Hasan Oktay:
Siyasət

Hasan Oktay: "BMT Ermənistanı sülhə təhrik etməlidir"

Birləşmiş Millətlər Təşkilatının Qarabağ məsələsində indiyə kimi tutarlı addımlar atmadığı diqqətdən yayınmır. Öz tarixi torpaqlarını 44 gün ərzində “Dəmir yumruğ"un hesabına işğaldan azad edən Azərbaycan, 1992-ci ildən bəri üzv olduğu BMT-nin tarixə qovuşmuş münaqişə ilə bağlı bir sıra qətnamə və bəyanatlarının icraetmə qabiliyyətinin olmadığını 28 ildə aydın şəkildə gördü. Get-gedə regionda təsiri azalan bu təşkilatın öz mövqeyini qorumaq üçün hansı addımları atacağı maraqla gözlənilir.

Məsələ ilə bağlı “Respublikaya” Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, politoloq Hasan Oktay öz fikrilərini bildirib:

"Son 5 ildə BMT-in regionda effektivliyi əhəmiyyətli dərəcədə azalıb. Bu baxımdan BMT strukturu və funksiyaları üzrə yürütdüyü müvafiq siyasəti bir daha analiz etməli və doğru qərarlar verməlidir. Təşkilatın regionda Qarabağ məsələsi və taxıl sazişinin imzalanmasında xüsusi uğursuzluqları diqqətdən yayınmayıb. Zaman-zaman Türkiyəyə və qardaşı Azərbaycana qarşı mənasız mövqelər sərgiləyən BMT öz ədalətli üzünü göstərməli və Azərbaycan-Ermənistan arasında sülhə dəstək verməlidir. Xüsusən də Qarabağ məsələsində nümayiş etdirilən münasibət BMT-nin mövqeyinin yenidən nəzərdən keçirilməsinə ehtiyac olduğunu açıq şəkildə ortaya qoyur. 44 günlük müharibədən sonra imzalanan üçtərəfli müqavilə nəticəsində Türkiyə təşəbbüsü ələ alaraq Azərbaycan, Ermənistan və Türkiyə arasında güclü əməkdaşlığa nail olmaq və Qafqazda yeni inkişaf prosesinə başlamaq niyyətindədir. Lakin əvvəlcə Ermənistan tərəfi Qarabağı Azərbaycan Respublikasının ərazisi kimi rəsmi sənədlərdə tanımalı və sülhə qucaq açmalıdır. BMT isə öz növbəsində Türkiyəyə bu mövzuda dəstək verməli və Ermənistanı sülhə təhrik etməlidir”.

Tacir SADIQOV,

"Respublika".