Heydər Əliyevin müdrik xarici siyasəti
Siyasət

Heydər Əliyevin müdrik xarici siyasəti

Ötən əsrin 90-cı illərində, Azərbaycan müstəqilliyini bərpa etdiyi zaman dünya miqyasında mürəkkəb və ziddiyyətli geosiyasi proseslər baş verirdi. Belə bir şəraitdə müstəqil dövlət qurmaq son dərəcə müdrik, yaradıcı və çevik yanaşma tələb edirdi. Müstəqilliyinə qovuşmuş dövlətlər dövlət quruculuğunun uğurlu olması üçün xarici təsirlərlə daxili potensiallarını uyğunlaşdırmaq məcburiyyəti qarşısında qalmışdı. Yəni, daxili siyasətlə xarici siyasət bir-birini tamamlamalı idi. Bu baxımdan, Heydər Əliyevin 1993-cü ildə xalqımızın təkidli xahişi ilə yenidən hakimiyyətə gəlişi Azərbaycanın xarici siyasət kursunun prioritet istiqamətləri dövrün tələblərinə və reallıqlara uyğun şəkildə formalaşdırıldı, bu istiqamətlərdə mühüm vəzifələr müəyyənləşdirildi.

Həmin vəzifələrdən ən əsası Azərbaycanı beynəlxalq aləmdəki təcrid vəziyyətindən çıxarmaq, ölkəmiz haqqında yaradılmış mənfi ictimai rəyi dağıtmaq və xalqımızın haqq işini dünya ictimaiyyətinə olduğu kimi çatdıraraq respublikamız ətrafındakı informasiya blokadasını yarmaqdan ibarət idi. Ona görə də yeni xarici siyasət xətti üçün hər şeydən əvvəl, müharibə dayandırılmalı və dinc şərait təmin edilməli idi. Bu məqsədlə, 1994-cü ilin mayından Ermənistanla atəşkəsə nail olunması, qanunsuz hərbi birləşmələrin buraxılması və ölkə daxilində sabitlik yaratmaq yolunda atılan addımlar sayəsində yeni xarici siyasət xəttinin ardıcıllıqla həyata keçirilməsi üçün lazım olan əlverişli dinc şərait yarandı. Müstəqilliyin ilk iki ilində bəzi qonşu dövlətlərlə əsassız olaraq yaradılmış soyuqluğun aradan qaldırılması istiqamətində bir sıra zəruri tədbirlər görüldü.

O dövrdə ölkəmizin sistemli şəkildə dünya birliyinə inteqrasiya olunmasında ikitərəfli və çoxtərəfli siyasi münasibətlərin genişlənməsi üçün atılan addımlar mühüm əhəmiyyət kəsb edirdi. Bu baxımdan, Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il sentyabrın 20-də imzalanmış "Əsrin müqaviləsi" ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsinə və beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə güclü təkan verdi. 1998-ci il sentyabrın 7-8-də 32 dövlətin və 13 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə tarixi böyük İpək Yolunun bərpası üzrə keçirilmiş Bakı Beynəlxalq Konfransı və onun nəticələri Azərbaycanın xarici siyasətində qazanılan ən mühüm nailiyyətlərdən biridir.

Ümummilli lider Heydər Əliyevin xarici siyasət xəttində beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi məsələlərinə çox böyük diqqət yetirilib. 1994-cü il mayın 4-də Heydər Əliyev "Sülh naminə tərəfdaşlıq" proqramının çərçivə sənədini imzaladı. Bu sənəd Azərbaycan Ordusuna NATO-nun hərbi strukturları ilə sülh naminə əməkdaşlıq etmək, birgə təlim və manevrlər keçirmək, kadr hazırlığı və s. sahədə birgə hərəkət etmək imkanı verdi.

1996-cı il aprelin 22-də Lüksemburqda Avropa İttifaqı ilə Azərbaycan arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiya və qeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi imzalandı.

