İgid ömrü əbədidir
Region

İgid ömrü əbədidir

Vətən müharibəsində canından keçib xalqına Zəfər sevincini yaşadan minlərlə oğullar var. Onlardan biri Lerik rayonu, Tikəband kəndində dünyaya göz açmış dağlar qartalı, şəhid Tamerlan Xankişi oğlu Süleymanovdur. Daşına, torpağına qurban dediyi, qeyrətinə tapındığı doğma Azərbaycanın hər yerini özünə əziz bilən lerikli balası Binə Şəhidlər Xiyabanında uyuyur. Bu günlərdə şəhidin doğum günü məzarı başında qeyd olunub.

2020-ci il sentyabrın 27- Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsinə Tamerlan könüllü gedir. Cəbrayılın, Füzulinin azadlığı uğrunda gedən haqq savaşımızda iştirak edir. Oktyabrın 27- Füzuli döyüşləri zamanı qana susayan erməni dığalarını qanda boğmaqla qəhrəmancasına şəhidlik zirvəsinə ucalır.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən şəhid Tamerlan Süleymanov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", Cəbrayılın, Füzulinin azad olunmasına görə medallarına layiq görülüb.

Onu da bildirək ki, Tamerlan Süleymanov yaşasaydı ömrünün 31 ilini yola salardı. Canını Vətənə fəda edən qəhrəman cismən aramızdan gedib, harada bir Günəş müqəddəsliyi var, sorağı oradan gəlir. Köç etdiyi könüllərdə yaşayır Tamerlan. Həm Azərbaycanımız var olduqca, şəhidimizin xalq üçün qəhrəmanlıq simvoluna dönən adı dillərdən düşməyəcək.

 

 Z.ORUCOĞLU.