MÜSTƏQİL AZƏRBAYCANIN DİRÇƏLİŞ GÜNÜNÜN BAŞLANĞICI
Digər xəbərlər

MÜSTƏQİL AZƏRBAYCANIN DİRÇƏLİŞ GÜNÜNÜN BAŞLANĞICI

(əvvəli 14 iyul tarixli sayımızda)

Müasir Azərbaycan ordusunun yaradılması da Heydər Əliyevin adı ilə bağlıdır. Hələ 70-80-ci illərdə bu işin əsası Rusiya Federasiyasındakı Suvorov məktəbinin analoqu kimi C.Naxçıvanski adına məktəbin yaradılması ilə qoyulmuşdur, halbuki SSRİ-nin heç bir respublikasında belə məktəb yox idi. Bu məktəbin açılmasına nail olmaq üçün Heydər Əliyev neçə dəfə Sov. İKP MK üzvləri və SSRİ müdafiə naziri ilə görüşməli olmuşdu. 1986-cı ildə Bakıda olmuş Sov. İKP MK katibi və Siyasi Büronun üzvü E.K.Liqaçov C.Naxçıvanski adına məktəbdə olduqdan sonra sözarası demişdi ki, bu məktəbin yaradıcıları öz xalqının gələcəyini düşünən insanlardır.

E.K.Liqaçovla bağlı bir faktı da xatırlatmaq yerinə düşər. Məlum olduğu kimi, 1985-1986-cı illər üçün M.Qorbaçovun birbaşa göstərişi ilə T.Qdlyan "Özbək işi" adlanan avantüranı başa vurmuş, nəticədə bütün çoxmilyonlu xalq korrupsiya və "pripiskada" günahlandırılmışdı. Çoxəsrlik tarixə və böyük mədəniyyətə malik xalqa Qorbaçov - Qdlyan tərəfindən vurulan bu damğa şovinizmin tüğyan etməsi demək idi, lakin iş bununla bitmirdi. "Özbək işi" "Azərbaycan işinin" proloqu olmalı idi. Qarşıda Azərbaycanın ləkələnməsi dururdu, bunun üçün isə ilk növbədə, Heydər Əliyev hədəf seçilmişdi, çünki o, bütün keyfiyyətlərinə, ləyaqətinə, natiqlik məharətinə, xalqın hörmətini qazanmasına görə M.Qorbaçovdan üstün idi. Nəhayət, sözünün kəsərinə və məntiqinə görə, Qorbaçovdan dəfələrlə üstün olan Heydər Əliyev Sov. İKP MK Baş Katibi vəzifəsinə daha layiqli namizəd olduğu üçün M.Qorbaçovu olduqca narahat edirdi. Təsadüfi deyildir ki, "Azərbaycan işinin" uydurulması üçün böyük bir "desant qrupu" yaradılmışdı. SSRİ-nin bütün tarixi boyu Sov. İKP MK Siyasi Bürosu ayrıca ali məktəb haqqında xüsusi qərar qəbul etməmişdi. Halbuki, birdən-birə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu "yuxarılarda" müzakirə obyektinə çevrildi və Siyasi Büroda bu məsələyə dair xüsusi qərar qəbul edildi. Tərkibinə Sov. İKP MK-nın məsul şəxslərinin, SSRİ Baş Prokurorluğu, DİN və DTK-nın nümayəndələrinin daxil olduğu "desant briqada" kriminal cinayət xarakterli heç bir informasiyaya malik olmasa da AXTİ ilə bağlı məsələ Siyasi Büronun gündəliyinə çıxarıldı. Təşəbbüskarlar nəyin bahasına olursa-olsun Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlə bağlı neqativ halların üstünü açmağa çalışsalar da, heç nə əldə edə bilmədilər. Halbuki, məhz həmin dövrdə SSRİ Xalq Təhsil Komitəsi Kollegiyasının 1987-ci ilin sentyabrında keçirilmiş geniş iclasında məlum oldu ki, ölkədə rüşvətə görə ali təhsil müəssisələrinin 20 rektoru məhkum edilmiş, 200-dən yuxarı ali məktəbdə isə rüşvətxorluq aşkar olunmuşdu. Sov. İKP MK Katibi və Siyasi Büronun üzvü A.N.Yakovlevin iştirak etdiyi həmin kollegiyada məlum oldu ki, rüşvətxorluğun kök saldığı başlıca ali məktəblər Moskvada yerləşmişdir. Lakin buna baxmayaraq, Sov. İKP MK Siyasi Bürosunun diqqət mərkəzində dayanan ali məktəblər içərisində Azərbaycana xüsusi maraq özünü nümayiş etdirməyə başladı. Təsadüfi deyildir ki, öz məqsədinə nail olmaq üçün M.Qorbaçov Sov. İKP-də ikinci şəxs olan Siyasi Büronun üzvü E.K.Liqaçovu 1986-cı ildə Azərbaycan kommunistlərinin Bakı şəhərində keçirilən hesabat-seçki konfransına göndərdi. Müqayisə üçün deyək ' ki, Azərbaycan Kommunist Partiyasının bütün tarixi boyu, hətta onun qurultaylarında bu qədər yüksək mənsəb tutan şəxs iştirak etməmişdi. Yuxarıda qeyd etmişdim ki, 1969-cu il iyulun 14-də Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərkən plenumda Sov. İKP MK-nın katibi olan V.Kapitonov iştirak etmişdi. Görəsən, Bakıya ayrılan belə "şərəfli diqqətin" arxasında nə dayanırdı?! Çox gözləmək lazım gəlmədi, belə ki E.Liqaçovun gəlişindən dərhal sonra səfərin məqsədini o özü aydınlaşdırdı; təyyarədən düşərkən onu qarşılayan qonaqpərvər azərbaycanlılara dedi: "mənə alqışlar və güllər lazım deyil, mən onlara görə buraya gəlməmişəm. Bizim sizə deməyə sözümüz çoxdur, siz elə şeylər eşidəcəksiniz ki, bunları yuxuda da görməmisiniz".