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın əməkdaşlıq etdiyi təşkilatlardan biri də məhz Avropa Şurasıdır. 1996-cı il iyunun 26-28-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti sessiyası zamanı Assambleyanın Bürosu Azərbaycana "xüsusi dəvət edilmiş qonaq" statusunun verilməsi barədə qərar qəbul etdi. Ölkəmizin AŞPA-da təmsil olunmasına və Avropa Şurası tərəfindən qəbul olunmuş bəzi konvensiyalara qoşulmasına imkan yaratdı. Avropa Şurasının bərabərhüquqlu üzvü olmaqla respublikamız mühüm problemlərini dünya ictimaiyyətinin diqqətinə obyektiv şəkildə çatdırmaq üçün yeni və çox mötəbər tribuna əldə etmiş oldu. 2001-ci il yanvarın 17-də isə Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edildi. Və Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan Parlamentinin nümayəndə heyətinə rəhbərlik Milli Məclisin deputatı İlham Əliyevə həvalə edildi.

Böyük qürur hissi ilə qeyd etmək istərdim ki, mənə də AŞPA-da ilk nümayəndə heyətimizin üzvü olmaq nəsib olmuş və bu etimad göstərilmişdi.

Qazanılan uğurlarla yanaşı, Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması ümummilli lider Heydər Əliyevin xarici siyasətində başlıca yer tuturdu. Bu məqsədlə, 1993-cü ilin ikinci yarısından etibarən ümummilli lider respublikamızın təhlükəsizlik problemlərini, xüsusilə Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları və hərbi təcavüzünü beynəlxalq aləmə çatdıraraq, regionda sülhün bərqərar olması üçün beynəlxalq təşkilatların təsirini artırmağa çalışdı. Bu məqsədlə, Azərbaycan Prezidentinin ən yüksək səviyyədə dövlət başçıları və nümayəndə heyətləri ilə ikitərəfli, eləcə də çoxtərəfli görüşlərində apardığı müzakirələrdə göstərdiyi səylər onun məqsədyönlü siyasətinin mühüm tərkib hissəsini təşkil edirdi.

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın BMT ilə əlaqələri daha da inkişaf etməyə başladı. Belə ki, Azərbaycan dövlətinin başçısı kimi ilk dəfə Heydər Əliyev 1994-cü ilin sentyabrında BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirak edərək bu beynəlxalq təşkilatın tribunasından ölkəmizin bir çox məsələləri ilə bağlı, xüsusilə Ermənistanın Azərbaycana təcavüzü haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırdı. Bundan başqa, 1996-cı il dekabrın 2-3-də ATƏT-in Lissabonda keçirilən Zirvə toplantısında qəbul edilən və münaqişənin nizama salınmasının beynəlxalq-hüquqi bazasını təşkil edən sənəd Ermənistan-Azərbaycan münaqişəsini ədalətlə aradan qaldırmaq yolunda böyük siyasi nailiyyət sayıla bilər. Belə ki, Zirvə toplantısı zamanı ümummilli liderin siyasi iradəsi və diplomatik fəaliyyəti sayəsində münaqişənin həllinin siyasi-hüquqi çərçivəsini müəyyənləşdirən sənəd qəbul edildi. Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair 3 əsas prinsipi özündə əks etdirən bu bəyanat Ermənistan istisna olmaqla, dünyanın 53 dövləti tərəfindən müdafiə olundu və Lissabon sammitinin Yekun sənədlərinə əlavə edildi.

Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi ümummilli liderin iki ölkə arasındakı münasibətlərin möhkəm əsaslarının formalaşmasında müstəsna rolunu qeyd etmək istəyirəm.

