Digər xəbərlər

"Armeniya" ərazisinin həqiqi sakinləri haqqında

Erməni saxtakarlığına tutarlı cavab

...Hayastan, əslində, Ermənistan deməkdir. Bilmirəm nəyə görə ingilis dilində, rus dilində Hayastana Armenia deyirlər, çünki ermənilər özlərini hay adlandırırlar, öz ölkəsini Armenia yox, Hayastan adlandırırlar. Bu tarixçilərin işidir. Mən bunun səbəbini bilirəm, amma yəqin ki, gərək Azərbaycan tarixçiləri də daha dolğun tədqiqatlar aparsınlar.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti.

Ötən əsrlərdə Azərbaycan Ermənistan tərəfindən dəfələrlə hücumlara məruz qalıb. Haylar təkcə ərazilərimizə göz dikməyiblər. Tariximizdən tutmuş musiqimizə, mətbəximizə kimi bütün dəyərlərimizə sahib olmağa çalışıblar. Özlərinin yalançı dövlətçilik siyasətini daha da genişləndirmək məqsədilə Azərbaycanın sahib olduğu bütün maddi-mədəni dəyərlərinə tamah salıblar. Əvvəlcə ərazilərimizi - əsasən, İrəvan xanlığını zəbt etdilər. Daha sonra Qarabağ torpaqlarında məskən saldılar. Beləcə, tam yerlərini rahatlayandan sonra özlərini regionun "sahibi" və "Hayastan" nümayəndələri kimi təqdim etdilər.

Qəzetimizin 13 iyun tarixli nömrəsində Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya..." seriyasından olan kitablar barədə geniş məqalə dərc etmişdik.

Kamran İmanovun "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya "Armeniya" ərazisinin həqiqi sakinləri haqqında" kitabında tarixi Azərbaycan torpaqları olan İrəvan xanlığı - Zəngəzur qəzası, Göyçə mahalı, Qarabağ torpaqları və digər ərazilərimizin haylar tərəfindən necə işğal edilməsindən söhbət açılır. Eyni zamanda, ermənilərin qondarma tarixlərini və özlərini necə qədim dövlətlərə calaq etmək istəkləri ifşa edilir.

Kitabda ümumilikdə İrəvan xanlığı və ətraf ərazilərin həqiqi sakinləri haqqında çox geniş və müfəssəl məlumat verilir. Tarixi Azərbaycan torpaqlarından zamanla mərhələli şəkildə didərgin salınan, dəfələrlə deportasiya siyasətinə məruz qalan azərbaycanlıların yaşadıqları faciələrdən bəhs edilir. Həmçinin, hayların "Armenian / Erməni" adını çox sonralar mənimsəmələri məsələsinə də toxunulur. Tarixin özündə belə, yerləri yanlış olan ermənilər bütün dövrlərin baş bəlası olub. Bu üzdəniraq millət tarix boyu bütün gəzdikləri coğrafiyalara qarşı ərazi iddiasında olublar. Yeri-yurdu məlum olmayan haylar fürsət düşən kimi özlərini qədim tarixin ən mötəbər zamanlarına da "calamağı" unutmamışlar. Lakin tarixi faktlar, sənədlər, araşdırmalar həqiqətin nədən ibarət olduğunu aydın şəkildə göstərir. Bu mənada, Kamran İmanovun haqqında söz açdığımız kitabı haylara və onların saxta tarixlərinə ən tutarlı cavabdır.

Mövzunun aktuallığını, erməni saxtakarlığını ifşa edən tarixi faktların əhatəliliyini və oxucu marağını nəzərə alaraq kitabdan həmin məqaləni təqdim edirik.

"Respublika". 

(əvvəli 11, 12, 13 və 14 iyul tarixli saylarımızda)

Fəxrəddin Kırzıoğlu erməni mənbəsi olan Qrant Andreasyana istinadən, yuxarıda qeyd etdiyimiz əsərində tamamilə düzgün vurğulayır ki, haylar "Armenian / Ermeni" adını çox sonralar və təsadüfi olmadan mənimsəmişlər, belə ki, Axlantlı Qriqor kimi erməni-qriqorian rahiblər Teymurdan bəhs edərkən (1393-cü ilin hadisələri) Şərqi Anadolunu "Yuxarı ölkə", yaxud Kemahlı Qriqor (Erzincanın qərbi) Cəlairləri xatırladaraq, bu torpaqları "Yuxarı əyalətlər" adlandırır. Bu torpaqların sakinləri haqqında danışan F.Kırzıoğlu qeyd edir ki, Yuxarı Ellərdə (Urartu / Armenya) və ondan cənubda şumerlər ilə qohum olan Subarlar məskunlaşmışdılar. E.ə III minilliyə aid Şumer-Akkad mətnlərindən irəli gələn məlumata əsasən, Subarlar sami və ya ari dillərinə aid olmayan aqlütinativ xarakter daşıyan dildə danışırdılar. Subaru adı "Sub-Aru" deməkdir (burada "Su" Dəcla və Fərat çaylarını + "Aru" isə "ara", ("ikisinin arası") mənasını verir) və bu semantika "Mesopotamiya", yəni "Çaylararası" termininə uyğundur.

