Şəhid ailəsi ziyarət olunub
Region

Şəhid ailəsi ziyarət olunub

Qəhrəman oğulları ilə qürur duyulan rayonda şəhidlərin əbədi xatirəsi daim əziz tutulur, vətənə əvəzsiz xidmətləri yüksək qiymətləndirilir və geniş təbliğ olunur. Şəhid ailələri ilə növbəti görüş rayonun Gərəkli kəndində Əlisoltanovlar ailəsində keçirildi.

İgid qəhrəmanımızın doğulub boya-başa çatdığı ata yurdunda daha bir qəhrəman - şəhid dayısının adını layiqincə yaşadacaq balaca Vahid böyüyür. Körpə dayısının adını daşımaqla, nənə və babasının, dayısını sevənlərin yarasına bir məlhəm oldu. Öz gülüşü, səsi ilə ailəyə sevinc, xoşbəxtlik gətirdi.

Kollektivlə birlikdə şəhid ailəsini ziyarət edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev onların sevincini bölüşüb, gözaydınlığı verib və ən xoş arzularını çatdırıb.

Qeyd edək ki, Vətən müharibəsi şəhidi Vahid Əlisoltanov 1994-cü il noyabrın 10-da Balakən rayonunun Gərəkli kəndində anadan olub. Azərbaycan Ordusunun giziri olan Vahid Əlisoltanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində qəhrəmancasına şəhid olub. Balakən şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin sərəncamlarına müvafiq olaraq olaraq Vahid Əlisoltanov döyüş rəşadətinə görə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

M.QULUYEV,

"Respublika".