25-27 sentyabr 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İtaliyaya ilk rəsmi səfəri dövlətlər arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün əhəmiyyətli addım olmuşdur. Səfər zamanı sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İtaliya Respublikasının Prezidenti Oskar Luici Skalfaro ilə görüşü zamanı ölkəmizin İtaliya ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini, habelə, Azərbaycanın İtaliyaya Avropanın böyük demokratik ənənələrə, inkişaf etmiş iqtisadiyyata malik dövlət, əməkdaşlıq üçün çox yaxşı tərəfdaş kimi baxdığını bildirmişdir. Görüş zamanı müstəqilliyimizin ilk illərində ölkəmizdəki daxili siyasi vəziyyət və Ermənistan-Azərbaycan arasındakı münaqişə mövzusuna da toxunulmuşdur. Həmin gün Prezident Heydər Əliyev Romanın "Giçi saray"ında Baş nazir Romano Prodi, habelə Parlament sarayında Senat sədri N.Mançio və Deputatlar Palatasının sədri L.Violante ilə görüşmüş və ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə olunmuşdur.

Azərbaycan Prezidentinin İtaliyaya səfəri çərçivəsində ölkələr arasında siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlıq üzrə yeddi saziş imzalanmışdır: Münasibətlərin Prinsipləri haqqında Birgə Bəyanat, İqtisadi əməkdaşlıq haqqında Birgə Bəyanat, Mədəni, elmi və texnoloji əməkdaşlıq sazişi barədə Birgə Bəyanat, iki dövlət arasında 1997-1998-ci illər üçün texniki əməkdaşlıq haqqında saziş, Turizm sahəsində əməkdaşlıq haqqında müqavilə, Hava xidmətlərinə dair saziş, İnvestisiyaların qorunması və həvəsləndirilməsi haqqında müqavilə.

Həmçinin, sentyabrın 26-da Azərbaycan Dövlət Neft Şirkəti və İtaliyanın "Eni-Acip" şirkəti arasında "Kürdaşı" blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin əsas kommersiya prinsipləri və müddəaları barədə sənəd imzalanmış, həmin gün Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İtaliyanın "Aleniya" şirkətinin prezidenti Kvuaro Kvuani ilə görüşündə Azərbaycan-İtaliya münasibətlərinin daha da canlandırılması üçün geniş imkanların olmasından söz açmışdır.

Heydər Əliyev səfər zamanı Roma və Neapol şəhərlərinin merləri və "Enel", "ENİ" "Fata" kimi böyük İtaliya şirkətlərinin təmsilçiləri ilə görüşlər keçirmişdir. Azərbaycan Respublikasının Prezidenti həmçinin, İtaliyanın "La Repubblica" qəzetinə və "Il Sole 24 ore" kimi nüfuzlu gündəlik iqtisadiyyat jurnalına da müsahibələr vermişdir. Heydər Əliyev "Il Sole 24 ore" jurnalına verdiyi müsahibəsində demişdir: "Mənim ən böyük təəssüratım ondan ibarətdir ki, Sovetlər İttifaqı dağılıb və Azərbaycan öz dövlət müstəqilliyini əldə edib. Hesab edirəm ki, XX əsrin sonunda Sovetlər İttifaqının dağılması bəşər tarixi üçün çox böyük hadisədir. Bu, Azərbaycan xalqı üçün də böyük xoşbəxtlikdir. Məhz bunun nəticəsində Azərbaycan öz milli azadlığını, dövlət müstəqilliyini qazanıb".

Ulu öndərin İtaliya Respublikasına rəsmi səfəri bu ölkə ilə bütün sahələrdə əlaqələrin daha da gücləndirilməsi üçün böyük perspektivlər açmışdır.