F.Kırzıoğluya görə, onların şimal qonşusu, hətta ehtimal var ki, şimal qolunu qədim hürrilər təşkil edirdi və onların paytaxtı e.ə. 2350-ci ilə qədər indiki Urfanın yerində olan şəhər idi. Hürriləri Kharri kimi tanımışdılar, qədim misirlilər onları Kharru, yəhudilər İncildə olduğu kimi Hor (Horit, sonluqdakı "t" cəm halı bildirir) adlandırırdılar. E.ə. XVIII-XVI əsrlərdə hürrilər Hələbdə və Şimali Suriyada hökmranlıq edirdilər.

Xett dövlətinin paytaxtı Hattuşda (Boğazgöy), Kərkükün Mari və Tel-Amarna rayonlarındakı qazıntılar hürrilərin dilinin aqlütinativ olduğunu göstərdi və alman filoloqu E.Forrer buna əsaslanaraq, onların dilinin turan mənşəli, daha dəqiq desək, türkaid tipli dillər qrupuna aid olduğu barədə fikir irəli sürdü. Onların həyat tərzi və atçılıqla məşğul olmaları da hürrilərin turan mənşəli olduğuna dair əlavə əsaslar verdi. F.Kırzıoğlunun fikrincə, Urartulular (Yuxarı Ellilər) əsasən Hürrilərin törəmələridirlər və ural-altay dil qrupuna oxşar olan öz aqlütinativ dillərindən istifadə edirdilər .

Sonrakı mərhələdə bu torpaqlarda kimmerlər yaşamışlar, F.Kırzıoğlunun yazdığı kimi, bir çox tədqiqatçılar onları prototürk kimi qəbul edirdi, hansılar ki, Volqa və Karpat arasındakı geniş ərazidə, Qafqazın cənubunda və Don çayı ətrafında, Qara dəniz sahillərində yaşayırdılar və e.ə. 2002-800-cü illər ərzində atçılıq və kurqan mədəniyyətinin daşıyıcıları idilər. Onları kimmerlərin etnik qohumu olan və oxşar həyat tərzi keçirən Saklar (skiflər) əvəz etdilər. Bunun nəticəsində Saklara tabe olmaq istəməyən qərbi kimmerlərin böyük bir hissəsi öz yaşayış yerlərini tərk edərək Balkanlara və Mərkəzi Avropaya getdilər, şərqi kimmerlərin bir qismi isə Kür-Araz və Çorux çayı sahillərindən Anadoluya yayıldılar.

Homer e.ə. 750-ci ildə bu tayfaları Qara Dənizin şimal sahillərindəki Kimmerioi (kimmerlilər), ölkəni isə "Qaranlıqlar ölkəsi" adlandırırdı, bir çox yunan mənbələri də bu adı istifadə edirdilər.

Saklar tərəfindən təqib olunan kimmerlərin şərq qa-nadı, Qafqaz dağlarını aşaraq, Kürün üst tərəfindən Urartu ərazisinə daxil olmuşdu. Onlara qarşı çıxan Urartu hökmdarı I Rusa (Rusa=Ursa e.ə. 735-713-cü illər) məğlub olmuş və xəncərlə intihar etmişdi.

Kimmerləri assur dilində "Gimirri" adlandırırdılar, Əhdi-Ətiqdə kimmerlər Yafətin böyük oğlu "Qomer" kimi xatırlanır.

Ümumtürk tarixi üzrə görkəmli alimlərdən olan professor A.Zəki Validi Toğan türk və İran dastanlarını, həmçinin bizanslı Prokopiusun (e.ə. 550-ci il yekunlaşıb) salnamələrini təhlil edərək göstərdi ki, Kimmerlər Xəzər və Bulqarların əcdadlarıdır (yəni Şərqi Avropa qıpçaqlarıdır). Bununla bərabər o, türk dastanlarında "Kımarı / Kumar" adlanan qərb qıpçaqlarını ayırd etmişdi, Ptolomeyin "Coğrafiya"sına (b.e. 150-ci il) əsasən, göstərmişdir ki, Fərqanənin cənubunda da "Kumar"lar var idi.

