el-obasının haraylarını eşidib ürəyi sıxılanda, yer kürəsinin, mavi göyün kiçildiyini, hətta bir-birinə girdiyini düşünən anlarında bu darıxma yer kürəsinin kiçilməsinə, mavi göylərin daralmasına görə olsa da, sevdiyinin darıxmasını heç istəmir! "Dünyalar içimdə" şeirində bütün varlığı içinə daşıyıb dərdlərinə üzüləndə qızı Burlaxatunun üzünə baxıb gülümsəməsi yeganə təsəllisi olur, lakin gizli göz yaşları yenə də içindəki daim təlatümlü, dalğalı dənizə axır:

Dünyalar içimdə, yoxsa dünyalar içindəyim?

Üzgünüm, yoxsa üzüntülüyüm?

Sevgilim: - Bunları dilə gətirməsən,

                                               şirinləşir həyat, - deyir.

Necə ki, acı bibərlər içində, acı-şirin

                                               bibər axtarışı kimidir.

Və qızım üzümə güləndə gülür dünya

                                                üzümə, öylə ki,

Az qalır göz yaşlarıma boğulam içimdə...

"Miqren" şeirində "Səni düşündüyümdə, miqrenim başlar, səni düşünməyəndə də. Sən miqrenimsən, mən də sənin dəlin, Vətən", - deyərək Vətən üçün dəli olmağın belə mümkünlüyünü hayqırır. "Qara bulut" şeirində isə Günəş olmasa da, qara buludların bağrını çatladacaq qədər işıldaya, nur saça bilir.

Azadlıq, bağımsızlıq uğruna meydanlara atıldığına görə tutuqlanan mücahidlərin zindanda keçən günlərinə, ömürlərinə də ağı deyib bayatı çağıran Məsudun "Zindan bayatıları" ayrıca bir silsilədir:

Zindan, zindan içində.

Zindan, İnsan içində.

Bu məmləkət İnsanı,

Çabalır qan içində.

Bir gerçəklik də var ki, Məsud Harayın yaradıcılığında təbii ki, sevgi şeiri bir növ arxa plana keçir. Ancaq qurşunlu şeirlər yazan şairdən daha öncə, axı, o da bir insandır - duyan, düşünən, sevən, hər şeyin gözəlini, ən yaxşısını arzulayan bir Tanrı bəndəsi: "Əslində, hər kəsin sevgidən bir anlayışı var... Mənə görə ən böyük sevgi Vətən sevgisidir. Vətənini sevən bir şair vətənindəki bütün nəsnələri sevir: eşi, dostu, doğanı, dağı, daşı, torpağı, gülü, çiçəyi, quşları, böcəkləri, suyu, havanı, hər şeyi, habelə özgürlüyü, insanlığı sevir demək...", - deyən şairin səmimiyyətinə inanırıq:

Özümü sevdiyim qədər,

Mən səni sevmişəm Vətən.

Tanrı deyə, ondan betər,

Mən səni sevmişəm Vətən.

"Qar yağanda "Xoy"a, Qulaqlarım üşür, Bırnım ucu göynür, Şeir barmaqlarım ucunda buz bağlayır. Qanadları qırov bağlayan sərçələri düşünüb "Urmu"dakı qarğalara dən səpməliyəm", - deyən Məsud Haray üçün bütün dərdlərin dərmanı adını böyük hərflərlə yazdığı Vətəndir. Bu Vətənin baş şəhəri olan Təbriz təkcə Məsud Haray üçün deyil, Hadı Qaraçay, Hümmət Şahbazi, Əziz Səlami, Rəsul Yunan, İsmayıl Ülkər, Nigar Xiyavi, Kiyan Xiyav və b. üçün də qutsal bir məkan, ictimai-siyasi hadisələrin, milli azadlıq uğrunda aparılmış savaşın, inqilabların beşiyidir... Təbriz onlar üçün bütün Azərbaycan deməkdir, Azərbaycan isə Təbriz!.. Vətənin Cənubu ilə Şimalı arasında heç bir ayrı-seçkilik salmayan şairin vətənpərvərlik, yurdsevərlik mövzulu şeirləri sanki Vətəni sevməyin hava, su kimi gərəkliyini aşılayan, öyrədən ibrətamiz bir dərs təsiri bağışlayır: "Urmu-Qarabağ" şeiri bu qoşalaşmanın ən bitkin və gözəl örnəyidir:

Gül var ki ada düşər.

Meyvə var dada düşər.

Urmuda dolananda

Qarabağ yada düşər.

Məsud Harayın şeirlərinin aparıcı xətti, başlıca qayəsi, amacı Vətəndir... O, illər boyu bu hədəfə yetmək, yurdunda üçrəngli, aylı-ulduzlu milli Azərbaycan bayrağının yüksəldiyini görmək diləyi ilə qələmə sarılıb. Onun zülmə, zülmkara qarşı üsyan səsi, hayı, harayı olan şeirləri millətinə, içində yorğun düşən arzularına "Ayağa qalx!" nidasıdır. "Dəniz və tale" şeirində cəsarətlə: "Artıq ağlamaq zamanı deyil!", - deyən Məsudun, "Hətta qəbirlərdən tarixi qəhrəmanlarımız belə ayağa qalxaraq imdadımıza yetməlidir, dərmanımız isə üsyanımızdır!" istəyi boy verir.

"Daha doğrusu, çevrəmdəki anlayışları gözdən keçirmiş olursam əgər, onlar mənə: "Sən öncə bir türk millətçisi, sonra şairsən! deyirlər", - gerçəyi Məsudun 50 ili haqlamış yaşamının və "Cənubi Azərbaycanda Dirəniş ədəbiyyatı"nın yaranmasında böyük rol oynayan şeirlərinin leytmotividir... Bu gerçəyin ən bariz ifadəsi Cənubi Azərbaycandakı mövcud durumu anladan "Burada" şeiridir:

Bura hekayələrin acıyan sonucudur,

Şeirlərin susqunluğu və şair xəyalının

                                   burnuna ətir acısı taxılan küçə.

Burada, çərşənbə axşamında oynayamazsan!

Oyuna tutarlar səni və atəşlərə.

Səni, xəyallarınla və inamlarınla oynayarlar,

Burada yazdıqlarına silah deyə.

Qurşun deyə, atom deyə suç sanarlar.

Məsud Haraya görə bir şair filosoflardan daha öncə fəlsəfə tapıntılarını bilir və xəyalın əfsanəvi qanadlarıyla uçur, üfüqlərini müəyyənləşdirir, bundan sonra isə duyduqlarını, dərk etdiklərini oxucularına anladır.

O, həm ənənəvi, həm də modern və postmodern şeirin texnikasına yaxşı bələddir. Ancaq klassik ədəbiyatımızın təməlində qurulan modernizmi ən doğru yol sayır. Ancaq "bu yolun özü də köklərdən rişələnməlidir və bu kök məhz klassik ədəbiyyatımız olmalıdır. Başqa millətlərin söz sənəti örnəklərini, eləcə də dünya ədəbiyyatını yamsılamalarla ədəbiyyatımız asla modernləşə bilməyəcəkdir. Dünya günbəgün modernləşir, insanlar da öylə - az və ya çox dərəcədə modernləşməyə doğru gedirlər… Hətta insanların arzuları, bəkləntiləri və yuxuları belə modernləşir", - düşüncəsi ilə yazıb-yaradır…

Esmira FUAD.

filologiya elmləri doktoru.