Dünyanın ən qüdrətli ölkəsi ABŞ-la münasibətlərin qurulmasında və daim yüksələn xətlə inkişaf etdirilməsində Heydər Əliyevin xidmətləri misilsizdir. Müstəqil Azərbaycanla bu ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə yaradılmışdır. Lakin bu, hələ ilk addım idi. Bu yolla irəliləmək, bir sıra məsələlərə aydınlıq gətirmək, əlaqələri genişləndirmək, etimad, etibar qazanmaq, Azərbaycanı layiqincə təmsil etmək üçün çox iş görmək, böyük diplomatik fəallıq göstərmək tələb olunurdu. Bu, vacib və olduqca zəruri idi. Çünki dünyəvi dövlət qurmaq istəyən və çətin problemlərlə qarşılaşmış gənc, müstəqil bir ölkənin taleyində dünya siyasətində həlledici rolu olan bu fövqəldövlət mühüm rol oynaya bilərdi. Buna nail olmaq, mövcud imkanları reallığa çevirmək üçün ardıcıl, məqsədyönlü səy göstərmək, müxtəlif yollar axtarmaq, vasitələr tapmaq lazım gəlirdi. Nəhayət, 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi"nin imzalanması bu yolda ən mühüm və ən başlıca amil, Azərbaycanla Qərb arasındakı münasibətlərdə dönüş nöqtəsi oldu. Belə ki, Azərbaycana, onunla iqtisadi əməkdaşlığa, problemlərinə, geosiyasi əhəmiyyətinə maraq yarandı. Bu maraq ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, münaqişəli problemin dinc yolla həllinə tərəfdar olduğunu bəyan etməsilə nəticələndi.

Beynəlxalq münasibətlərə əsaslı təsir göstərən 2001-ci ilin 11 sentyabr terror hadisələrindən dərhal sonra Heydər Əliyevin bütün bəşəriyyət üçün təhlükə doğuran beynəlxalq terrorizmi pisləyən bəyanatla çıxış etməsi, Azərbaycanın antiterror koalisiyasında fəal iştirak edəcək dövlətlərdən biri olacağını qətiyyətlə bildirməsi ABŞ-ın respublikamıza olan etimadını daha da gücləndirdi və iki ölkənin münasibətlərində vacib keyfiyyət dəyişikliyinə səbəb oldu. Heydər Əliyevin antiterror koalisiyasına verdiyi dəstək və ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin gerçəkləşdirilməsi, Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının Azərbaycan üzərindən Qərbə nəql edilməsi istiqamətində dövlətimizin başçısının göstərdiyi ardıcıl və qətiyyətli səylər, nəticə etibarilə illər boyu xalqımızın haqlı narazılığına səbəb olan "Azadlığı dəstək aktı"na ədalətsiz 907-ci düzəlişin qüvvədən düşməsinə gətirib çıxardı. 2001-ci ilin oktyabrında ABŞ Prezidenti C.Buş və dövlət katibi K.Pauell Konqresə müraciət edərək 907-ci düzəlişin aradan qaldırılmasının ABŞ-ın milli maraqlarına xidmət etdiyini vurğuladılar. Erməni lobbisinin ABŞ Konqresinə təsir imkanlarının miqyasını nəzərə alsaq, 907-ci düzəlişin qüvvədən düşməsi, heç şübhəsiz, Heydər Əliyevin xarici siyasətinin böyük uğuru idi.

Azərbaycanın yeni xarici siyasət kursunda bütövlükdə Avropa dövlətləri ilə münasibətlər məsələsi yeni bir istiqamət təşkil edirdi. Hər bir ölkənin özünəməxsus xüsusiyyətlərini bütün incəliklərinə qədər nəzərə alan bu yeni kurs çevik taktiki gedişlərlə həyata keçirilirdi. Qısa müddət ərzində Azərbaycanın özünə Böyük Britaniya, Almaniya, Fransa, İtaliya kimi nüfuzlu müttəfiqlər qazanması Heydər Əliyev xarici siyasətinin Avropa istiqamətinin çox mühüm bir uğuru oldu. Prezident Heydər Əliyevin məqsədyönlü xarici siyasəti nəticəsində Avropanın siyasi və iqtisadi həyatında mühüm rol oynayan Belçika Krallığı, Hollandiya, Norveç və digər ölkələrlə qarşılıqlı faydalı əlaqələrin genişləndirilməsi Azərbaycanın Avropa ilə inteqrasiyasına yeni yollar açdı, beynəlxalq aləmdə nüfuzunun artmasına və mövqelərinin möhkəmlənməsinə kömək etdi.