E.Liqaçov Azərbaycanda bir həftə qaldı. Səfər boyu onu müşayiət edənlərdən biri kimi Heydər Əliyevlə bağlı həqiqətləri onun diqqətinə çatdırdım. Ənənəvi olaraq qonaqlara yaratdığımız tikintiləri, obyektləri, abidələri və s. göstərdik. Heydər Əliyevin hakimiyyəti dövründə 250-dən çox obyekt tikilmişdi. Halbuki, ondan sonrakı onillik ərzində bir obyekt də işə salınmamışdı. E.Liqaçov öz gözləri ilə Məişət Kondisionerləri və Azərelektroterm zavodlarını, Qaradağ Dəniz Özülləri Zavodunu, "İskra", "Azon", "Bakno" və s. obyektləri gördü, Bakıda olduğu yeddi gün ərzində səhər tezdən axşam saat 10-dək respublikamızda Heydər Əliyev dövründə həyata keçirilmiş quruculuq işləri ilə tanış oldu. Geriyə qayıdarkən Nəsimi bazarına baş çəkən E.Liqaçov sadə əmək adamları ilə görüşərək onların qayğıları, problemləri və yaşayış tərzləri ilə maraqlandı. E.Liqaçovun diqqətinə görə, ona minnətdarlığını bildirən sadə əmək adamları öz qayğılarından söhbət açsalar da, problemin hər yerdə eyni olduğunu bildirdilər. Görüşün iştirakçısı olan bir qadın, əmək veteranı ona müraciət edərək, "bizim Sizə deməyə sözümüz çoxdur'' fikrini söyləmişdiniz, bəs indi necə fikrinizi dəyişməmisiniz ki?" - deyə soruşdu. Sual birbaşa qoyulduğu üçün E.Liqaçovun cavabı da birbaşa oldu: "səmimi deyim ki, mən buraya başqa niyyətlə gəlmişdim, mənim sizin respublikanız haqqında təsəvvürüm başqa idi, lakin mən burada fikirləşdiklərimin əksini gördüm. Aradan keçən illər ərzində siz boş dayanmamış, böyük quruculuq işləri görmüsünüz, siz əməksevər xalqsınız və sizinlə işləmək mümkündür", - demişdi.