F.Kırzıoğlu qeyd etdiyi kimi, e.ə. 680-ci ildə Sakların sonuncu şərqi kimmerləri qovmasına baxmayaraq, kimmerlər e.ə. 676-675-ci illərdə Frigiya çarlığını süquta uğradaraq, öz güclərini nümayiş etdirdilər. Kimmerlər yerləşdikləri ərazilərdə xeyli toponimik izlər buraxmışlar. F.Kırzıoğlu bu torpaqlarda Sakların mirasının rolunu və əhəmiyyətini qiymətləndirərək yazırdı: "Xəzər və Bulqarların (Gürcüstan - Kartli tarixində qıpçaqlar kimi qeyd olunurlar) əcdadları olan kimmerlər, həmçinin türkmən / oğuzların əcdadı saklar "türk" termininin tətbiq edilməsinə səbəb olmuşlar". Eramızdan əvvəlki mənbələrdə və əsərlərdə bu torpaqlarda Səlcuqların işğalına qədər tayfaların adları (etnik və coğrafi) qeyd edilmişdir və biz bu adlara rast gəlirik. Bununla bağlı Anadolunun (Azərbaycan və Qafqaz) yerləşdiyi Aralıq - Qara və Xəzər dənizləri arasında olan ərazidən bəhs edilən İncildə Hay / Hayk və Hayastan adları qeyd olunmur, qədim Urartu ölkəsi isə "Ararat bölgəsi" kimi təqdim olunmuşdur. Eyni zamanda Togarma (İncilin erməni dilinə tərcüməsində və mənbələrdə), "Torkom / Torkomyan", Kartli tarixində - Targamos - Türk, şimala doğru Kürün yuxarılarında Meşek (Masaket / Massaget), Kartli tarixində "Moskhi" (Stalinin dövründə Axıska-Axalkalakidən köçürülmüş və buna görə mesxeti-türklər adlanan müsəlman-türklər), Sakariyada və Qızılirmaq sahilləri ilə "Gomer" (Kimmerlər) və onlardan Şimal-Qərbdən Mərmərə dənizinədək "Askenaz" ölkəsi (Saka) qeyd edilmişdir. F.Kırzıoğlu qeyd edir ki, bu torpaqlarda Əhəməni hakimiyyəti dövründə I Daranın Behistun yazı-sında qədim Urartu ölkəsi mənasında "Armina" termini peyda olur, burada tayfa, etnos və hay-erməni haqqında heç bir məlumat yoxdur, söhbət yalnız coğrafi termindən gedir.

Herodot (III, 93-94) Dara dövrünün 20 satraplığı haqqında yazarkən, Armina terminini coğrafi mənada istifadə edir. Ərmənlərin geyim və xarici görünüşü təsvir olunarkən onların midiyalılara oxşar olduqları və beləliklə Frigiya koloniyasının hay-erməniləri tipinə uyğun olmadığı vurğulanır. Miletli Hekatey (e.ə. 549-486) "Armenioi" (Ərmənlər, Ərməniyyəlilər) adı altında Herodot kimi Urartunun ərmən əhalisini nəzərdə tutur. F.Kırzıoğlu Herodot (VII, 73, 78, 79) və onun Daranın varisi I Kserksin (e.ə. 486-465) dövrünün təsvirinə əsaslanaraq haqlı olaraq qeyd edir ki, əgər hay-ermənilər Frigiyalıların koloniyası olaraq o zaman Fəratdan şərqə köç etmişdilərsə, hansı səbəbdən onlar fars qoşunlarında ərmənlər (qədim Urartu) və onların Qara dənizə qədər şimal qonşuları ilə deyil, Frigiyalılar ilə birlikdə ümumi komandanlıq altında peyda olurlar? Bu arada onu da qeyd etmək vacibdir ki, Herodot (III, 93-94) o dövrün satraplıq sayı və həmin satraplıqların Əhəmənilərə ödədiyi məbləğlər haqqında məlumat vermişdir.

Strabon (XI, XIX, XVI) qeyd edirdi ki, ərmənlərin / armenlərin bütün dini inancları perslər və midiyalılarınkı kimidir (farslar hakimiyyəti onlardan ələ keçirmişdirlər). Lakin Akilisena (Ərzincan, Şərqi Anadolunun qərbi) ərmənləri / armenləri lidiyalılar kimi Anahitə ibadət edirdilər, bu barədə Herodot da (I, 93) oradakı müqəddəs məbədlərdə fahişəliyə sitayiş olunurdu deyə qeyd edirdi. F.Kırzıoğlunun yazdığına görə, bu, hay-ermənilərin yaşadığı ərazi idi. Bizim tərəfimizdən "Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya digər xalqların siyasi tarixini, tarixi coğrafiyasını və mədəniyyətini özününküləşdirməklə hay-erməni qədimliyinin qurulma cəhdləri" əsərinin "Armeniya / Arminiya tarixi cəhətdən nə deməkdir və burada əhali hansı dildə danışmışdır?" bölməsində qeyd edildiyi kimi, Ksenofonun "Anabasis" əsərində göstərilir ki, e.ə. V əsrdə həm pers satrapı olan Orontidin Armeniyasının, həm də digər pers satrapı Tiribazın Qərbi Armeniyasının əhalisi pers dilində danışan müxtəlif xalqlardan və qəbilələrdən ibarət idi. Kesariyalı Prokopiusa görə ("Tikililər haqqında" III kitab), onların qonşuları min il sonra b.e. V əsrində olduğu kimi, Saklarla gəlmiş qohum tayfalar - karduklar, taoklar, xaliblər, hesperitlər, skitinlər idi. Burada əvvəllər olduğu kimi, bir çox etnoslar yaşayırdı və titul millət kimi hay-ermənilər haqqında heç bir məlumat yoxdur.

Deyilənlər "Armeniya" termininin hər şeydən əvvəl ərazi-coğrafi anlayış kimi istifadə olunduğunu açıq şəkildə sübut edir.