Ötən əsrin 90-cı illərinə doğru sosializm dəyərlərindən imtina edərək bazar iqtisadiyyatı və demokratiya yolunu seçmiş dövlətlər arasında hərtərəfli əməkdaşlıq əlaqələrinin qurulması həm də yeni dövrün reallıqları ilə şərtlənir. Məsələ bundadır ki, vaxtilə keçmiş SSRİ də daxil olmaqla sosializm düşərgəsinin üzvü olan bu ölkələrin ümumi iqtisadi-siyasi sistem çərçivəsində yerləşməsi onların hər birində oxşar iqtisadiyyatın təşəkkül tapmasına səbəb olmuşdur. Rəsmi Bakının Mərkəzi və Şərqi Avropa ilə qarşılıqlı faydalı əməkdaşlığı bütün səviyyələrdə genişləndirməyə çalışması bu məkanda yerləşən dövlətlərin Avropanın siyasi mühitinin müəyyənləşməsində mövqeyinin və fəal xarici siyasətinin mühüm təsirə malik olması ilə şərtlənir. Azərbaycan iqtisadi və siyasi islahatları uğurla başa çatdırmış həmin ölkələrin Avropanın siyasi, iqtisadi və təhlükəsizlik sistemlərinə inteqrasiya sahəsindəki mütərəqqi təcrübəsindən səmərəli şəkildə yararlanmaq niyyətindədir. Hazırda Qərbi Avropa ilə yanaşı, Avropa İttifaqı və NATO ilə münasibətlərdə yüksək nəticələr əldə etmiş Polşa, Rumıniya, Bolqarıstan, Macarıstan, Çexiya, Sloveniya, Xorvatiya kimi ölkələr də Azərbaycanın avrostrukturlara inteqrasiyası prosesinə fəal şəkildə dəstək verir, təcrübələrini bölüşürlər. Eyni zamanda Mərkəzi və Şərqi Avropa respublikamızın Transqafqaz nəqliyyat-kommunikasiya sistemi vasitəsilə Qərbi Avropaya çıxışının təmini baxımından əlverişli geosiyasi məkandır.

Heydər Əliyevin ölçülüb-biçilmiş yeni xarici siyasət kursunda Azərbaycanla qonşu olan ölkələrlə, müsəlman ölkələri ilə münasibətlərə də xüsusi diqqət yetirilirdi. Belə ki, bu ölkələrlə münasibətlərdə süni yaradılmış xeyli kəskin problemlər mövcud idi. Yaxın qonşumuz olan İranla hətta siyasi-ideoloji qarşıdurma, Türkiyə barəsində isə real şərait nəzərə alınmadan, ağına-bozuna baxmadan tam etnik birlik, türk birliyi zəminində aparılan emosional siyasət hər iki dost ölkə ilə münasibətlərə xələl gətirir, Azərbaycanın beynəlxalq mövqeyinə ziyan vururdu. Məhz buna görə də Heydər Əliyev çox təcrübəli siyasətçi kimi bu ölkələrlə münasibətlərdə tezliklə dönüş yaratmaq, onlarla qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə, beynəlxalq hüquq normalarına əsaslanan sivilizasiyalı münasibətlər qurmaq üçün böyük əmək sərf etməli oldu.