Bununla da başlanmaqda olan "Azərbaycan işi"nə xitam verildi. Ertəsi gün E.Liqaçov konfransda nəzərdə tutulmuş bir neçə saatlıq məruzə əvəzinə on beş dəqiqəlik çıxışla kifayətləndi. Təsadüfi deyildi ki, E.Liqaçovun hesabatı M.Qorbaçovu tamamilə özündən çıxarmışdı. Həqiqət öz üstünlüyünü göstərsə də, M.Qorbaçovun ambissiyaları həqiqəti üstələdi. Məhz bunun nəticəsində 1987-ci ilin payızında o, bəyan etdi ki, "Heydər Əliyev səhhətinə görə təqaüdə göndərilir". Lakin M.Qorbaçovun hesablamaları həmişə olduğu kimi, yenə də özünü doğrultmadı. Mixail Qorbaçov isə yaddaşlarda Vilnüsdə, Kişineuda, Tbilisidə, Daşkənddə, Almatıda qanlı hadisələrin təşkilatçısı kimi qalmışdır. Bu, "qanlı demokrat" 1990-cı ilin yanvarında Bakıda tökdürdüyü qanlara görə "qatil" və "qanlı cəllad" kimi zaman-zaman lənətlənəcəkdir. Lakin XX əsrin nəhənglərindən olan Heydər Əliyev dünyamiqyaslı lider kimi XXI əsrə daxil oldu. Bu mənada, onların birlikdə iştirak etdiyi sonuncu Sov. İKP MK plenumunda Heydər Əliyevin dediyi sözləri xatırlatmaq yerinə düşər: "Siz Əliyevə nöqtə qoymağa tələsməyin! Siz hələ mənim haqqımda eşidəcəksiniz". Heydər Əliyevin bu sözlərini zaman gerçəkliyə çevirdi. Onun mənəvi böyüklüyü və uzaqgörənliyi özünü bütün sahələrdə göstərirdi. Bu xüsusiyyətlər dərin vətənpərvərlik duyğuları ilə yoğrulmuşdu.

İndi biz azad və demokratik Azərbaycanda yaşayırıq. Hazırda daxili və xarici problemlərimizi özümüz həll edirik, halbuki, sovet rejimi dövründə, hətta pioner drujinasına ad qoymaq üçün Moskvanın razılığını almaq lazım idi. Heydər Əliyev isə bu baryeri çətinlik çəkmədən, özünəməxsus ustalıqla aşırdı. Yadımdadır, Heydər Əliyev 1985-ci ildə respublikaya gəldiyi zaman Bakı metrosunun "Memar Əcəmi" stansiyasında qızğın iş gedirdi. Burada, həmçinin metronun gələcək stansiyalarının maketi və adları nümayiş etdirilirdi. Biz adlara görə Moskvaya öz etirazımızı da bildirmişdik. Azərbaycan KP MK-nın ideoloji şöbəsi stansiyaların 15 müttəfiq respublikaların ədəbiyyat və incəsənət xadimlərinin adları ilə adlandırmağı təklif edirdi. Lakin mən buna etiraz edərək bildirdim ki, metro stansiyası incəsənət qalereyası deyil, nəqliyyat vasitəsidir.

İllər keçdi, Heydər Əliyev bütün dövlət vəzifələrindən uzaqlaşdırıldı. Qəzetlər böhtan və çirkab dolu yazılarla onu ləkələməyə çalışdılar, ona özünü müdafiə etməyə, hətta Bakıda yaşamağa belə imkan verilmədi. Yaranmış şəraitdə doğma Naxçıvana qayıdan Heydər Əliyev bir an belə mübarizəsini dayandırmadı. Heydər Əliyev ilk siyasi xadimlərdən biri kimi, 1990-cı il 20 Yanvar qırğınına qarşı çıxmış və etiraz əlaməti olaraq partiya sıralarını tərk etmişdi. M.Qorbaçovu, D.Yazovu, A.Yakovlevi və onların erməni əlaltılarını Bakıda törədilmiş qırğınlara görə günahlandıran Heydər Əliyev hadisələrin nəticələrini müdrikliklə açıb göstərmişdi.

Qanlı Yanvar hadisəsi bütün Azərbaycanı sarsıtmışdı. Yaranmış şəraitdə xalq başını itirmisdi, çıxış yolu görünmürdü. Respublikanın müvəqqəti liderləri isə satqın Vəzirovun "qaçışından" sonra boş qalmış kürsünü tutmaq üçün Moskvanın köməyi ilə hakimiyyət uğrunda mübarizəyə başlamışdılar. Bunlardan bəziləri Yanvar faciəsinin ertəsi günü artıq Moskvada idilər. Oradan geri qayıdanlardan heç biri xalqa baş verənlərin mahiyyətini açıqlamağa cəsarət etmədi, əksinə, bu yeni "liderlər" həlak olmuşları və yaralananları yaddan çıxarmağa üstünlük verdilər. Dəfələrlə dediyimə baxmayaraq, bir daha xatırlatmaq istəyirəm ki, respublikanın o zamankı rəhbərliyinin hamısı - Azərbaycan KP MK-nın Büro üzvləri və namizədləri Yanvar faciəsinə görə məsuliyyət daşıyırlar, onlar bu faciənin iştirakçıları və müqəssirləridir. Baş verənlərdə kimin çox, kimin az müqəssir olduğunu isə tarix müəyyənləşdirəcək... Məsələ burasındadır ki, onlardan heç birinin əsl həqiqəti deməyə cəsarəti çatmadı, onlardan heç biri baş verənlərə etiraz əlaməti olaraq tutduğu postu tərk etmədi. Onların faciəsi məhz bunda idi. Bu rüsvayçılığı isə heç nə ilə və heç bir zaman yumaq mümkün deyil. Öz xalqına xəyanət etmiş bu adamlar lazım gələrsə, növbəti xəyanəti edəcəklər, buna heç kəsin şübhəsi olmasın. Tarix bunu həmin xəyanətkarlara bağışlamayacaq.

Yanvar hadisələrinə Heydər Əliyevin verdiyi dəqiq, qəti və aydın qiyməti isə xarici radiostansiyalar öz dalğalarında Azərbaycana çatdırdılar. Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Heydər Əliyev SSRİ prezidentinin sarayından iki yüz metrlikdə, DTK-dan isə üç yüz metrlikdə olmasına, həyatının riskə qoyulmasına baxmayaraq, Azərbaycanda tökülən qanların təşkilatçılarını və baislərini lənətlədi. Azərbaycan xalqının cəlladları olan M.Qorbaçov, D.Yazov, Kruçkov, Bakatin ilk dəfə rəsmi şəkildə Heydər Əliyev tərəfindən qınandılar.

90-cı illərdən etibarən keçmiş SSRİ respublikalarında başlayan xalq hərəkatları Şərqi Avropa ölkələrində olduğu kimi, SSRİ-ni də məhv olmağa sürükləyirdi. İttifaqın dağılmasına imkan verməmək üçün Azərbaycanda qanlı qırğınlar törədən mərkəz bununla digər respublikaları qorxutmaq, baş verməkdə olan analoji proseslərin qarşısını almaq fikrində idi, lakin yanıldı. Azərbaycan xalqı "rəhbərlərinin" xəyanətinə baxmayaraq, öz qəhrəmanlığı və rəşadəti ilə Mərkəzin xəyanətkar planlarını pozdu. Mərkəz Bakı faciəsindən 48 saat sonra öz başkəsənlərini Azərbaycandan uzaqlaşdırmaq məcburiyyətində qaldı. Yalnız Heydər Əliyevin düzgün və qəti mövqeyi Azərbaycan xalqını mənən sarsılmağa qoymadı, 20 Yanvar şəhidləri xalqımızın qəhrəmanlıq və mərdlik simvoluna çevrildi.