Həmin xarici siyasət xəttinin mühüm istiqamətlərindən birini də bu iki və digər qonşu ölkələrlə, İslam dünyası ilə münasibətlər təşkil edirdi. Bu baxımdan, dövlət başçısı Heydər Əliyevin Türkiyəyə, Səudiyyə Ərəbistanı və Pakistana səfərləri və apardığı danışıqlar çox əhəmiyyətli oldu. Belə ki, İran və Türkiyə ilə münasibətlərdə xeyli və əhəmiyyətli dəyişikliklər edildi. İranla münasibətlərin yenidən qurulması, gərginliyin aradan qaldırılması, əməkdaşlığın genişləndirilməsi qısa zaman ərzində bu yeni xarici siyasət xəttinin düzgün və faydalı olduğunu göstərdisə, Türkiyə ilə münasibətlərdəki dərin düşünülmüş dəyişikliklər isə ölkəmiz üçün, həm də ümumiyyətlə, ümumtürk birliyinin inkişaf edərək möhkəmlənməsi üçün çox əhəmiyyətli oldu. Bu işdə Prezident Heydər Əliyevin Türkiyəyə səfərləri mühüm rol oynadı. Nəzərə alındı ki, Türkiyənin əsası Atatürk tərəfindən qoyulmuş ənənəvi xarici siyasəti ilk növbədə, ölkənin, millətin mənafeyinə uyğun olan elə xətti əsas götürür ki, bu, təbii sərvətlərlə zəngin olmayan ölkənin iqtisadi inkişafına kömək etsin. Bu isə Xəzər neftinin daşınmasında dörd dənizlə əlaqəsi olan Türkiyənin tranzit əhəmiyyətini, Xəzər neftinin də Türkiyə üçün önəmini artırırdı. Odur ki, iki ölkə arasında strateji tərəfdaşlıq haqqında imzalanmış sənəd başqa amillərlə yanaşı, bu cəhəti əsas götürərək münasibətləri və dostluğu yeni, yüksək əməli əməkdaşlıq səviyyəsinə qaldırmaqla bu sahədə böyük imkan və perspektivlər açdı. Bu illər ərzində Türkiyə ilə əlaqələr ümummilli liderin "bir millət, iki dövlət" formulu əsasında, sarsılmaz təməl üzərində qurulmuşdur.

Heydər Əliyevin xarici siyasət kursunun digər bir mühüm prioriteti Avropa İttifaqı ilə münasibətlərin qurulması və inkişafı idi. Azərbaycan bu nüfuzlu qurumla əməkdaşlığında milli iqtisadiyyatı səmərəli inkişaf etdirməyi, milli iqtisadiyyatın Avropanın iqtisadi və maliyyə məkanına tam inteqrasiyasını və ümumavropa proseslərində, xüsusən Avropa təhlükəsizliyinin sabit və səmərəli arxitekturasının qurulmasında öz rolunu və əhəmiyyətini daim artırmağı qarşısına məqsəd qoymuşdur. Avropa İttifaqı ilə Azərbaycan arasında 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi siyasi dialoq, demokratik institutların inkişafına dəstək, iqtisadi əməkdaşlıq və sərmayələrin təşviqi kimi mühüm proseslərdə çərçivə bazası rolunu oynamaqdadır. Avropa İttifaqının göstərdiyi yardım Azərbaycanda islahatlar prosesinin sürətləndirilməsinə, müxtəlif layihələrin həyata keçirilməsinə yönəldilmişdir. Bütün bunlar Heydər Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycan iqtisadiyyatının inkişafına xidmət edən amillərdəndir.

Beləliklə, ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər respublikamız üçün həlledici oldu. Məhz həmin illərdə dövlətçiliyimizin möhkəm təməli qoyuldu. Bu gün də hər kəs ulu öndəri böyük hörmət və məhəbbətlə anır. Azərbaycan xalqı və dövləti var olduqca Heydər Əliyevin nəhəng tarixi xidmətləri unudulmayacaq, Azərbaycanın əldə etdiyi bütün uğurlarda ulu öndərin izi görünəcək.

Azər KƏRİMLİ,

Milli Məclisin deputatı.