Azərbaycanda 1990-cı il yanvarın 20-də törədilmiş faciələrə siyasi qiymət verilməsi məsələsini ilk dəfə Heydər Əliyev qaldırmışdı. Bu, bizə mənəvi qanad vermişdi. Mən Azərbaycan KP MK-nın, Sov. İKP MK Siyasi Bürosunun üzvü E.Primakovun iştirakı ilə 1990-cı il yanvar plenumunda çıxış edərək hadisələrə siyasi qiymət verilməsi və faciənin törədilməsində günahkar olanların cəzalandırılması məsələsini irəli sürərkən fikirləşirdim ki, tək deyiləm. O zamankı respublika rəhbərləri yalnız bir neçə saat davam edən müzakirələrdən sonra bu təklifi qəbul etməyə və Bakıda baş vermiş hadisələrə siyasi qiymət üçün Komissiya yaratmağa razılıq vermək məcburiy-yətində qaldılar. Komissiya növbəti plenum üçün hadisəyə siyasi qiymət verilməsinə dair qərar layihəsi hazırlamalı idi. Lakin mən Komissiya rəhbərliyindən uzaqlaşdırıldıqdan sonra toplanmış bütün materiallar arxivə göndərildi. Yalnız 1994-cü ildə Heydər Əliyev respublikaya siyasi rəhbərliyə qayıtdıqdan sonra Milli Məclis onun təşəbbüsü ilə 1990-cı ilin Yanvar hadisələrinə siyasi qiymət verdi. Halbuki, bunu faciənin iştirakçısı olan kommunist rəhbərləri və onlardan sonra hakimiyyətə gələn Xalq Cəbhəsi demokratları etməmişdilər. Xalqın müsibətlərindən, baş vermiş haqsızlıqlardan, sosial bəlalardan hamıdan çox danışan demokrat cəbhəçilər hakimiyyətdə olduqları dövrdə tutarlı heç nəyə nail olmadılar və xalqın tələbi ilə hakimiyyət sükanını Heydər Əliyevə vermək məcburiyyətində qaldılar, çünki bu, xalqın seçimi idi.

Nəhayət, Heydər Əliyev 1993-cü ilin iyununda, Azərbaycan dövlətçiliyinin taleyinin tükdən asılı olduğu bir vaxtda yenidən respublika rəhbərliyinə qayıtdı. Heydər Əliyevin qayıdışı xalqın və vətənin nicatı demək idi.

Bəzi ayrı-ayrı şəxslərin və partiyaların bəyanatlarında Heydər Əliyevin hakimiyyətə təkrar qayıdışını öz adları ilə bağlamaq cəhdlərinə təsadüf olunur. Səmimiyyətlə deyirəm ki, Heydər Əliyevi heç kəs, heç bir partiya, heç bir siyasi təşkilat yenidən hakimiyyətə gətirməmişdir. Heydər Əliyevi yenidən hakimiyyətə gətirən yalnız və yalnız xalq olmuşdur. Xalq ona inanmış və öz taleyini ona etibar etmişdir. Xalqa arxalanan, xalqdan güc alan lider isə yenilməzdir. Məhz buna görə də Heydər Əliyev olduqca qısa müddətdə Azərbaycanı vətəndaş müharibəsinin cəngindən qoparmış, ölkədə siyasi və iqtisadi sabitlik yaratmış, Azərbaycanı bütün dünyaya tanıtmaq üçün genişmiqyaslı fəaliyyət göstərmişdir. Bu mənada, Azərbaycan xalqının xoşbəxtliyi uğrunda mübarizə Heydər Əliyevin amalına, həyatının mənasına çevrilmişdir.

Nəsillərin yaddaşına həkk olunmuş Heydər Əliyev fenomeni zaman-zaman yaşayacaq, ənənəyə çevrilib nəsillərdən-nəsillərə ötürüləcəkdir.

Ağalar ABBASBƏYLİ,

Bakı Dövlət Universiteti, Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor.